Əliyevin idarəçiliyin nəticələri

Süleymaninin ölümü və ölkənin durumu 

Son günlərin əsas müzakirə mövzusu İranlı general Qasım Süleymaninin ölümüdü. ABŞ və İran arasındakı qarşıdurma Azərbaycanda əsəbləri coşdurub. Qeyri-adekvat, zərərli mövqelər adamı dəhşətə gətirir.Əlbəttə, Azərbaycan müsəlman ölkəsidir, dinimiz İslamdı. Azərbaycanda qurulacaq demokratik sistemdə də hər bir vətəndaşın etiqad azadlığı təmin ediləcək, hamı seçimində azad olacaq, hamının dini kimliyinə hörmət ediləcək, dini ritualların həyata keçirilməsinə heç kim maneə yarada bilməyəcək. Ən əsası dövlət vətəndaşına dini kimliyinə , siyasi mövqeyinə, etnik kimliyinə görə fərq qoymayacaq. Amma son baş verən hadisələrdə narahatlıq  yaradan məqamlar var və bu çox təhlükəli tendensiyadır. İranda hansısa generalın öldürülməsinə münasibət bildirmək olar. Kiməsə simpatiya və antipatiya bəsləmək olar. Ancaq bütün bunlar ölkə vətəndaşlarını üz-üzə qoymamalıdır. Azərbaycanın maraqları, dövlətin təhlükəsizliyi, milli təəssübkeşlik hər şeydən üstün olmalıdır. Bu mənada Süleymaninin öldürülməsi də ölkə daxilində müxtəlif cəbhələr açmamalıdır. Hər bir vətəndaş başa düşməlidir ki, belə məqamlar düşmənlər üçün fürsətdi və gələcəkdə də bu kimi halları yaratmaqla ölkəyə  nifrət toxumu səpə bilərlər. Dini və etnik kimliyindən asılı olmayaraq hər bir vətəndaş hadisələrə adekvat reaksiya verməlidir. İran və ABŞ yaranmış vəziyyəti hər hansı formada çözəcəklər və hadisə arxada qalacaq. Ona görə də məlum hadisədən zərər çəkən biz olmamalıyıq. İki güclü dövlətin qarşıdurmasından Azərbaycan itirməməlidir. Bu gün vətəndaş həmrəyliyinə daha çox ehtiyac duyulur.Digər tərəfdən hadisənin mahiyyətini anlamadan, təfərrüatlara varmadan  fikir yürüdən, mövqe qoyan xeyli adamlar var ki, prosesi daha da qızışdırır.  

Və sonda 

Yuxarıda da qeyd etdiyimiz kimi bütün neqativlərin kökündə mövcud idarəçilik dayanır. Ləyaqətli ilahiyyatçıları təcrid edib, yaltaq mollaları önə çıxarmağın, vətənini sevən ziyalıları didərgin salıb, geydirmə adamlardan “ziyalı” düzəltməyin, maarifçiliyi “hakim ailəyə yaltaqlıq” kimi təbliğ etməyin, fərqli fikri boğmağın, müstəqil mətbuatı yox etməyin, milli maraqları şəxsi mənafeyə qurban verməyin, təhsili rüşvət yuvasına çevirməyin, ölkədən beyin axınını stimullaşdırmağın, efirləri mənəviyyat kasıbları ilə doldurmağın, bütün potensialı müxalifəti sıradan çıxarmağa yönəltməyin nəticəsi belə də olmalıydı. Görünür, Əliyev hakimiyyətinə bu reallıq sərf edir. Vətəndaşların ümumi dəyər uğrunda birləşməməsi üçün,  hər cür zəhər istehsal etməyi məqbul sayırlar. Nəticədə isə xalq itirir və bir ailənin hökmranlığı davam edir. Unutmayaq ki, dövlətin maraqlarını, xalqın rifahını düşünmək, zülmə boyun əyməmək də ibadətdi və bu ibadət bütün vətəndaşların boynunun borcudu.