Gülmək üçün əvvəlcə möhkəm ağlamaq lazımdır

Mən ancaq bir neçə gündən sonra xatırladım ki, Misir həm də Məhfuz Naqib kimi bir yazıçının, müsəlman dünyasında birinci dəfə Nobel mükafatı almış ədəbiyyat adamının vətənidir. Ərəb Misiri bir qədər başqa anlam kəsb etsə də, Misirin təqdimata elə bir ehtiyacı yoxdur. Hə, ilk sivilizasiyanın meydana çıxdığı ölkə. Prinsipcə, bu təqdimat yetərlidir. Amma bu gün təqdimat yada düşürmü? Təqdimatı misirli gənclər Qahirənin, Isgəndəriyyənin küçələrində edirlər. Mən çox ümidli idim. Amma bu sətirləri yazanda hadisələrə hələ çox da aydınlıq gəlməmişdi.
Hə, Nobel mükafatı laureatı, birmənalı şəkildə qərb təmayüllü insan – M.Bəradeyi proseslərə qoşuldu. Fəqət, bu, bir nəticə ilə yekunlaşacaqmı? Bir daha təkrar edirəm, mən çox ümidli idim. Amma ABŞ prezidenti B.Obamanın bəyanatı məni çox məyus etdi. Bəs nə dedi Obama? H.Mübarəki islahatlar aparmağa, tərəfləri zorakılıqdan çəkinməyə səslədi! Maraqlı məsələdir. Otuz il hakimiyyətdə olan Mübarək əgər bu vaxta qədər islahat aparmayıbsa, bundan sonra nə islahat aparacaq? 81 yaşlı diktatorun yadına heç islahat düşürmü? Belə yaşda islahat aparmırlar, dincəlmək üçün təqaüdə çıxırlar! Əslində bu, dolayı yolla Mübarəkə dəstəkdi və heç təsadüfi deyil, bundan sonra diktator vəziyyətə daha fəal müdaxilə etməyə başladı. Niyə belə oldu? Ötən yazıda qeyd etmişdim ki, bir çox hallarda Qərb ölkələri seçim qarşısında qalırlar: Nəyi dəstəkləməli? Despotik, amma dünyəvi siyasi qüvvəni, yoxsa teokratik respublikanı? Məsələ yenə bu yerdə ilişdi. Çoxunu sonuncu parlament seçkisində təxminən 20 faiz səs almış, amma buna zidd olaraq qanunverici orqana buraxılmayan “müsəlman qardaşları” kimi siyasi qüvvələr narahat edir. Əslində Bəradeyinin proseslərə qoşulması və özünü müxalifətin lideri kimi təqdim etməsi bu qorxuları səngitməli idi, çünki o, əsl mənada Qərbin adamıdır. Amma bu detal da Qərbi, xüsusən də ABŞ-ı hələ ki inandırmaq iqtidarında deyil. Təbii, hadisələrin növbəti inkişafını gözləmək lazımdır.
Artıq qan tökülüb, ölənlər var. Amma proseslər artan istiqamətdə getmədi, bu sətirlərin yazıldığı vaxt hələlik bunu demək mümkündür. Fəqət, bütün hallarda indi cərəyan edən siyasi proseslər təsirsiz ötüşməyəcək. Öz kreslosunda iyirmi-otuz il oturan və bu vaxta qədər heç bir ciddi etirazla üzləşməyən tiranlar birdən-birə cəmiyyətin təpkisi ilə qarşılaşdılar. Onlara bu, dərs olacaqmı? Bilmirəm. Hansısa ərəb diktatorunun demokratiya yolunu tutub islahatlar aparmasına inanmaq lap uçan boşqablara inanmaq kimidir, kimin üçünsə maraqlı görünə bilər, ancaq… Həm də Mübarək tükənmiş bir siyasi fiqurdur, 81 yaşından sonra insan ancaq axirətlə bağlı planlar cızar, onunla bağlı nəsə etmək istəyər. Ola bilsin, Misirdə də həm Qərbin, həm də yerli cəmiyyətin diqqətini çaşdırmaq istəyirlər ki, gənc siyasətçi, Mübarəkin oğlu Camal gəlib islahatlar aparacaq, 81 yaşlı atasının otuz ildə etmədiyini edəcək! Bu, sizə nəyisə xatırlatmır ki?!

N.Nazarbayev xalqın ismarışını tutdu!

Vallah, bu siyasət tragikomediyadır. Qazaxıstanda da əsl dramatik hadisələr yaşanır. Parlament, cəmiyyət və konstitusiya məhkəməsi Nazarbayevi dilə tutmağa çalışırlar ki, bəs bizləri qoyub getmə, 2020-ci ilə qədər də bizi idarə et, sonrasına isə baxarıq… Anekdot deyilmi? 70 yaşlı diktator da nəhayət ki, razılığını verib və deyib ki, mən xalqın siqnalını tutdum, xalq demək istəyir ki, postu qoyub getmə!.. Gülək, ya ağlayaq? Bilmirəm. Nə vaxtsa güləcəyik, özü də ürəkdən, amma bunun üçün indi ağlamaq lazımdır, özü də necə var, lap möhkəmcə…

İnternet diktaturaları çökdürür!

Bu hadisələr daha bir maraqlı detalla yadda qaldı. Bəli, ilk dəfə idi ki, siyasi proseslərdə internet də özünü ciddi bir sosial amil kimi təsdiq edirdi. Hakim qüvvələr bundan sonra internetə də daha ciddi şəkildə nəzarət etmək üçün mexanizmlər axtaracaqlar, şəxsən mən buna şübhə etmirəm. Ola bilsin ki, adını terrorizmlə, ekstremizmlə mübarizə qoyacaqlar və bunun fərqi yoxdur, əsas odur ki, onlar artıq bu haqda düşünməyə başlayıblar…