Yaxud, xalqı aşağılamaq siyasəti
Aylardı dünya koronavirus bəlasıyla mübarizə aparır. Milyondan artıq insan bu virusa yoluxub, on minlərlə insan dünyasınıdəyişib və fəlakət davam edir. Azərbaycanda da koronavirusa yoluxanların sayı 700-ü ötüb, hər gün yoluxanların sayı artır. Təbii ki, bu fəlakət hər yerdə oldiğu kimi Azərbaycanda həyatı durdurub, sərt karantin tətbiq olunub, iş yerləri bağlanıb, milyonlarla insan gündəlik gəlirdən məhrum olub və s. Məhz bu faktorlara görə koronavirus təkcə xəstəlik kimi yadda qalmır, təkcə xəstəliyi göz önünə gətirmir . Bu dövr həm də dövləti idarə edənlərin mənəvi keyfiyyətlərini, xalqa münasibətlərini, hakimiyyətlərin hansı addımları atdıqlarını, nəyə qadir olduqlarını göstərir. Demək olar ki, dünyanın hər yerində hökumətlər xalqlarına sahib çıxdılar.
Məsələn, 6 trilyon dollar xarici borcu olan ABŞ, xalqı bu böhrandan sığortalamaq üçün 2.2 trilyon dollar vəsait ayırdı. Almaniya 2.5 trilyon xarici borcu, cəmi 233 milyard dollar rezervi olduğu halda vətəndaşa yardım məqsədiylə 1.1 trilyon dollar ayırdı. Yəni, mövcud rezervindən 5 dəfə çox vəsaiti xalqın rifahı üçün xərclədi. 481 milyard dollar xarici borcu, 451 milyard rezervi olan Rusiya, vətəndaşa 18 milyard dollar paket ayırdı. 453 milyard dollar xarici borcu, cəmi 141 milyard dollar rezervi olan Türkiyə böhranla mübarizə üçün rezervinin 10 faizindən artığın xərclədi. 14 milyard xarici borcu olan, cəmi 3.2 milyard dollar rezervi olan Gürcüstan 700 milyon dollar xalqa pul ayırıb. Yəni, rezervinin 22 faizin xalqı bataqlıqdan çıxarmaq üçün xərcləyib.
Bu siyahını uzatmaq da olar. Amma bu faktlar da Əliyev hakimiyyətinin mahiyyətinə işıq salmaq üçün kifayət edir. Bəli, Əliyev hakimiyyəti 50 milyard dollar rezervimiz olduğu halda, cəmi 600 milyon dollar (1 milyard manat) yardım ayırıb. Yəni, vətəndaşı bu aclıqdan, səfalətdən, fəlakətdən xilas etmək üçün rezervin 1 faizini də xərcləmək istəmədilər. Yardım məqsədiylə ayrılan 600 milyon dolların isə yalnız 100 milyon dolları birbaşa sadə vətəndaşa çatacaq. Qalan məbləğ isə iri şirkətlərin, dövlət orqanlarının, sahibkarların payına düşəcək. Dolayısıyla bu məbləğ öz ciblərinə axacaq. Vətəndaşa çatan hissə isə cəmi 190 manatdı.
Uzun müzakirələrdən sonra qərar verdilər ki, cəmi 200 min insana 2 aylıq 190 manatlıq yardım etmək lazımdı. Ümumi mənzərəyə baxanda, baş verənləri təhlil edəndə bir həqiqət üzə çıxır. Bu 190 manat yardım deyil, Azərbaycan xalqı təhqir etməkdi. Bəli, Əliyev hakimiyyəti xalqın az bir hissəsini 190 manat təklif etməklə, böyük əksəriyyətə isə sahib çıxmamaqla aşağıladı.Kanadanın baş naziri göz yaşlarını saxlaya bilmədi və xalqa ” heç nədən narahat olmayın, 82 milyard dollar ayırmışıq və virusla mübarizədə bundan artığını hələ ki, edə bilmirik” söyləyərək, üzrxahlıq etdi. İlham Əliyev isə xalqın göz yaşlarına məhəl qoymadan 190 manatlıq təhqir yardımı etdi. Üstəlik, koronavirus fonduna 100 milyondan artıq vəsait toplandı və bu vəsaitin taleyi də qaranlıq qaldı. Bu da azmış kimi Əliyev maska istehsalın da ailə şirkətinə tapşırdı və bi məqsədlə sahibkarlığa dəstək fondundan küllü miqdarda yardım aldı. Yəni, xalqın ən ağır günündə də hakim ailə öz cibinin qeydinə qaldı.
Əliyevin acgözlüyü, xalqa düşmən münasibəti o həddədir ki, vətəndaşı yardımsız qoymaqla da rahatlanmadı və minlərlə insan cərimə olundu. Daha dəqiq desək, Əliyev bu acınacaqlı vəziyyətdən yararlanaraq, xalqın cibinə girdi. Sanki, vətəndaşı ölümlə baş-başa qoyaraq, təcrübə aparırlar. Karantin günlərində çölə çıxan adamlar 5-10 manata möhtac olan adamlardı. Hakimiyyət isə səfil çoxluğu küçə oğrusu kimi qarət etməyə davam edir. İndi hamı bir suala cavab axtarmalıdır. Dövlətin bu qədər pulu olduğu halda, vətəndaşa niyə arxa çevirdilər? Niyə anaların-ataların ah-naləsinə səs verilmədi? Niyə vətəndaş hansısa müğənninin, aparıcının, Bayram Nurluların ianəsinə möhtac edildi? Cavab çox sadədir. Əliyev xalqdan mandat almayıb, xalqın nifrətindən xəbərdardır. Eyni zamanda xalqı qorxaq, kölə, sadəlövh hesab edir. Yəni, bu komandanın xalqla heç bir ortaq dəyəri yoxdur, xalqı dövlətin sərvəti hesab etmirlər, vətəndaşı qul sayırlar. Və buna görə də hər fürsətdə xalqdan qisas alırlar, daha da aşağılayırlar ki, xalqın qüruru ölsün. Ona görə də Azərbaycan xalqı bu 190 manatlıq təhqiri, bu məqsədli aşağılanmağı unutmamalıdır. Yüz milyardları mənimsəyən adamlar, vətəndaşa 100 manat qıymadılar.
Yalnız az bir hissəyə 190 manat təklif olunub ki bu məbləği almaq üçün də əzab-əziyyət çəkməlisən.Milyardlar ofşorlara daşınanda xalq susmasaydı, neft pulları bir ailənin cibinə axanda etiraz edilsəydi, bu gün Əliyev xalqla hesablaşardı. İndi isə utanmadan “siz 190 manata layiqsiniz” deyir və bunu hər gün vətəndaşa minnət edirlər. Amma erməni kilsəsinə pulsuz qaz, Macarıstana 10000 maska verirlər, Vatikanda, Serbiyada, Fransada, Həştərxanda xeyriyyə tədbirləri görürlər, ailə şirkətləri, bankları, marketləri də gəlirlə işləyir. Azərbaycan bir ailənin işğalı altındadır və işğalçı əsir götürdüklərinə heç vaxt hörmətlə yanaşmaz.