Moskvadakı “milyarderlər ittifaqı” ortaya çıxan gündən ölkədə siyasi ovqat xeyli dəyişib. Hakimiyyət nümayəndələri daxili narahatlıqlarını gizlədə bilmirlər. Hətta cib müxalifəti və belə situasiyalarda həmişə iqtidarın uca səsinə çevrilən urpatriotların parlaq nümayəndələri əl-ayağa düşüblər. Azərbaycana təzyiqdən, hətta rus işğalından, hakimiyyətin devrilməsindən danışırlar.
Moskvadan qayıdan Əli Həsənovun narahat və küskün halını onun aşağıdakı cümlələrindən açıq görmək olur: “Hər kimsə Azərbaycan vətəndaşıdırsa, Azərbaycan dövlətinə bağlıdırsa, çalışmalıdır ki, yaşadığı ölkə ilə Azərbaycan arasında münasibətlər normal olsun. Bu, qarşılıqlı maraqlara xidmət etsin. Azərbaycana əsassız təzyiqlər meydana çıxmasın. Həm daxildəki, həm də xaricdəki vətəndaşlar ona çalışmalıdırlar ki, Azərbaycan dövlətinin müstəqil siyasətinə təsir göstərən rıçaqlara xidmət etməsinlər”.
Hakimiyyət nümayəndələrinin danışıqlarında əvvəlki təntənə, yekəxanalıq bu arada giley-güzar çalarları ilə əvəz olunub. Illərdir Azərbaycanda hədə ritorikası ilə danışan YAP funksionerlərindən biri Mübariz Qurbanlı isə dünənki açıqlamasında müxalifətdən əməlli-başı şikayət edib, onların xaricdə Azərbaycanın ziyanına iş aparmasından – düşmən dəyirmanına su tökməsindən gileylənib. Halbuki əvvəllər bu gileyləri hədə və sərt ittihamlar, ağır ifadələr, məmnun ovqat, təntənə ritorikası əvəz edirdi. Mübariz Qurbanlı partiyasının müxalifətdə olduğu dövrü də nümunə göstərib, başqa sözlə, YAP-ın müxalifətdə olmasını keçmiş zamanda olsa da, hər halda dilinə alıb. Təxminən bu cür deyib: axı biz belə olmamışıq…
Çox yaxşı! Çox əla! Sizin necə olmağınızı doğrudan da xatırlatmağa ehtiyac var! Elə sözlər var ki, bu məqamda onları deməsək, tarix bunu bizə bağışlamaz. Gəlin görək siz necə olmusunuz?
Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda həyatı boyu mübarizə aparan Elçibəy prezidentlikdən nə zaman və necə devrildi? Indi “milyarderlər ittifaqı” yaradan həmin Rusiyanın qoşunları ölkədən çıxarılandan sonra. Elçibəyə qarşı şayiə-böhtan, təxribatçılıq, düşmənçilik yolu tutan YAP-çılar isə Kremldən təşkil edilən hərbi çevrilişdə də iştirak etdilər. Əlaqə şəbəkəsini bir daha yada salaq: Rusiyadan gələn kəşfiyyat generalı Nəriman Imranov Kreml, Surət Hüseynov və Heydər Əliyev arasında əlaqələndirici idi. Onun qiyamdan öncəki görüşləri də Elçibəy hökumətinə bəlli idi, indi ictimaiyyətə də gizli deyil. YAP da hakimiyyətə elə həmin qiyamla gəldi.
Elçibəy riskə getdiyini bilirdi. Öz dilindən eşitmişəm bu məsələni. Həmin ərəfədə ABŞ səfiri bütün gecəni onun yanında oturub, qoşunların çıxarılmasının çox riskli ola biləcəyini söyləmişdi. O isə demişdi: “Bilirəm, amma bunu mən etməsəm, kim edəcək?! Bunsuz Azərbaycan necə müstəqil olacaq?!”.
