Ermənilər orda-burda milli xörəyimiz olan bozbaşı öz adlarına çıxdıqları üçün ona milli pasport vermək qərarına gəliblər, guya, bununla biz namərd qonşularımızın milli xörəyimizi oğurlamasının qarşısını alacağıq. “Guya” deyirəm, çünki bir milli pasportu da bozbaşa ermənilər versə, nə olacaq? Ikili vətəndaşmı?
Nə bilim, vallah, əcəb işə düşmüşük. Başqaları nə ilə uğraşır, biz nəyin davasını döyürük. Bu dolma, bozbaş söhbətləri ilə hara getmək istəyirik, nəyə nail olmaq istəyirik? Ölkədə əsas müxalifət liderlərindən birinə illərdir pasport verməməklə bizi dünyada biabır, başıaşağı edirlər, amma hansısa xörəyə milli pasport verməklə elə bilirlər Azərbaycanın başı zirvələrə dəyəcək. Lap sonda bütün dünya əmin olsa ki, bozbaş bizimdir, nə dəyişəcək? Əgər sənin ölkəndə boş başlar at oynadır, ağalıq edirsə, bozbaş sənin olsa, nə dəyişər, olmasa nə?
Axı həm də problem hansısa xörəyin milli mənsubluğunda deyil, əgər sənin ölkənin yoxsulluq içində çabalayan yüzlərlə, minlərlə insan sonuncu dəfə nə vaxt mətbəxində bozbaş asdığını xatırlamırsa, onun dadını unudubsa, “bozbaş kimindir?” sualı qədər gülməli, absurd nə var?
Hələ mən onu demirəm ki, öz vətəndaşlarından nefti oğurlayanların ölkəsinin hansısa xörəyini bir başqa xalq oğurlayanda niyə belə əsəbiləşirik? Illərdir hər şeyimiz oğurlanır bu ölkədə: səsimiz, sərvətlərimiz. Haqqımız, hüququmuz, azadlıqlarımız… Bir ovuc insandan başqa kimsənin vecinə deyil. Amma el-aləmin ermənisi dolmanı oğurlayınca hər kəsin qeyrət damarı dombalır.
Erməni keçmişimizə aid nəyisə oğurlayır, keçmişimizdən nəyisə çırpışdırır, başa düşürük, düşməndi, işğalçıdır. Bəs “özümüzünkü” dediklərimiz gələcəyimizi niyə oğurlayır? Bunu niyə soruşa, sorğulaya bilmirik?
Bəli, mənim ölkəmin dərdi heç də bozbaş dərdi deyil, boş baş dərdidir. Oxumayan, öyrənməyən, düşünməyən, sorğulamayan insanlar dərdidir. Ürətməyən, yalnız tükətməklə məşğul olan insanlar dərdidir. Fikir etməyən, zikir edən, hesab istəməyən, şükür edən insanlar dərdidir.
Bu korrupsiya rejimi qarşısında “Oğurlasınlar, amma iş görsünlər” düşüncəsilə dilsiz, ağızsız, təpkisiz qalan insanlar dərdidir.
Qarnı qafasından önə çıxan insanlar dərdidir.
Belə insanlar var olduqca onları dolmaya, bozbaşa həsrət qoyub, sonra da “dolma bizimdir”, “bozbaş bizimdir” nağılları ilə idarə etmək asandır.
Baxın, artıq illərdir ermənilərlə torpaq davası torpaq davası olmaqdan çıxıb. Mahnı davasına, xörək davasına, xalça davasına çevrilib. Hardasa bir gic erməni müğənnisi mənasız bir Azərbaycan mahnısını öz xalqının adına çıxır, bütün toplum o mahnı üçün səfərbər olunur, boş çənələr işə düşür, psevdopatroit damarları şişir. Sabah bozbaş mövzusu çıxır ortaya, o birigün kamança. Daha sonra Allah bilir nə. Bütün bunlar işğaldakı torpaqların bir mövzu olaraq unutdurulmasının yeni fəndləri olsun gərək.
Əslində, yaptokratiyanın “bozbaş kimindir” tipli mübahisələrlə belə cani-dildən uğraşmasının, onları taleyüklü məsələ kimi gündəmin önünə oturtmasının səbəbi də budur: 19 ildə 19 santimetr torpaq qaytara bilməməsinin hesabını verməkdən yaxasını kənara çəkmək. Toplumu bozbaşla, dolmayla, “Sarı gəlin”lə uğraşdırıb gerçək dərdi – işğaldakı torpaqları arxa plana atmaq, baş qatmaq. Beləcə, vətənşüvən boşbaşlardan alqış almaq!
Bax, ona görə deyirəm ki, dərd bozbaş deyil. Dərd – boş başdır. Boş başların ölkənin başına çıxması, toplumun yolgöstərənləri, yönəldənləri olmasıdır əsas dərd.
Bu boş başlarla bozbaş bizim ola bilər, amma biz heç vaxt ürəyimiz çəkəndə bozbaş yeyə bilməyəcəyik.

Boş başların bozbaş dərdi
•
•