Lavrov Əsədi satan baş nazirlə görüşdü

Suriyalı 7 general Türkiyəyə qaçdı

Suriya ordusundan qaçan 7 general Türkiyəyə pənah gətirib. Generallarla yanaşı, onların 20-yə yaxın ailə üzvləri də Türkiyəyə gəliblər. Ailə üzvləri arasında Idlib şəhərindəki son atışma zamanı yaralanan uşaqlar da var. Suriyalı hərbçilər silahlıların müşayiətilə Hatay vilayətində qaçqınlar üçün salınan hərbi düşərgəyə aparılıb. Elə orada yaralılara tibbi yardım göstərilib.
Onu da qeyd edək ki, generalların Türkiyəyə gedişindən sonra sərhədi daha 100 nəfər suriyalı keçib. Türkiyə mətbuatının yaydığı məlumata görə, hazırda Türkiyədə Suriya ordusunun 40-a yaxın generalı var.
Bu arada, Rusiyanın xarici işlər naziri Sergey Lavrov müxalifətin tərəfinə keçmiş Suriyanın keçmiş baş naziri Riyad Hicabla görüşüb. Görüş Iordaniyada baş tutub. Lavrovun sözlərinə görə, onun təşəbbüsüylə keçirilən görüşün məqsədi Suriya müxalifətinin ölkədə yaranmış situasiyadan çıxış yollarıyla bağlı fikirlərini öyrənmək idi.
“Rusiya hələ Əsəd rejimini dəstəkləyir. Çünki əks təqdirdə ölkə xaosa sürüklənə bilər. Amma bununla belə, biz müxalifətlə görüşümüzdə onların da yaranmış vəziyyətə baxış bucağını bilmək istəyirik”, – deyə Lavrov bildirib.