«Səidə Qocamanlı, siz həqiqətən insan haqlarının müdafiəçisi olsaydınız…»
“Səid Dadaşbəylinin dəstəsi” adlanan 10 siyasi məhbusun Müdafiə Komitəsi növbəti dəfə bəyanat yayıb. Bəyanatda deyilir: “Hörmətli Səidə Qocamanlı sizin 04.11.2012-ci il tarixində ”Yeni Müsavat” qəzetinə verdiyiniz müsahibəni oxuduq.
Səidə xanım şəxsən Siz bir hüquq müdafiəçisi kimi bu 4-5 ildə Səid Dadaşbəyli və onunla birgə həbsdə olan insanlarla bir dəfə də olsa görüşmüsünüzmü? Onları dinləmisinizmi? Əlbəttə ki, yox! Onda nə üçün nala-mıxa vurursunuz?! Siz kimsiniz?! Bu günahsız uşaqlardan nə istəyirsiniz?!
Bir tərəfdən Səid Dadaşbəyli və onunla birgə həbs olunan insanların günahsız, savadlı, ağıllı olduqlarını etiraf edirsiniz, onlara azadlıq arzulayırsınız, digər tərəfdən isə onların siyasi məhbus siyahısından çıxarılması üçün az qala özünüzü şəhid edirsiniz. Deyirsiniz ki, siyasi məhbus meyarların birində belə deyilir: “Əgər məhkəmənin qərarları iddiaya uyğun deyilsə, o siyasi məhbus sayıla bilər. Siz öz sözünüzlə özünüzü təkzib edirsiniz. Xahiş edirik bir sualımıza cavab verəsiniz: 2007-ci il yanvarın 13-də Azərbaycanda zorla hakimiyyət ələ keçirilibmi? Konstitutsiya dəyişdirilibmi? Azərbaycanda Islam dövləti yaradılıbmı? Səidə Qocamanlı, siz həqiqətən insan haqlarının müdafiəçisi olsaydınız bu insanları həbs olunduqları gündən siyasi məhbus hesab edərdiniz və öz siyahınıza salardınız.
Siz bir ildir ki, Səid Dadaşbəyli və onunla birgə həbs edilənlərə açıq məhkəmə istəyirsiniz. Sizin istəyinizi eşidən olubmu? Siz öz müsahibənizdə düzgün qeyd etmisiniz ki, Isgəndər Həmidov, Rəhim Qazıyev Avropa Məhkəməsinin təkidi ilə açıq məhkəmə keçirildi və azad olundular. Onlar da siyasi məhbus idilər. Siyasi oyunların qurbanı olan övladlarımıza, biz də Avropa Məhkəməsinin təkidi ilə açıq məhkəmə istəyirik, azadlıq istəyirik!”


