
Dövlət adına fəaliyyət göstərən bandit dəstəsi ölkənin ən dürüst adamlarından birini xuliqanlıq adı altında həbsə atır
Milli Şuranın sədri Cəmil Həsənli qurumun Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublunun həbsi ilə bağlı feysbuk hesabında növbəti yazı paylaşıb:
Tofiq Yaqublunu tamamilə saxta, qurama, heç bir əsası olmayan ittihamla həbs etməklə dövləti rüsvay edirlər, vətəndaşların gözüdən salırlar, ümumxalq nifrətini daha da dərinləşdirirlər. Dövlət adına fəaliyyət göstərən bandit dəstəsi ölkənin ən dürüst adamlarından birini xuliqanlıq adı altında həbsə almaqla ölkəni tək vətəndaşın gözündə deyil, beynəlxalq aləmdə də rüsvay edirlər. Məmləkətdə oğru qaydaları hökm sürür. Dəlilsiz, sübutsuz, vəkilsiz siyasi düşüncələrinə görə müxalifət liderinin həbs olunmasının ayrı adı yoxdur. Adi faşizm! DİN açıqladığı məlumatda tərəf kimi çıxış edir. Park yerində dayanmış maşın DİN tərəfindən hərəkətə gətirilib süni şəkildə başqa maşınla toqquşdurulur. Toqquşma o deməkdir ki, maşınların hər ikisi hərəkətdə olub. Əgər adam öz idarə etdiyi maşını gətirib park etdiyi yerdə Tofiq bəyin maşınına nümayişkarcasına çarpıbsa bu necə toqquşma kimi təqdim edilə bilər. Bir təcrübəli hüquqşünas kimi hörmətli Fuad Ağayevin hadisə barədə peşəkər rəyi çox məqama aydınlıq gətirir. Axı DİN necə iddia edə bilər ki, yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verib. Tofiq bəy maşını saxlayıb, biri gəlib onun maşınını vurursa hansı üzlə zərərdidədə günah axtarmaq olar. Sonra da YAP içra katibi Əli Əhmədov deyir ki, biz ictimai rəydə uduzuruq, ona görə Əli Kərimli başda olmaqla müxalifəti təcrid etməliyik. Axı bu qədər yalanla, böhtanla, şər-şəbədə ilə siz ictimai fikirdə necə “uda” bilərsiniz, vətəndaşın gözündə necə etimad qazana bilərsiniz? Tək Tofiq Yaqublu ilə bağlı etdikləriniz utanmazlığın analoqsuz təzahürüdür. Unudursunuz ki, Tofiq Yaqublu obrazdır: vətən uğrunda döyüşmüş əsgər obrazı, millətə, xalqa bütün varlığı ilə bağlılığın obrazı, vətənin bir zərrəsi kimi bugünkü və gələçək nəsillərə örnək obrazı, öz zəfər və faciəsi ilə 30 illik müstəqillik davasının parlaq obrazı. Belə qürur duyulası obraza qarşı sərgilədiyiniz bu qədər natəmiz və murdar yalanlardan, böhtanlardan sonra insanlar sizə necə inansınlar? Dövlət kasıblayanda yox, vətəndaşın inamını itirəndə ölür. Siz bu yalanlarla, onu yayan yalıncıqlarla bu dövləti vətəndaşların gözündə öldürmüsünüz. Elə öldürmüsünüz ki, vətəndaşın inamını da polis dəyənəyi ilə əldə etmək istəyirsiniz. Neynirsiniz inamı? Onsuz siz özünüz də ölüsünüz. Əgər siz feodal qaydalarınızla, feodal düşüncənizlə XXI əsrin məmləkətin indiki tragikomik vəziyyətə salmısınızsa heç İsfahanda yeni Şeyx Nəsrullah xuruc etsə də, sizi dirildə bilməz. Mirzə Cəlilin ölüləri sizdən daha abırlı idilər.
***
Milli Şura sədri mövzu ilə bağlı Azərbaycan Saatı yutub kanalında canlı (və sonradan TuranTV-də) yayımlanan Sözarası proqamına müsahibə də verib.