Elçibəy bunu etdi… Siz nə etdiniz? Illərdir onu təhqir etdirirsiniz, ələ salırsınız. Hətta paket maaşı və mandat verdiyiniz müavinlərindən Fazil Mustafa onun xarici siyasətinə macəraçı deməyə başladı. Amma görürsünüzmü ki, Elçibəy hansı böyük addımı atıb! Xarici təzyiqdən danışırsınız, təsəvvür edin ki, rus qoşunları və generallarının ölkədə olması nə demək idi. “Milyarderlər ittifaqı” ilə ölkədəki rus hərbçilərinin tandemi hansı ovqat yaradardı. Təsəvvür edin bunu.
Təkrar-təkrar yazmağa ehtiyac var. Mixail Saakaşvilinin Gürcüstandakı uğurları, apardığı islahatlar üçün platformanı da Elçibəy yaratdı. Presedent yarandığı üçün gürcülər də rus qoşunlarını çıxara bildi. Sadəcə, Rusiya Saakaşvilini devirmək istədikdə, orada YAP və onun kimi müttəfiqlər tapa bilmədi. Gürcüstan bir yumruğa çevrildi. Təbii ki, həm də fərqli zaman idi, dünya da fərqli dünya idi. Mixail Saakaşvilini devirə bilmədilər.
Elçibəyi isə məhz sizlərin köməyi ilə devirdilər. Sonra da Azərbaycanın öləndə borcu olduğu üzə çıxan prezidentini xalq malı ilə milyarderə çevrilən prezidentlər əvəz etməyə başladı. YAP dövrü gəldi…
Bəs siz necə idarə etməyə başladınız bizim ölkəni?
Nəticə ortadadır, Azərbaycan xalqının bəlli kəsimi bu gün müstəqillikdən əvvəlki dövrə həsəd aparır. Düşündükləri bir ayrı məsələ, hətta bir çox insanlar açıq şəkildə söyləyirlər ki, Rusiyanın ağalığı YAP-ın ağalığından yaxşıdır. Ölkəni bu dərəcədə təhlükəli duruma gətirdiniz. Özünüz də etiraf edirsiniz ki, bir qrup adam da öz xilasını Iranın ağalığında görür.
Geriyə baxın. Elə bir təntənə qurdunuz ki, gözünüz ayağınızın altını görmürdü. Insanların hansı ədalətsizlik məngənəsində boğulduğunun fərqində deyildiniz. Burada həyatın hansı cəhənnəmə döndüyünə üz çevirir və bəzi ala-babat abadlıqlarla öyünüb tənqidləri, fərqli fikirləri, hətta aşkar faktları rədd edirdiniz. Yaranmış abadlıqların arxasında hansı problemlərin gizləndiyini görmək istəmirdiniz. Neft pulları ilə beş qat baha qiymətə bir parkı salmağı bu xalqa minnət edir, qəhrəmanlıq kimi qələmə verirdiniz.
Ölkəni yalana və talana tabe etdirdiniz. Xalq prezidentindən, deputatından, polisindən, məhkəməsindən qorxmağa başladı. Sirr deyil ki, bu gün bizim ölkədə vətəndaşlar öz dövlətindən qorxurlar. Imkan tapan buradan baş götürüb qaçır. Sizin etdikləriniz elə bunlar deyilmi? Siz isə hələ də xalqın prezidentdən qorxmasını ona sevgi kimi yozursunuz…
Kim bilmir ki, rüşvət və korrupsiya bu ölkədə hansı səviyyədədir?! Məmurlara rüşvət qazanından konvertdə pay verdiyinizi də bilmirik? Hər rayonun öz ağasının olduğunu da görmür bu cəmiyyət? Bəlkə sizlərin necə varlandığınız da gizlidir bütün dünyada?
