Yad və doğma qüvvələr

Yaptokratiya öz despot inadından dönməzsə, 

Gürcüstanın yeni hökuməti Müsavata qurultayını Tiflisdə keçirməyə imkan yarada biləcəyinin mesacını verib. Dərhal rejim sözçülərindən saçma-sapan reaksiyalar (biz 19 ildir onlardan başqa heç bir reaksiya görməmişik, hə, bircə dəfə də bunların ulu öndəri “müalicəyə müsbət reaksiya” vermişdi, vəssalam!) gəlməyə başlayıb. Indidən Gürcüstanı Azərbaycanın daxili işlərinə qarışmaqda suçlayırlar.
Ölkənin ən qocaman partiyasına qurultay keçirməyə şərait yaratmayıb, sonra da bu cür danışmaq, danışa bilmək adamdan dəhşətli üzsüzlük tələb edir. Başqasını suçlayınca, Müsavata qurultay üçün yer verin, olsun-bitsin.
Ikincisi, Azərbaycanda məhz Müsavatın xidmətləri sayəsində yaranan ilk cümhuriyyət də Tiflisdə elan olunmuşdu, indi belə çıxır ki, yaptokratlar buna görə durub donquldana, o vaxt da Gürcüstanın Azərbaycanın daxili işlərinə qarışdığına görə onları asıb-kəsə bilərlər. Indi biz neyləyək ki, 94 il əvvəl olduğu kimi, Azərbaycan yenə işğal, irtica altındadır və onu aydınlığa, azadlığa aparmaq istəyənlərə yenə bu torpaqlar üzərində yer yoxdur.
Üçüncüsü, elə dünən saytların birində YAP-ın da öz 20 illiyinə hazırlaşdığı barədə xəbər vardı, orada bildirilirdi ki, bu münasibətlə təntənəli yubiley tədbiri “Kristal Hall”da olacaqdır. Təsəvvür edin, heç bir partiya kriteriyalarına cavab verməyən, heç bir ideoloji və könüllülük prinsiplərinə söykənməyən, sadəcə, mənsəb, karyera, iş, imtiyaz naminə yüzminlərin zorən ittifaqı olan, yaranışından bəri bu ölkəyə faciələrdən başqa heç nə gətirməmiş, ölkənin dərd-sərinə deyil, sərvətlərinə yiyələnməkdən başqa əlindən bir şey gəlməmiş YAP 20 illiyini təntənə ilə qeyd edə bilir, amma bu ölkəyə ilk dəfə cümhuriyyət dəyərlərini gətirən Müsavatın 100 illiyində allahın bir şadlıq evini də çox gördülər. “Azadlıq”ın ad günündə restoranın işıqlarını söndürəcək qədər cılızlıq, dözümsüzlük göstərdilər. Bir dəfə AXCP-nin yaranış gününü qeyd etmək istəyəndə isə tədbirin keçiriləcəyi yerə partizanlar kimi getdiyimizi xatırlayıram – gizli, telefonla bir-birimizdən adresi xəbər almaq üçün kodlarla danışaraq, polisin gözündən oğurlanmaq üçün min hoqqadan çıxaraq.
Müsavat, AXCP, “Azadlıq” – onların mübarizəsi, zəhməti, fədakarlığı olmasa, bu ölkədə növbəti dəfə cümhuriyyət dəyərlərini bərqərar etmək üçün əvəzsiz cəhdləri olmasa, nə YAP vardı indi, nə də onun başındakılar ölkəni dədə malı kimi sağa-sola talaya bilirdilər. Amma bunlara nə qurultay, nə yubiley, nə qərargah haqqı tanıyırlar. Bu, ağalıq təfəkkürünün görsənişidir. Özündən başqa kimsəni bu ölkədə haqq sahibi, hüquq sahibi kimi görməmək zehniyyətinin ifadəsidir. Biriləri məmləkəti azadlığa çıxarır, bunlar gəlir hazırın naziri olur və öz “azadlıq” anlayışlarını diqtə edirlər – məsələn, sərbəst toplaşmaq əvəzinə, sərbəst talamaq azadlığı. Ifadə azadlığını isə yalnız yalan azadlığı, yaltaqlıq azadlığı kimi görürlər.
Əzilənlərə kənardan ən kiçik mənəvi dəstəyi isə “Azərbaycanın daxili işlərinə qarışmaq” adlandırırlar bir də utanmadan. Çünki xofludurlar – bütün xainlər kimi. Özləri bu ölkəyə qaranlıq dünya güclərinin, transmilli korporasiyaların sayəsində yiyələndikləri üçün məmləkətdən kənardan eşidilən hər səsə diksinirlər, əndişələnirlər.
Amma içləri rahat olsun – bu ölkənin gerçək sevdalıları başqa gücün qoltuğuna sığınıb bu ölkəyə sahiblənməyi özlərinə rəva görsəydilər, bunu çoxdan etmişdilər.
Nəinki çoxdan etmişdilər, heç 19 il əvvəl bu ölkəni sizə – bizimelli yadellilərə təhvil də verməmişdilər.
Bu gün sizin kimisə Azərbaycanın daxili işlərinə qarışmaqda suçlamağa ən azı, mənəvi haqqınız çatmır – çünki bu gün Azərbaycan onsuz da sizin timsalınızda yad, yabançı bir gücün istilası altındadır. Onsuz da sizin timsalınızda bu ölkənin dərdlərinə, qayğılarına, arzularına, məqsədlərinə ögey, yabançı bir qüvvə hər gün, hər an Azərbaycanın daxili işlərinə burnunu soxmaqda, təcavüz etməkdədir.
Bu ölkəyə azadlıq istəyən, bu ölkədə həqiqəti söyləyən, ədalət arayan kimsə illah ki, qoltuğuna sığınmağa, bəhrələnməyə “yad qüvvə” axtarsa, daha özünə əziyyət verib uzağa niyə getsin – burnumuzun ucunda sizdən, YAP-dan da yaxşı “yad qüvvə” var bəyəm?
Dünyanın harasında olmasından asılı olmayaraq, istənilən demokratik hakimiyyəti, azad, ədalətli ölkəni isə şəxsən mən “xarici qüvvə”-zad saymıram, onlar mənə ən əzizlərimdən belə, doğmadır, yaxındır.