İlham Əliyevin Beyləqanda kolxoz quruculuğu

Sahibkarlığa Kömək Milli Fondunun antimilli fəaliyyəti

Neftin xalqlara bədbəxtlik gətirdiyini söyləyənlər yanılmır. Ölkəyə axan neft pulları da xalqımıza bədbəxtlik, yoxsulluq gətirməkdə davam edir. Məlum qrupun əlinə keçən bu pullar  yalnız xalqın vəziyyətini ağırlaşdırmaq üçün düşünülən istiqamətlərə xərclənir. Sələmçi banklar, şişirdilmiş layihələr, işsizlik, yoxsulluq ölkəni dibi görünməz bir uçuruma yuvarlamaqdadır. Düşünülən layihələrin heç biri  xalqın rifahını yaxşılaşdırmağa hesablanmır. Bunca antixalq hakimiyyətin mövcudluğu heç bir işğal rejimində belə mümkün deyil.
Belə layihələrin biri də Ağcabədi və Beyləqan rayonu ərazisində 3300 və 1500 ha qış otlaq sahələrində özəl pilot taxılçılıq təsərrüfatlarının yaradılmasıdır. Beyləqan rayonunda məskunlaşmış məcburi köçkünlərə məxsus ərazilərə gözü düşən hökumətimiz 2012-ci ildə 11 aprel tarixli  sərəncamla özəl taxılçılıq təsərrüfatının yaradılmasını  məqsədəuyğun hesab edib. Bir faktı xatırladım ki, Nazirlər Kabineti və Sahibkarlığa Milli Kömək Fondu kompensasiyaya  ayrılan vəsaiti mövcud təsərrüfatlara yönəltsəydi, daha müsbət nəticələr əldə edərdi. Lakin ənənəvi yolla getməyi üstün bilən dövlət və hökumət orqanları onlarla ailəni torpaqsız və işsiz qoymağa üstünlük verdi. Bir zamanlar Xızı  rayonunda kreditlər hesabına yaradılmış pilot təsərrüfatların aqibətini yaxşı bilən Beyləqan rayonu Icra hakimiyyətinin indiki başçısı V.Abdullayev əsl canfəşanlıqla sənədli yerləri sənədsiz, zəbt olunmuş elan etməklə  kompensasiyalara göz dikib. Özü də çox məharətlə bir cümlə “kəşf” edib: “Beyləqan rayonu IH tərəfindən torpaq  ayrılmamışdır”. Məsələ nədir?
Bu torpaqlar 2006-cı ilədək Ağdam rayonunun istifadəsində olub və bu torpaqları da Beyləqan deyil, Ağdam rayonu Icra Hakimiyyəti vətəndaşlara ayırıb. Hüquqi ünvanlı müəssisəni tapmaq üçün elə də axtarış lazım deyil. Sahibkarlığın Inkişafı Milli Fondu ilə sövdələşməyə başı qarışanlar 2000 ha sahədən 1300 ha-dan artıq torpaq əldə etmək üçün ən çirkin oyunlara gedib. Əsasən şəhid ailələri, müharibə əlilləri və veteranlarına məxsus əraziləri içərisində  pambıq, yonca və s. əkinlərinə rəğmən, görə bilməyiblər. Bu da iqtidarın hazırda hərbi-vətənpərvərlik çal-çağırında nə qədər qeyri-səmimi olmasının göstəricisidir.
Mövcud tərəflər qurduğu oyundan necə fərəhlənibsə, günahla əsil ötür-ötür oyunu başlayıb. Nazirlər Kabineti Iqtisadi Inkişaf Nazirliyinə, IIN Sahibkarlığa Kömək Milli Fonduna, o da öz növbəsində Beyləqan IH-ə ötürmələr edir. Əslində, bu qanunsuz addımı atmaqda hər kəsin rolu görünür. Nazirlər Kabineti məlum sərəncamı 11 aprel 2012-ci ildə imzalayandan sonra yadına “Torpaq Məcəlləsi”nin 6-cı bəndi düşüb və anlayıb ki, bu ərazilərdə kütləvi əkinçilik qadağandır. Vəziyyətdən çıxmaq üçün Nazirlər Kabineti 14 iyun 2012-ci ildə əkinçiliyə icazə verən sərəncam imzalayıb. Beyləqan rayon IH isə may ayından 241 saylı etibarnamə ilə Zakir Əjdər oğlu Mehdiyevin təmsilçiliyilə əhali ilə müqavilə bağlayıb. IIN və Fond əməkdaşları əsl “kəşfiyyat” xarakterli reydlərlə ərazilərdə