Savadsız, bacarıqsız, vicdansız adamları vəzifələrə çəkdiniz. Özünüzünküləri başda oturtdunuz. Ayrı-seçkiliyin, yerliçiliyin, qrupbazlığın yeni bir dalğasını gətirdiniz bu ölkəyə. Hakimiyyəti atadan oğula ötürdünüz. Abbas Abbasovdan narahatsınız bu gün, bir düşünün görək, onun oğlunu xalqmı deputat seçib? Hansınızı seçdi bu xalq? Bəlkə Güləri də xalq seçmişdi? Bəlkə doğrudan da oğru məmurlarının övladları olan Tale Heydərovu, Anar Məmmədovu ölkənin gələcəyi kimi görür bu xalq?
Dürüst adamları əzdiniz, səsini çıxaranı boğdunuz, müxalifəti, medianı repressiya etdiniz. Bu ölkənin azadlığı üçün çalışan insanları ələ saldınız, müstəqillik bayrağını meydana çıxaran bizləri polis nəfərlərinə təpiklətdiniz. Bizdən yaltaqlıq tələb etdiniz. Bizdən alçaqlıq gözlədiniz. Bu idimi sizin dövlətçilik və müstəqillik anlayışınız?
Bəli, Azərbaycanın dörd yanı düşməndir. Niyə onda rüşvət və haqsızlıq bu ölkəni içdən yeyir? Dörd tərəf düşməndirsə, niyə bu xalqı öz hakimiyyəti əzir? Niyə YAP beşinci düşmənə çevrilib? Niyə YAP-ın siyasəti dörd tərəfdəki düşmənin siyasətinin yeriməsinə şərait yaradır? Ölkə düzgün həyatdan, düzgün idarəetmədən, düzgün daxili və xarici siyasət kursundan çıxarılıb…
Biz də bunu haray çəkirik illərdir. Deyirik ki, xalqa arxalanmayan hakimiyyət ölkəni hər cür ziyana və təhlükəyə aparır. Biz dünyada, demokratik ölkələrdə, Avropa qurumlarında ona görə həqiqətləri deyirik ki, ölkəmizi səhv yoldan döndərə bilək. Biz bilirik ki, Avropa dəyərlərini bu ölkəyə gətirməsək, nə daxili problemlərdən, nə də xarici təhlükələrdən qurtula bilməyəcəyik. Biz bilirik ki, bunsuz Qarabağ problemini də həll etməyəcəyik. Hətta folklorumuz, mütərəqqi milli adətlərimizi də məhv olacaq bunsuz. Bir xalq kimi məhv oluruq bunsuz.
Siz isə istəyirsiniz ki, hamı sussun, qapalı bir dünyanız yaransın, siz xaricdə hamının dostu olub, Ruşaylolarla birlikdə saxta seçki keçirib, xalqı əzib, ölkəni talayasınız. Budur sizin arzunuz!
Bizim arzumuz isə fərqlidir – bu ölkəni azad görmək. Odur ki, biz onu heç bir xarici işğalçıya da verməyəcəyik. Buna heç kimin şübhəsi olmasın. Rusiya kimi kimlə əvəzləməyə çalışsa da, əvəzləsə də, tezliklə bu ölkədə hakimiyyət xalqa keçəcək. Bir qədər ayrı mövzudur. Amma gəlin siz də özünüzə sual edin. Işğalçıdan nədir fərqiniz? Yaxud çoxdurmu fərqiniz, üstünlüyünüz? Ölkənin neftinə, insanına, keçmişinə, gələcəyinə, təhsilinə, səhiyyəsinə, iqtisadiyyatına münasibətdə çoxmu üstünsünüz onlardan? Ermənistanda tam Rusiyapərəst, tamamilə Kremlin oyuncağı olan bir hakimiyyətdir. Öz xalqına münasibətdə o hakimiyyətdən üstünsünüzmü? Sual budur!

İşğalçıdan çoxmu fərqiniz var?
•