“Koronavirus” Mehriban Əliyevanın seçkilərinə necə təsir edəcək?

Ata Abdullayev-yeni komanda üzvü

Azərbaycan ölkə tarixinin ən pis günlərini yaşayır. Koronavirus demirik. 27 illik ailə hakimiyyəti ölkəni quyunun dibinə salıb. Neft milyardları əldən gedib, xalq yoxsullaşıb, ölkə borc bataqlığında boğulur, diktatura tüğyan edir, polis rejimi insanların qanını içir. Amma bütün bunlar arsız Əliyevlər cütlüyünün vecinə deyil. Adamlar abır-həya etmədən növbədənkənar seçki havasındadır. Parlament seçkilərini 10 ay irəli çəkib, çıxardıqları oyunu gördünüz. Bu nə hoqqa, nə şou, nə oyunbazlıq idi, bir şey anladınızmı? Biz də bir şey anlamadıq. Bircə anladığımız odur ki, əhl-kef İlham Əliyev ərköyün vitse-kraliçasının istəyi ilə bu seçkini keçirib onun adamlarını məclisə soxuşdurmaq istəyirdi və o planı da alınmadı. Daha sonra koronavirus gəldi və planları pozdu. Anadolu türkləri demiş “adam bir çuval ənciri bərbad etdi”. Büdcədən seçki adına xərclənən milyonlar da harasa sovrulub getdi. Amma yox, pul önəmli deyil ki, heç xalqın nə deməsi, nə düşünməsi də önəmli deyil. Əsas odur ki, xalqı ata-babasının rəiyyəti hesab edən burnu havalı xanım belə istəyirdi. İstəyirdi, amma fələk vurdu, yan keçdi və onun siyahısındakı adamların çoxu kənarda qaldı. Şou bitib qurtardımı? Xeyr, davamı var, vitse-diktator xanım prezident olmaq arzusundan vaz keçməyib ki. Hələ qarşıda bizi daha əcaib oyunlar gözləyir. Xaricdə, Türkiyədə mübariz adamlarımızı həbs edirlər, Tofiq Yagubluya qarşı kampaniya aparırlar, lakin Əliyevlər uduzacaq. 

Mehriban Əliyevanın prezident olmasını kim istəyir, xalqmı, xarici dövlətlərmi, hakim komandamı? Heç biri. Müşahidəçilərin fikrinə görə, nəinki demokratik ölkələrdə, hətta Türkiyə kimi ölkələrdə belə onun siyasi iddiaları məsxərəyə qoyulur. Deyilənə görə, qapalı görüşlərdə bu ölkələrin hakimiyyət təmsilçiləri onum haqqında siyasətə yararsız modabaz  kimi danışıb, “gedib bahalı “Chanel” çantaları haqqında düşünsə daha yaxşı olar” fikirlərini səsləndiriblər. Amma gördüyünüz kimi, Əliyeva üçün nə ölkənin içindəkilərin  fikri, nə də kənardakıların fikri önəmli deyil. Xanım “prezident olmaq istəyirəm” deyib, iki ayağını bir başmağa dirəyib. Hətta parlament seçkiləri şousundakı uğursuzluq da onu bu iddiasından daşındıra bilməyib. Qadın o qədər hikkələnib ki, xalqın, dövlətin maraqları, dünyanın nə düşündüyü onu zərrə qədər də narahat etmir. Əliyeva nəyin bahasına olursa-olsun, Paşayevlər klanının hakimiyyətdəki yerini bərkidib, başa dırmanmaq arzusundadır. Onun illərdir hakimiyyət zirvəsinə gedən yoda nə hoqqalar çıxardığını xatırlayırsınız. Əvvəlcə “satın alınmış xeyirxahlıq” yalanı ilə xalqın sevimlisi rolunu oynamaq istədi, uğursuzluğa düçar oldu. Sonra ölkənin milyonları ilə dünyanın xeyriyyəçi missioneri statusunu almağagirişdi, o missiya da iflasa uğradı. Xalqdan və beynəlxalq aləmdən dəstək ala bilmədiyini görüb, üz tutdu Rusiyaya. İndi Kremldən aldığı medal və detallarını bilmədiyimiz sövdələşmə hesabına hakimiyyəti ərindən təhvil alacağına ümid edir. Lakin xanım bu medala arxalanıb, parlamentdə də çevriliş eləməyi düşünürdü. Alındımı? Xeyr. Demək, onun çılğıncasına arzusunda olduğu prezidentlik kürsüsünə sahiblənmək üçün növbədənkənar prezident seçkiləri keçirmək niyyəti də hələ o arzusuna çatacağı anlamına gəlməz. Bu dəfə cütlüyün planını gözlənilməyən şeylər pozur. Gözlüyün və baxın koronavirusdan sonra nələr baş verəcək. Əliyevlər Ata Abdullayev kimi öz komanda üzvləri ilə birlikdə tarixin zibilxanasında olacaqlar.