İran İslam Respublikasının ilk prezidenti Əbülhəsən Bənisədr jurnalistlərə açıqlamasında prezident Mahmud Əhmədinejadla dini lider ayətullah Əli Xamneyi arasındakı ixtilafdan danışıb. “Media forum” saytının məlumatına görə, Bənisədr deyib ki, konstitusiyada dini liderin səlahiyyətlərinin hüdudu müəyyənləşsə də, Xamneyi buna qane olmur: “Rəsmilər arasında ixtilafların bu həddə çatması Xamneyinin bacarıqsızlığından xəbər verir. Hətta ola bilsin ki, bu ixtilafların səbəbkarı da elə o özüdür. O, Əhmədinejada və Laricani qardaşlarına öz aralarındakı ixtilafları mediaya çıxarmamaq üçün xəbərdarlıq edir və bu ixtilafların cəmiyyətdə işıqlandırılmasını sistemə xəyanət sayır.
Xamneyinin gözündə bu ixtilafların olması əhəmiyyət kəsb etmir. Önəm daşıyan məsələ odur ki, bu ixtilaflar cəmiyyətə çıxarılmasın. Halbuki bu adam məsuliyyətli, bilikli və bacarıqlı olsaydı, bilməli idi ki, bu ixtilafların ört-basdır edilməsi İran xalqına xəyanətdir. Bu ixtilafların olması o deməkdir ki, hökumət iflic vəziyyətindədir və bütün bunlardan ölkəyə ziyan gəlir. O, bütün bunları xalqdan gizlətmək əvəzinə ixtilafların kökünü araşdırıb öyrənməli, aradan qaldırılmasına çalışmalı idi.
Digər tərəfdən Əhmədinejada yaxın media xalq arasında qarşıdan gələn prezident seçkisi haqda sorğu keçirir, Prezident Administrasiyasının rəhbəri İsfəndiyar Rəhim Məşayinin namizədliyi məsələsini ortaya atır. Əslində isə Əhmədinejad bununla ölkə prezidentliyinə öz namizədini irəli sürmüş olur. Halbuki Xamneyi öz namizədini hələlik irəli sürə bilməyib. Bu isə onu göstərir ki, yuxarıdakı ixtilaflar hətta Xamneyinin ətrafındakı çevrələrdə də öz həllini tapa bilməyib.
Əhmədinejadın Xamneyiyə məktubuna gəlincə, o, ölkənin idarə olunmasında xalqın rəyindən və hüququndan danışır. Görəsən, Əhmədinejad bilmir ki, prezident postuna saxta yollarla gətirilib? Yaxşı bilir, lakin bu həssas şəraitdə Xamneyini borclu çıxarır. Əxlaq prinsiplərinə əsasən, Əhmədinejad düz eləmir, çünki hər şeyi Xamneyinin hesabına əldə edib.
Digər tərəfdən Xamneyi əxlaq prinsiplərinə azacıq riayət etsəydi, Əhmədinejadla bir qulluqçu kimi davranmaz, onun prezident kimi bəzi səlahiyyətlərini tanıyardı. Vaxtilə Əhmədinejad küsüb evdə oturmaqla Xamneyiyə belə bir mesaj vermək istəyirdi ki, sən mənim işləməyimə imkan vermirsən. Əgər Xamneyidə bacarıq olsaydı, bu qədər biabırçılıqla gətirib prezident postuna qoyduğu Əhmədinejadın işləməsinə mane olmazdı, yaxud da əvvəlcədən bəzi şeyləri onunla koordinasiya edib razılığa gələrdi.
Xamneyinin Əhmədinejadı təhqirinin həddi-hüdudu yoxdur. Bundan böyük təhqir nə ola bilər ki, ölkə prezidentinin gedib zindanda görüş keçirməsinə icazə verməyəsən? Bu necə bir ölkədir ki, onun prezidentinin zindana baş çəkməyə haqqı yoxdur? Bu həmin təhqirlərdir ki, vaxtilə Xamneyi İran İslam Respublikasının banisi Xomeynidən görüb. Xamneyi vaxtilə Xomeynidən gördüyü təhqirləri bu gün Əhmədinejada rəva bilir”.
Bənisədr islam inqilabından bir il sonra – 1980-ci ilin fevralında ölkə prezidenti seçilib. Ancaq az sonra onunla İslam Respublikası Partiyasının üzvləri və İran İslam Respublikasının qurucusu ayətullah Xomeyni arasında ixtilaflar yaranıb. Əbülhəsən Bənisədr 1981-ci il iyunun 21-də impiçment yolu ilə prezident postundan uzaqlaşdırılıb. Bundan sonra o, Fransaya mühacirət edib.


