
AXCP İqtisadiyyat Komissiyası sədri Nemət Əliyev
Elman Rüstəmov anons eləyib ictimaiyyətə ki, dolların məzənnəsinin yüksəlməməsi üçün ölkədə bütün tədbirlər görülür. Tam ciddi sözümdür ki, boş güllədir Elman Rüstəmovun havaya buraxdığı. Nə baş bankir kimi Elman Rüstəmovun, nə baş nazir kimi Əli Əsədovun, nə də dövlət başçısı kimi İlham Əliyevin neftin qiymətinə təsir etmək imkanları yoxdur. Bu imkan yoxdursa, o zaman manatın dollara nəzərən dəyər itirməsinin qarşısını da ala bilməzlər.
Anlaşılan budur ki, neftin kəskin ucuzlaşması hökuməti rahat buraxmır. Böyük ehtimalla növbəti devalvasiyanın ölçüsünü, gününü, formasını müzakirə etməyə başlayıblar. Çünki təzyiq böyükdür, nə dövlət büdcəsi, nə də tədiyyə balansı neftin hazırkı qiymət səviyyəsinə tab gətirmək gücündə deyil. Ölkə iqtisadiyyatının hazırkı templərini, məşğulluq səviyyəsini indiki şərtlər altında sabit saxlamaq xülyadır. Hazırkı neft qiymətləri bir sıra sosial və iqtisadi projelərin reallaşması yolunda da ciddi maneələr yaradır. Belə ekstremal vəziyyətlərə hazır olmayan hökumətlərin, bir qayda olaraq, devalvasiyaya baş vurmaları tam gözləniləndir.
Lakin bu dəfəki devalvasiyanın yumşaq olacağı qənaətində deyiləm. Neftin bir barelinin qiymətini 40 dollar səviyyəsində hədəfləyən ilkin hesablamalar göstərir ki, növbəti devalvasiya 30-40% intervalında tətbiq ediləcək (bunu mərhələli şəkildə də həyata keçirə bilərlər). Yalnız bu şərt altında Dövlət Neft Fondu dövlət büdcəsi qarşısında öz öhdəliyini yerinə yetirə bilər.
Devalvasiya daha kəskin xarakter ala da bilər. Yüksək çinli dövlət məmurları (oliqarxlar) son illərdə şəxsi biznes sahəsində itirdiklərinin bir hissəsini fürsətcillik edib devalvasiya yolu ilə bərpa etmək variantı üzərində işləyə də bilərlər. Odur ki, növbəti devalvasiyanın ölçüsü daha yüksək ola bilər ki, bunun da əhaliyə nə dərəcədə yük ola biləcəyini təxmin etmək mümkündür.
Dövlət büdcəsində kəskin kəsirin əmələ gəlməsinə göz yummaq hesabına devalvasiya faizi nisbətən yumşaldıla bilər ki, bunun da yarada biləcəyi xeyli əlavə problemlər var. Doğrusu, perspektivsiz olduğuna görə bu varianta az ehtimal verirəm.
Maliyyə Nazirliyinin yaydığı bu məlumatı da nəzərə almaq ibrətamizdir ki, Dövlət Neft Fondu cari ilin yanvar ayı üzrə dövlət büdcəsinə nəzərdə tutulan ödəməni 48% kəsirlə icra edib. Yəni Fond, belə demək mümkünsə, diribaş tərpənərək 460 milyon manat məbləğində pul kütləsini manat şəklində dövlət xəzinəsində deyil, dollar şəklində (270 milyon dollar) öz xəzinəsində saxlamağa üstünlük verib. Dollar kütləsini toplayıb devalvasiyadan sonra manata çevirmək yolu tutub Dövlət Neft Fondu. Maliyyə Nazirliyi isə buna susub, səsini çıxarmayıb. Görünür, hər ikisi də irəli düşməkdə maraqlı olub. İndi özünüz nəticə çıxarın, Neft Fondunun və Maliyyə Nazirliyinin bu davranışından xəbər tutan ayıq və pullu məmurlar, lap elə iş adamları hansı nəticəni çıxararlar?..