kamal-ramil

“Fövqəlnazir” Ramil Usubova qarşı hücum əmri verib

kamal-ramilKəmaləddin Heydərovla daxili işlər naziri arasında qarşıdurma yaranıb

Hakimiyyətdə iki məmur arasında qarşıdurma yaranıb. Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, həmin məmurlar fövqəladə hallar naziri Kəmaləddin Heydərovla daxili işlər naziri Ramil Usubovdur. “Fövqəlnazir”lə Ramil Usubov arasındakı bu qarşıdurmanın motivi hələlik bizə bəlli deyil.
Lakin iddialara görə, Kəmaləddin Heydərov daxili işlər nazirinə bərk qəzəblənib və konflikt artıq əndazəsini aşıb. Iş o yerə çatıb ki, “fövqəlnazir” nəzarətində olan KIV-lərə Ramil Usubovun təsir, nüfuz və səlahiyyəti daxilində olan bütün məsələlərlə bağlı araşdırma materiallar yaymağı tapşırıb. Mənbə israrla bildirir ki, Kəmaləddin Heydərovun qərarı qətidir və yaxın vaxtlarda Ramil Usubovla bağlı ciddi araşdırma materiallar yayılacaq.
Məlumat üçün deyək ki, Kəmaləddin Heydərovla Ramil Usubov bundan əvvəl də toqquşub. Iki nazirin münasibətləri xüsusilə “fövqəlnazir”in qardaşı Səməd Heydərovla daxili işlər nazirinin mühafizəçisi Kandaurov arasında baş verən silahlı insedentdən sonra pozulmuşdu. Bundan sonra Usubovla Heydərov DIN-in bəzi strukturlarının FHN-ə birləşmədirilməsi zamanı toqquşdu. Lakin bu məsələlər arxada qalıb. Indi nazirlər arasında nə baş verdiyi aydın deyil. Daha doğrusu, bu barədə qəzetimizə müəyyən məlumatlar sızıb. Hələ dəqiqləşdirmə apardığımızdan dərc etmirik.

Informasiya şöbəsi