Koordinasiya Şurasının növbəti toplantısı keçirilib

Təşkilat «Azadlıq» qəzetinə qarşı hücumları pisləyib

7 noyabrda İctimai Palatanın Koordinasiya Şurasının növbəti toplantısı olub. İP KŞ-nin dönəm sədri Rauf Arifoğlunun verdiyi məlumata görə, iclas işgüzar şəraitdə keçib. Gündəlik müəyyən olunub və qərarların icrası ilə bağlı sonuncu sessiyaya sədrlik edən Pənah Hüseyn danışıb. Sessiyada irəli sürülən təkliflər müzakirə edilib, qiymətləndirilib. O cümlədən də İP üzvü Mustafa Hacıbəylinin irəli sürdüyü yazılı təklif (Azərbaycanda demokratik dəyişikliklərə nail olmaq məqsədi ilə siyasi mübarizənin gücləndirməsi haqqında İctimai Palatanın qərar layihəsi) müzakirəyə qəbul edilb. Daha sonra bir qrup İP üzvünün kollektiv imzaladağı təklif dəyərləndirilib və yekunda müzakirəyə qəbul edilib.
Öz fəaliyyətini tənqidi rakursla təftiş edən İP KŞ üzvləri qərarların icrası və sessiyanın gedişi ilə bağlı fikirlər səsləndiriblər. Eyni zamanda İP-in və onun Koordinasiya Şurasının daha effektli fəaliyyət göstərməsi üçün islahatların zəruriliyi barədə fikir mübadiləsi aparıblar.

Qərara alınıb ki, vicdan məhbusların müdafiəsi üçün yaradılan Komitənin ən qısa zamanda genişləndirilmiş iclası keçirilsin.

Daha sonra İP KŞ üzvü V. Mirkamal regional təşkilatlanma prosesinin gedişatı ilə bağlı məlumat verib. Məlum oldu ki, yerli hakimiyyət nümayəndələrinin ciddi müqavimətinə baxmayaraq, İP-in regionlarda təşkilatlanması davam edir.

İP KŞ-də MM tərəfindən mitinqdə iştirakla bağlı cərimələrin artırılması məsələsi də müzakirə olunub. Bu hadisə bir daha pislənib və qərara alınıb ki, İP bunula bağlı xüsusi bəyanatla çıxış etsin. Qərar verilib ki, İP KŞ fəallığı artırsın, gündəmdəki mövzular ətrafında Dəyirmi Masaların, dinləmələrin keçirilməsini təmin etsin. Bu qəbildən növbəti tədbirin 14 noyabr saat 12-də olması qərarlaşdırıldı. Büdcə layihəsinin müzakirəsini nəzərdə tutan dinləmə həmin tarixdə Müsavat Partiyasında keçiriləcək. 20 noyabrda isə daha bir dinləmə olacaq – müstəqil hüquqşünasların və seçki mütəxəssislərinin hazırladıqları seçki memorandumu üzrə.
İP KŞ müzakirələr nəticəsində qərar verdi ki, REAL sədri İlqar Məmmədovun və politoloq Z. Əlizadənin deputatlar tərəfindən məhkəməyə verilməsi təşəbbüsləri və bu istiqamətdə başladılan kampaniya pislənsin, bu məsələdə onlara dəstək ifadə olunsun. O da qeyd edildi ki, saxta yolla formalaşdırıldığı, yerlərin pulla satıldığı parlamentin üzvlərinin mənəvi haqqı yoxdur ki, kiminləsə şərəf və ləyaqət davası aparsın.

İctimai –siyasi vəziyyətin müzakirəsi də kifayət qədər enerjili, çoxşaxəli keçib və müvafiq qərarlar, o cümlədən İP-in fəaliyyətinin gücləndirilməsi barədə qərar qəbul edilib.

Məqsədəmüvafiq sayılıb ki, İP 2013-cü ilə daha güclü təşkilat kimi girsin. Bu məqsədlə də növbəti iclaslardan birinin yalnız bu mövzuya həsr olunması haqda rəy verilib.

Toplantıda “Azadlıq” qəzetinin bank hesabına həbs qoyulması faktı da ciddi müzakirə olunub. Hakimiyyətin müstəqil, xüsusi ilə tənqidçi mediaya qarşı həyata keçirdiyi repressiya siyasəti kəskin şəkildə tənqid olunub. Qərara alınıb ki, “Azadlıq” qəzetinə tam dəstək verilsin. O cümlədən də onun və “Yeni Müsavat” qəzetinin total şəkildə məhkəmələrə verilməsi, cərimələnməsi faktı pislənsin. İP KŞ qərar verib ki, bu qəzetlərin redaksiyalarının həyata keçirəcəkləri etiraz aksiyaları dəstəklənsin.
Sonda Koordinasiya Şurası Müsavat Partiyasını, Azərbaycanda fəaliyyətinin bərpasının 20 illiyi ilə bağlı təbrik edib.

İnformasiya şöbəsi