Tunisdəki inqilab və ardınca da ərəb dünyasındakı hərəkətlilik bizim ölkənin vətəndaşlarını xeyli həvəsləndirib. Yaxşı da edib. Həvəslənməyə əsas da var. Çünki son illərdə bizim əhalidə belə bir fikir formalaşmışdı ki, artıq ümid bəsləməyə dəyməz, hər şey bitdi, bizdə də ərəb ölkələrindəki kimi əbədi monarxiya mövcud olacaq. Hakimiyyətin də istədiyi bu idi ki, xalq ümidini kəssin, azadlıqlar və haqlar uğrunda səsini qaldıranlara desinlər ki, niyə özünüzü yorursunuz, xeyri yoxdur. Amma Tunisdəki hadisələr sübut etdi ki, əksinə, avtoritar hakimiyyətlərin cəhdlərinin xeyri yoxdur, ömürlərini uzada bilərlər, qazanclarını artıra bilərlər, amma devrilmək onların alın yazısıdır, haqq etdikləri bir qismətdir, öz əməllərinin gətirdiyi sonluqdur. Indi bütün dünya görür ki, zalım və təhlükəli hakimiyyətlər nəinki əbədi deyil, günün birində qaçıb ölkədən gedəcək dərəcədə dayaqsızdır.
Bir məqamı təkrar-təkrar yazmaqdan yorulmuram. Belə hakimiyyətlərin ömrünü uzadan başlıca səbəb daha çox adamın onun qabağından qaçması, daha çox adamın ondan qorxmasıdır. Normalda bu cür hakimiyyətlərə hamıdan öncə etiraz etməli olan adamların ona baş əyməsi, qulluq etməsi təsirsiz ötüşmür. Sonda köməyə çatmasa da, soyğunçu hakimiyyətlərin yaşamasına onlar böyük dəstək vermiş olur. Bu adamların mənfur rolunu görmək üçün çox misallar gətirmək olar. Hətta bu misallar Tunis inqilabı dövrünə də təsadüf edir.
Bilirsiniz ki, bu arada media və jurnalistlər siyasətçilərə, ekspertlərə, ictimai fəallara sual verir ki, bəs Tunisdəki, Misirdəki hadisələr Azərbaycana da təsir edə bilərmi. Təbii ki, bu suala daha çox tanınmış ictimai xadim Zərdüşt Əlizadə cavab verməli olur. Bunun bir neçə səbəbi var: Zərdüşt bəy suallara həmişə maraqlı və dolğun cavablar verir, düzünü deməkdən çəkinmir, üstəlik, o ərəb dünyasını çox yaxşı tanıyır. Mövzudan kənara çıxmaq olmasın, aylar öncə Zərdüşt bəylə bir tədbirdə görüşdüm, dedi ki, hansısa ərəb ölkəsindən səfərdən gəlib və Azərbaycanla oxşarlıqlardan danışdı. Elə indi də Zərdüşt bəy deyir ki, Azərbaycanla bu ölkələr arasında çox oxşarlıqlar var və müstəbidlər orda da, burda da devriləcək. Zərdüşt bəy köhnə ampluasındadır…
Bəs köhnə politoloq, təzə deputat Rasim Musabəyov nə deyir? Siz görün ki, mandat adama nələr dedirdir. “Azadlıq” radiosunda Zərdüşt bəylə eyni verilişdə ona da sual veriblər ki, ərəb dünyasını bürüyən təlatümlər Azərbaycana da çata bilərmi? Rasim müəllim deyə bilərdi ki, yox, çata bilməz. Bunu təəssüflə də deyə bilərdi, sevinərək də. Amma o nə desə yaxşıdır?..
“Bu, daha çox Qazaxıstan rəhbərliyini narahat etməlidir”
– Mən Azərbaycanla ərəb dünyası arasında paralellər aparılmasını düzgün saymıram. Bu, daha çox Qazaxıstan rəhbərliyini narahat etməlidir. Bilirsiniz ki, Qazaxıstana 20 ildir N.Nazarbayev rəhbərlik edir. Indi də referendum yolu ilə onun hakimiyyətinin ömrünü daha 10 il uzatmaq istəyirlər. Hesab edirəm ki, Qazaxıstan hakimiyyəti bu hadisələrdən özü üçün bir dərs çıxarmalıdır. Bəlkə də bu hadisələr Özbəkistan üçün də diqqətə layiqdir. O ki qaldı Azərbaycana, burada iqtisadi böhran yoxdur. Iqtisadi inkişaf yüksələn xətlə davam edir.
Rasim müəllim Nursultan Nazarbayevi əməlli-başlı qorxudub. Axı Əliyevlər niyə qorxmalıdır? Niyə dərs almalıdır? Hələ 20 il düzəlməyib hakimiyyətləri. Özü də hakimiyyəti uzatmaq istəmirlər, referendum da keçirməyiblər. Üstəlik, bizdə iqtisadi inkişaf o qədər sürətlənib ki, Azərbaycanda hamı qaz vurub, mandat qazanır. Qazaxıstanın isə nə nefti var, nə də taxılı. Bank sektorunda, pensiyaların səviyyəsində, maaşlarda, iqtisadi azadlıqlarda bizdən öndə olmaları belə işə yaramır. Üstəlik, yazıq qazax xalqının xəbəri yoxdur ki, onun Rasim Musabəyov kimi təəssübkeşi və inqilab strateqi var. Gözləyin, əziz qazaxlar, Tunis inqilabı sizə də gəlir.
Rasim Musabəyov Nazarbayevi niyə qorxutdu?
•