Riçard Morninqstar: “Amerikadakı seçkilərə baxaraq real demokratiyanın nə olduğunu gördünüz”
“Prezident Barak Obama növbəti 4 il Amerikanın prezidentidir və Amerikanın xarici siyasət kursunda dəyişikliklər gözləmirik”,- ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Barak Obama qalib gəldikdən sonra Azərbaycan Diplomatik Akademiyasında Amerikadakı seçkiləri izləyənlərin qarşısında çıxışında bildirib.
Onun fikrincə, Barak Obama növbəti 4 ildə Azərbaycanla əlaqələri daha da gücləndirəcək. “Azərbaycan ABŞ üçün mühüm tərəfdaşdır. Əlaqələrimiz daha da genişlənəcək”, – səfir qeyd edib. Demokrat Partiyasının təyin etdiyi siyasi əməkdaş kimi seçkilərin nəticələrindən razı qalan R.Morninqstar auditoriyaya müraciət edərək deyib ki, bu gün Amerikadakı seçkilərə baxaraq real demokratiyanın nə olduğunu gördünüz: “Namizədlər seçki dövründə azad şəkildə seçicilərlə görüşüb, siyasi debatlar keçirib və reklamlar yayıblar. Bu da demokratiyanın canlı rəmzidir”.


