
Prokurorluq orqanlarının cinayətkarları, konkret halda şəxsən mənə işgəncə verənləri necə himayə etdiyini faktlarla sizə təqdim edəcəm.
2019-cu il 19 oktyabr mitinqi zamanı zorakılıqla həbs olunaraq işgəncəyə məruz qalmağım faktı üzrə cinayət işinin qaldırılması və məsul şəxslərin cəzalandırılması tələbilə 24 oktyabr 2019-cu il tarixdə Azərbaycan Respublikasının Baş Prokurorluğuna şikayət təqdim etmişəm.
Sənədin prokurorluğa təqdim olunmasından iki aydan çox müddət ötməsinə baxmayaraq şikayətimə baxılmasının nəticələri barədə mənə hər hansı rəsmi məlumat verilməyib. Həmçinin həmin dövr ərzində bədənimdəki işgəncə izləri ilə bağlı tibbi ekspertizadan keçirilməyim, ərazidəki kamera görüntülərinin tələb edilərək mənim və vəkilimin iştirakı ilə araşdırılması və digər prosessual hərəkətlər aparılması barədə vəsatətlərim də təmin edilməyib.
Şikayətimlə bağlı prokurorluqdan hər hansı cavab almadığım üçün 2 ay sonra – 27 dekabr 2019-cu ildə qanunvericiliyin tələbinə uyğun olaraq ona təcili baxılıb qərar verilməsi və bu barədə məlumatlandırılmağım barədə ərizə ilə ölkənin Baş Prokurorluğuna və araşdırmanı aparan Bakı Şəhər Prokurorluğuna müraciət etmişəm. Bakı Şəhər Prokurorluğunun 22 yanvar 2020-ci il tarixli cavabı nəhayət, fevral ayının 13-də (21 gün sonra) mənə çatdırılıb. Həmin qurumun İstintaq İdarəsinin rəisi Rəşad Mənsurovun imzaladığı məktubla mənə bildirilib ki, şikayətimlə bağlı cinayət işinin başlanmasından imtina barədə 5 dekabr 2019-cu il tarixdə qərar çıxarılıb və həmin sənəd guya mənim yaşadığım ünvana göndərilib. Ağ yalandır. Mənə bu barədə heç bir məlumat verilməyib və təsadüfi deyil ki, Bakı Şəhər Prokurorluğunun mənə cavabında cinayət işinin başlanmasından imtina barədə qərarın mənə nə vaxt göndərildiyi haqda heç nə göstərilməyib və bunu təsdiqləyən hər hansı sübut əlavə edilməyib. Həmçinin istintaq orqanı qərarın surətini də məktuba əlavə etməyə ehtiyac görməyib.
Beləliklə, prokurorluq hər hansı araşdırma aparmadan mənə qarşı işgəncə faktını ört- basdır edib və işgəncə verənləri məsuliyyətdən yayındırmağa çalışıb. Prokurorluq mənə işgəncə verilməsi faktı ilə bağlı cinayət işinin başlanmasından imtina barədə qərarını məndən qəsdən gizlədib ki, həmin qərardan vaxtında şikayət edə bilməyim. Bakı Şəhər prokurorluğunun nəhayət, 3 aydan sonra mənə yazdığı cavab məktubunun Bakının içində mənə 21 gün sonra çatdırılmasında da məqsəd mənim hüquqlarımı pozmaq və prokurorluğun qərarından məhkəməyə şikayət etmək imkanımı məhdudlaşdırmaq olub (şikayətimin Avropa İnsan Hüquqları Məhkəməsinə gedə bilməməsi üçün). Yaradılan maneələrə baxmayaraq, hüquq müstəvisində mübarizəmiz davam edir. Elə bu gün prokurorluğun qərarından şikayətimi Səbail məhkəməsinə göndərdim.
İşimiz çətindir. İlham Əliyev hətta vəzifəsi qanunçuluğa nəzarət etmək olan prokurorluq orqanlarını da işgəncə və repressiya mexanizminin bir hissəsinə çevirə bilib. Ancaq əlbəttə, ki, çıxış yolu var və bu çıxış yolu xalqımızın dinc və konstitusion mübarizəyə hamılıqla qoşulmasından keçir.