Qalmaqallı rüşvət videosu ilə bağlı həbslər başladı

Abutalıbovun müavini və bir neçə vəzifəli şəxsin həbs edildiyi bildirilir

Keçmiş deputat Gülər Əhmədova ilə lisenziyası ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektorunun mandat bazarlığında vasitəçilik edən Sevinc Babayevanın işi ilə bağlı həbslər başlayıb. Bu məlumatı dia.az-a hökumət içindəki mötəbər mənbələr ötürüb.
Məlumatı verən mənbə bildirir ki, noyabrın 3-də axşam saatlarında Bakı Şəhər Icra Hakimiyyəti başçısının mədəniyyət məsələləri üzrə müavini və daha bir neçə səlahiyyətli şəxsi həbs edilib.
Xatırladaq ki, sentyabrın 25-də Elşad Abdullayev keçmiş deputat Gülər Əhmədova və Sabir adına kitabxana-klubun direktoru Sevinc Babayeva ilə bağlı video yaymışdı. Videoda deputatla sabiq rektor və vasitəçi kimi təqdim olunan S.Babayeva arasında E.Abdullayevin Milli Məclisin üzvü seçilməsi üçün yüksək məbləğdə rüşvət verməsi, ondan əlavə məbləğ istənilməsi barədə dialoq əksini tapıb. Bu qalmaqalın ardından Xətai rayonunda Sabir adına kitabxananın direktoru S.Babayeva vəzifəsindən uzaqlaşdırıldı və bu barədə qərarı mədəniyyət və turizm nazirliyindən verdilər. Halbuki ilk başdan nazirlik rəsmisi S.Babayeva ilə ilin sonuna kimi müqavilələrinin olduğunu bildirirdi və işdən çıxarılmanın qeyri-mümkünlüyünü iddia edirdi. Vəziyyətin gərginləşməsi fonunda nazirlik adının bəlli prosesdə hallandırılmaması üçün Sevinc Babayeva ilə yollarını ayırmaq qərarına gəldi. Hüquq-mühafizə orqanlarının bu məsələ ilə əlaqədar araşdırma apardığını söyləyən mənbənin sözlərindən belə aydın olur ki, S.Babayevanın hansı yolla kitabxanaya müdir təyin edilməsinin araşdırılması zamanı ortaya ilginc faktlar çıxıb. Məlum olub ki, Gülər Əhmədovanın yardımı ilə və Nazirlər Kabinetinin bir neçə yüksək vəzifəli şəxsinin dəstəyilə qanunsuz olaraq kitabxana müdiri vəzifəsinə təyin etdirilən S.Babayevaya dəstək verənlər arasında Bakı Şəhər Icra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun mədəniyyət məsələləri üzrə müavini də var. Mənbə bildirir ki, sözügedən “əməliyyatda” iştirak edən bütün şəbəkəni ifşa edən hüquq-mühafizə orqanları bütün şəbəkə üzvlərini həbs edib.
Qaynaq bildirir ki, Sevinc Babayeva hələlik həbsdən yayına bilib və o, axtarışdadır: “Onun hazırda harada olmasının müəyyən olunması istiqamətində tədbirlər həyata keçirilir”.