Səfir ABŞ-dakı seçkini Azərbaycana örnək göstərdi

Riçard Morninqstar: «Amerikadakı seçkilərə baxaraq real demokratiyanın nə olduğunu gördünüz»

“Prezident Barak Obama növbəti 4 il üçün Amerikanın prezidentidir və Amerikanın xarici siyasət kursunda dəyişikliklər gözləmirik”, – deyə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Barak Obama qalib gəldikdən sonra Azərbaycan Diplomatik Akademiyasında Amerikadakı seçkiləri izləyənlər qarşısında çıxışında bildirib.
Onun fikrincə, Barak Obama növbəti 4 ildə Azərbaycanla əlaqələri daha da gücləndirəcək: “Azərbaycan ABŞ üçün mühüm  tərəfdaşdır. Əlaqələrimiz daha da genişlənəcək”.
Demokrat Partiyasının təyin etdiyi siyasi əməkdaş kimi seçkilərin nəticələrindən razı qalan R.Morninqstar auditoriyaya müraciət edərək deyib: “Bu gün Amerikadakı seçkilərə baxaraq real demokratiyanın nə olduğunu gördünüz. Namizədlər seçki dövründə azad şəkildə seçicilərlə görüşüb, siyasi debatlar keçirib və reklamlar yayıblar. Bu da demokratiyanın canlı rəmzidir”.