İlham Əliyevin Saqatlı-sosial yalanları

Oktyabrın başlanğıcında rayona getmişdim. I.Əliyevin yaxınlarda Saqatlıya gələcəyini, bununla bağlı rayonda şıdırğı iş getdiyini dedilər. I.Əliyevin indilər Saqatlıya gələcəyinə inanmadım. Ancaq bir neçə fakt gətirməklə məni inandırmağa çalışdılar. Yenə inanmadım. Deyim, niyə?
Birincisi, biz Kürün körpüsündən Saqatlıyadək olan darmadağın yolu toz dumanı içində keçib getmişdik. Xalqa, onun çoxsaylı sorunlarına-problemlərinə yad prezident nə ola özünü belə yola vurmazdı. Ikinci, onu Saqatlıya gətirəcək elə bir nədən görünmürdü. Üçüncü, dördüncü, beşinci… bunları deməmək də olar. Saqatlı da Əliyevlər dönəminin bütün başqa bölgələri kimi, üstü bəzək, altı təzək – sosial-ekonomik durğunluq, depressiya-deqradasiya-aşınma içində olan yerlərdəndir.
Lap başdan başlayaraq məni şahənşahın gəlişinə inandırmağa çalışdılar. Birinci, dedilər, yol işi düzələndi. Bir-neçə il qabaq I.Əliyev Saqatlıya özünün dünyalarca ünlü qırmızı lentlərindən kəsməyə gələcəkmiş. Aşağı-yuxarı quldurlar belə bir kələyə əl atıblar. Saqatlıdan Sarıcalar dəmiryol qovşağınadək olan üç kilometrlik yola gözəl asfalt çəkiblər. I.Əliyevi ən sevimli PUL nazirlərindən olan Z.Məmmədovun ən yumşaq vaqonlarında Sarıcalaradək gətiriblər. Sonra da üç kilometrlik gözəl asfalt yoldan keçirərək aparıb çıxarıblar lent kəsəcəyi yerlərə. Orda onu “uzun zaman kəsilmək bilməyən sürəkli, gurultulu alqışlar” altında kimlər qarşılayıb? Hər yerdə olduğu sayaq, büdcə boyunduruğuna bağlı kimsələr, bir də IH-in, polisin, KQB-nin ağsaqqal, qarasaqqal agenturası, qabaqcadan öyrədilmiş, ayrıca olaraq YALTAQLIQ testindən keçirilmiş düşük qarşılama-alqışlama öncülləri.
Ikinci, dedilər, I.Əliyev Saqatlıya YAP-ın yeni qərargahının açılışına gəlir. Demək, gələcək. Bu yerdə inamım bütünlüklə qırıldı. Siz, deyəsən, 19 illik yalan hakimiyətindən yalançılıq öyrənmisiz, dedim. Niyəsini soruşdular. YAP qərargahının neçə il qabaq tikilib-açıldığnı dedim. Güldülər, o, qabaqkı qərargah idi, dedilər, indi yeni qərargah tikilib, I.Əliyev də yeni qərargahın açılışına gəlir. Mənə yeni qərargahı da göstərdilər, yenə inanmadım. Üstəlik, onlar ağsaqqal-qarasaqqal qarşılama-alqışlama-yaltaqlanma kontingenti ilə qızğın iş aparıldığını da dedilər. Rayondakı sosial-ekonomik, mənəvi-psixoloji durumla bağlı qabaqlama yazısı yazmaq üçün mənə bir sıra faktlar da verdilər. Az-çox professional jurnalist kimi o yazını yazmadım, sonra nələrsə yalan çıxar, dedim. “Getsin, gəlsin, yazaram”,- düşündüm.
Yenə yoldan başlayıram. I.Əliyevin Saqatlıya hansı yolla getdiyi hələ də dövlət gizlini olaraq qorunub saxlanır – onu kimsədən öyrənə bilmədim. Ancaq burası hamıya bəllidir: I.Əliyev Saqatlıya yeni gedişində daha bir YAP qərargahının qırmızı, göz oxşayan, könül sevindirən açılış lentini kəsdi. Lap o uzaq 70-ci illərdə olduğu sayaq: uzun zaman kəsilmək bilməyən gurultulu, sürəkli alqışlar. Hamı ayağa qalxır. Yox, bağışlayın, hamı – 70-ci illərin uzun zaman kəsilmək bilməyən sürəkli, gurultulu alqışları boyunca ayaqları göydə qalan xalq – qırx illik ayaq-könül qırıqlığından indi… diz çökür!
I.Əliyev Saqatlıda Azərbaycan hökumətinin sosial yönümlü siyasət yürütdüyündən danışdı. Sosial qarantiya, pulsuz ev-mənzil, təhsil, tibb olmayan yerdə sösialyönümlü siyasət nə deməkdir? Rayonda üç pambıq zavodu vardı: ikisi I.Əliyevin, biri yerli adamın. I.Əliyevin zavodları pambığı 41, üçüncü 47 qəpiyə götürürdü. Üçüncü bağlandı! Krediti Belarus diktatoruna 0,1 faizə, Azərbaycan əkinçisinə 24 faizə verən prezident, budurmu sənin sosial siyasətin? Rüşvətin, korrupsiyanın, oğurluğun, soyğunçuluğun, monopoliyanın hökumət-dövlət siyasətinə çevrildiyi yerdə sosial siyasətdən danışmağa dəyərmi?