Human Rights Watch Azərbaycandakı vəziyyətə müdaxilə etməklə bağlı BMT rəhbərinə çağırış ünvanladı
Azərbaycanda ən azı səkkiz jurnalist və üç hüquq müdafiəçisi həbsxanadadır, ifadə azadlığı ciddi şəkildə məhdudlaşdırılıb. Eyni zamanda bu ölkə NATO-nun himayəsi ilə Internet Idarəçiliyi Forumu keçirir.
Bu barədə Human Rights Watch beynəlxalq hüquq müdafiə təşkilatının bəyanatında deyilir.
Hökumət həbsdə olan jurnalistlərin və fəalların azadlığa buraxılması, böhtanın dekriminallaşdırılması, paytaxtın mərkəzində müxalifətin mitinqlərinə qadağaların qoyulması üçün bu imkandan istifadə etməlidir.
Noyabrın 6-9-da NATO-nun himayəsi ilə Internet Idarəçiliyi Forumunda hökumət, vətəndaş cəmiyyətinin üzvləri insan inkişafınıntəminatı məqsədilə Internet sahəsində dövlət siyasəti məsələlərini müzakirə edir.
“Lakin bu potensialı reallaşdırmaq üçün Azərbaycan öz vətəndaşlarının repressiyadan qorxmayaraq fikrini ifadə etmək azadlığını təmin etməlidir”, HRW-nin Cənubi Qafqaz üzrə nümayəndəsi Georgi Qogiya bildirib.
HRW-nin Forum ərəfəsində hazırladığı 10 səhifəlik sənəddə qeyd olunur ki, Azərbaycanda jurnalistlər və hüquq müdafiəçiləri öz jurnalist araşdırmalarına, siyasi fəallığına görə həbs olunur, təqiblərə məruz qalır. Əvəz Zeynallının, Vidadi Isgəndərovun, Idrak Abbasovun və digərlərinin işləri yada salınır. Təşkilat Forumun formal təşkilatçısı olan BMT baş katibi Pan Gi Munu Azərbaycan hökumətinə insan haqları üzrə öhdəliklərini xatırlatmağa çağırır. Sənəddə həmçinin qeyd olunur ki, Azərbaycan hakimiyyəti dinc etiraz aksiyalarını zorakılıqla və dinc nümayişçilərin həbsi ilə dağıtmaqla ifadə azadlığını məhdudlaşdırır. Fəallar dinc nümayişləri təşkil etmək üçün sosial KIV-dən istifadə edirlər. Lakin 2006-cı ilin əvvəlindən hakimiyyət Bakının mərkəzində müxalifətin bir etiraz aksiyasına belə icazə verməyib. Bu cür qadağa Azərbaycanın toplaşma və ifadə azadlığına hörmətlə bağlı beynəlxalq öhdəliklərinə ziddir, HRW qeyd edir(Turan).