olub. Məqsəd heç bir tarif göstərmədən kompensasiya adıyla xalqı Ilham Əliyevin adıyla qorxudaraq torpaqları ələ keçirmək olub. Tariflərin gizlədilməsi saxta qiymətlərin, kompensasiyaların ödənməsinə gətirib çıxarıb. Məsələn, bir subartezian quyusu, 1 km-lik elektrik xətti, transformator yarımstansiyası, 20 tonluq su çəni, ferması olan müharibə əlillərindən təşkil olunmuş “Sığnaq” firmasına  kompensasiya nəzərdə tutmayan Fond Beyləqanın sabiq icra başçısı Qəni Əhmədovun boş sahəsinə 35 min manat ödəyib. Üstəlik, 1996-cı ildə sabiq prezident H.Əliyevə müraciət əsasında verilmiş və 2020-ci ilədək şəhadətnaməsi olan  fermanı, 30 ha pambıq sahəsini görməmək mümkün deyildi. Özəl pilot təsərrüfatı yaradanlara dəfələrlə müraciət edib kredit ala bilməyənlərin gözü qarşısında bu talançılığı görənlər  günahkarların tapılmasını və cəzalandırılmasını tələb edir.
Hakimiyyətin himayəsində pilot təsərrüfat yaradanlar  Xəzəngül Qurbanova – şəhid ailəsi, Xeyransa Əsədova – şəhid ailəsi, Xaqani Rzaquliyev – müharibə əlili, jurnalist, Nizami Rzaquliyev – müharibə veteranı və başqalarının torpaqlarını ələ keçirmək istəyirlər.
Pilot təsərrüfat əslində hakimiyyətin özəl “kolxoz”  yaratmaq niyyətində olduğunu göstərir. Sahibkarlığa Kömək Milli Fondunun əlilə son illər müxtəlif təsərrüfat subyektlərinə böyük pullar ayrılır.  
Məsələn, 2002-2003-cü illərdə Sahibkarlığa Kömək Milli Fondundan verilən kiçik kreditlər 10 min manata qədər, böyük kreditlərsə 100 min manat manat idisə, 2011-ci ildə kiçik kreditlər 50 min manata qədər, böyük kreditlərsə 10 milyon manatadək artırılıb. Belə bir fürsətdən yararlanmaq istəyən hakimiyyət “kolxoz” quruculuğuna start verib. Yaxın adamlarının adına pilot təsərrüfatlar yaradan antimilli hakimiyyət səlahiyyətliləri Sahibkarlığa Kömək Milli Fondundan ayrılan pulları mənimsəyirlər. Bunun üçün ən yaxşı üsul həqiqi sahibkarların, təsərrüfatla məşğul olanların torpaqlarını ələ keçirməkdir. Torpağın hektarı nə qədər çox olarsa, Milli Fonddan bir o qədər artıq pul almaq olar.
Kiçik təssərrüfatı ilə məşğul olanlar kiçik kreditləri almaq üçün min bir əziyyətə qatlaşır, saysız sənəd təqdim etməyə məcbur edilirlər və çox vaxt da bu kreditləri ala bilmirlər.
“Biləsuvar rayonu ərazisində Konserv məhsulları istehsalı üçün kredit verilib. 100 yeni iş yeri açılıb” – bu məlumatı Sahibkarlığa Kömək Milli Fondunun saytından götürmüşəm. Orada krediti kimin, yaxud hansı təşkilatın aldığı yazılmayıb. Ancaq hamı bilir ki, Biləsuvarda min hektarlarla sahəni “Azərsun” ələ keçirib. Deməli, krediti də yerli sahibkar yox, xarici vətəndaş alıb. Belə misallar çoxdur.
Aldığımız xəbərə görə, Beyləqan rayonu ərazisində də “Qarabağ” ASC – fərdi pilot təsərrüfatı yaradıblar. Yeri gəlmişkən, rayonda kollektorların dövlət hesabına təmizlənməsi də “Qarabağ”ın adına yazılır. Guya bu təsərrüfat layihə, plan, smeta hazırlayıb və bütün bu işləri həyata keçirib. Vətəndaşların qanuni, sənədi olan torpaqlarını da qanunsuz sayıb bu yolla həmin pilot təsərrüfatının – kolxozun adına ələ keçirirlər. Daha çox vəsait əldə etmək üçün…

Rövşən Hacıbəyli