Oktyabrda Filarmoniya yaxınlığında keçirilən kitab sərgisində naşir Şahbaz Xuduoğlunun çağırışıyla Stefan Esselin “Hiddətlənin” kitabını aldım.
Stefan Essel Fransa Milli Müqavimət Şurasının üzvü, Ikinci Dünya Müharibəsinin sonlarında nasistlərin əsiri, BMT-nin Insan Haqları Komissiyasının üzvü, Ümumdünya Insan Haqları Bəyannaməsini hazırlayan 12 nəfərdən biri olub. Əlcəzair müharibəsi zamanı o, əlcəzairlilərin müstəqilliyinə tərəfdar olub. Ahıl yaşlarında Qəzzada baş verənlərin canlı şahidi olmaq üçün ora yollanıb və qəzzalıların acınacaqlı həyatını öz gözlərilə görüb. Onun 2010-cu ilin oktyabrında, 93 yaşında nəşr olunmuş “Hiddətlənin” kitabı “Ərəb baharı” inqilablarının baş verdiyi ölkələrdə yüz minlərlə tirajla satılıb.
Azərbaycanda əksəriyyət laqeydlər, biganələr, “Hökumətlə hökumətlik etmək olmaz” deyib yaşayanlardır. “Hiddətlənin” kitabı sanki bu kütləyə ünvanlanıb: “Mövqelərin ən pisi laqeydlik, ”mənlik deyil, mənə nə var?” deməkdir. Bu şəkildə davranmaqla insanlığın əsas tərkib hissələrindən birini itirmiş olursunuz”.
Bizim ölkədə 85 manat pensiya alıb, ömrünü Ilham Əliyevə fəda etmək arzusunda olanların yaşıdı olan Stefan Essel yazır: “Gənclərə deyirəm: Ətrafınıza baxın, hiddətinizə haqq qazandırmaq üçün kifayət qədər mövzu tapacaqsınız. Güclü bir vətəndaş hərəkatına təkan verməyimiz üçün konkret hallara rast gələcəksiniz. Axtarın, tapacaqsınız!”
Böyük neft gəlirlərinə rəğmən çox məzlum və susqun durumda olan biz azərbaycanlılar üçün bu, çox vacib çağırışdır. Dözmək kimi xəstə bir hissi silib atmaq və etiraz etmək, hər şeyi dəyişmək naminə bu çağırış dinlənilməlidir: “Sizin növbənizdir, hiddətlənin! Siyasətçilər, ziyalılar, iqtisadçılar və bütün cəmiyyət təslim olmamalıdır. Sizin hər birinizə hiddətlənmək səbəbinizin olmasını arzulayıram. Nasizmin məni hiddətləndirdiyi kimi bir şey sizi hiddətləndirirsə, əqidəli, güclü və ardıcıl olursunuz…”
Laqeyd kütlə Stefan Esselin hiddətlənmək duyğusunu özündə daşımadıqca, laqeydlikdən imtina etmədikcə, biz köklü dəyişikliklərə nail ola bilməyəcəyik. Heç olmasa, “facebook”un bir milyonluq azərbaycanlı istifadəçisinin yarısı, bir neçə yüz min nəfər bu çağırışı eşitməlidir, indiki durumundan imtina etməlidir.
Yaxşı oldu ki, “Hiddətlənin”i oxuduğum bir həftədə Cek Londonun “Martin Iden”ini və Aydın Balayevin “Məhəmməd Əmin Rəsulzadə” kitabını da oxudum. Oxuduqca da hər iki əsərin əsas qəhrəmanlarının bir keyfiyyəti məni təsirləndirdi. Iradəli, qətiyyətli olmaq, zəhmətə qatlaşmaq keyfiyyətləri!
Martin Idenin çox böyük çətinliklərlə yazar olmaq, öz əsərlərini, oçerklərini, hekayələrini, romanını nəşr etdirmək üçün qınaqlara, bacılarının ərlərinin, sevgilisinin “özünə uyğun bir iş tap, bu sənlik deyil!” kimi yoldan sapdırmalarına, sevgilisinin evinə getmək üçün yeganə paltarı olan kostyumunu girov qoymasına, ac qalmasına, ev sahibəsinin bəzən verdiyi azacıq yeməklə mədəsini birtəhər doydurmasına baxmayaraq, sonda ali məqsədinə nail olması, əsərlərinin naşirlər tərəfindən böyük tələblə qəbul olunması, tanınmış və pullu yazara çevrilməsi sadəcə, qətiyyəti, zəhməti hesabına baş tutur.
Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin gənc yaşlarından ölüm gününə qədər bütün fəaliyyətini oxuduqca tarixin, zamanın bütün əngəllərinə qarşı daha bir böyük insan iradəsinin və zəhmətinin şahidi olursan. Rəsulzadənin hər mərhələdəki fəaliyyətində inanılmaz bir qətiyyət görürsən.
Laqeyd, onu əzənlərə qarşı qəlbində ədavət hissi olmayan bir xalqı hiddətləndirməyin yolu demokratik düşərgənin üzvlərinin, gənclərinin qətiyyətli olmasından, böyük əziyyətləri gözə almasından keçir.
Düzdür, biz prinsiplərə bağlıyıq, içimizdə bu rejimə qarşı barışmaz bir hiss var. Sadəcə, bizim içimizdədir. Biz bunu başqalarına ötürə bilmirik, partiya, ictimai təşkilat üzvləri, QHT təmsilçiləri olaraq, bir çox hallarda yerimizdə sayırıq. Köklü dəyişiklik üçün mümkün olanları etməyə çox az vaxt, enerji ayırırıq.
Məncə, mübarizənin ən çətin formaları kütləvi aksiyalar və sıraların genişləndirilməsidir. Fəaliyyətin başqa bütün formaları son nöqtədə təşkilatlanmaya və kütləvi etiraz aksiyalarına gətirib çıxarır. Biz çətin olan nöqtəyə qədərki mümkünləri edirikmi? Oxumuruq, oxuduqlarımızı yazıya çevirmirik, yazdıqlarımızı paylaşmırıq, müzakirə predmetinə çevirmirik. Daha uca səslə danışmırıq. Həqiqətləri bildiyimiz halda, onu informasiyaya ac olan insanlara ötürmürük. Gələcək uğrunda mübarizəyə hobbi kimi yanaşırıq. Bu isə bizim kobud da olsa, deməliyəm, avaraçılığımızdan, şərəfli avaraçılığımızdan doğur. Təkcə yalansız yaşamaq istəyimiz çıxış yolu deyil, qətiyyət və iradə də göstərməliyik.
P.S. Qarşı tərəfdən kimsə bu yazıdan demokratik düşərgəni vurmaq üçün istifadə etmək fikrinə düşsə, öncə düşünsün: o, oğru, yaltaq və korrupsioner komandanın arxasında sürünənlərdəndir…

Hiddətləndirmək üçün şərəfli avaraçılığa son!
•