9 fevral seçkilərinin beynəlxalq legitimliyi artıq şübhə altına alındı

Əli Kərimli Avropa Parlamentinin qərarına münasibət bildirdi

AXCP sədri Əli Kərimli Avropa Parlamentinin Azərbaycanda 9 fevral seçkisini müşahidədən etməmək qərarına münasibət bildirib. Ə.Kərimli feysbuk səhifəsində yazıb:

Avropa Parlamentinin müşahidədən imtina etməsi 9 fevral seçkisilə bağlı indiyə qədər baş vermiş ən ciddi hadisədir. Avropa Parlamenti təkcə seçkiləri müşahidədən imtina etməyib, həm də hər bir üzvünə Azərbaycandakı seçkilər barədə Avropa Parlamenti adından açıqlama verməyi qadağan edib. Etiraf etmək lazımdır ki, ciddi qərardır və bu qərar 9 fevral seçkilərinin beynəlxalq legitimliyini artıq indidən sarsıtdı. Avropa Parlamenti özü qərarını izah etməyib. Ancaq biz özümüz son illərdə baş verənləri yada salıb müəyyənləşdirə bilərik ki, hansı faktorlar bu qərarın qəbuluna səbəb olub.

1. Ötən illərdə Azərbaycan hakimiyyətinin kürü diplomatiyası ifşa olundu. Avropa və bütün dünya bildi ki, rejimin Azərbaycandan oğurlayıb Londondakı ofşor şirkətlərin hesabına yatızdırdığı 3.9 milyard dollar pulun 50 milyon avrosu avropalı siyasətçilərin satın alınmasına xərclənibmiş. Bütün dünya onu da bildi ki, Azərbaycan hakimiyyətinin satın aldığı avropalı siyasətçilərdən əsasən iki istəyi olub. Azərbaycanda insan hüquqları pozulmasını, siyasi məhbus mövzusunu ört-basdır etmək və saxtalaşdırılan seçkilərə demokratik seçki donu geyindirmək. Avropa Parlamentinin son qərarı Azərbaycan hakimiyyətinin kürü diplomatiyasının iflasının nəticəsidir.
2. ATƏT-in seçkiqabağı vəziyyəti dəyərləndirən hesabatında Milli Şuranın seçkiləri boykot etməklə bağlı bəyanatında irəli sürülmüş bütün tənqidi qeydlər öz əksini tapıb. Həmin sənədlərdən açıq-aşkar görünür ki, Azərbaycanda heç bir demokratik seçki şəraiti yoxdur. Ölkənin həbsxanalarında 120 nəfərdən artıq siyasi məhbus var. Mətbuat tamamilə sıradan çıxarılıb, sərbəst toplaşma azadlığı tam olaraq qadağan edilib. İndiyə qədər ATƏT, Avropa Şurası və Avropa Birliyi tərəfindən Azərbaycan hakimiyyətinə təqdim olunmuş seçki islahatları təklifinin heç biri nəzərə alınmayıb. Avropa Parlamentinin son qərarı ölkədə azad seçki mühitinin olmadığının qəbul edilməsidir.
3. Azərbaycan müxalifətinin avanqard qüvvəsi olan Milli Şura parlament seçkilərini boykot edib. Müxalifət adından seçkilərə qatılan ayrı-ayrı partiya və şəxslərin cəhdlərinə baxmayaraq, ötən bir ayda ölkədə seçki ovqatı yaranmayıb. Seçki kampaniyası üçün ayrılmış 2 aylıq müddətin yarısı arxada qalsa da, parlament seçkiləri hələ də ölkənin əsas gündəminə çevrilə bilməyib. Bir çox namizədlərin seçkilərə qatılmasına maneələr yaradılıb. Xalqın parlament seçkilərinə maraq göstərmədiyi də çox aydın şəkildə görünməkdədir.

Güman etmək olar ki, bütün bu faktorları nəzərə alaraq Avropa Parlamentində Azərbaycanda 9 fevralda keçiriləcək seçkilərin rəqabətsiz və azadlıqların boğulduğu mühitdə keçəcəyi qənaətinə gəliblər. Və hesab ediblər ki, nəticələri əvvəlcədən bəlli olan bu seçkiləri müşahidə edərək ona ciddiyət qazandırmağa ehtiyac yoxdur. Avropa Parlamentinin qərarını düzgün hesab edirəm və hesab edirəm ki, bu qərar 9 fevral parlament seçkilərinin beynəlxalq legitimliyini artıq indidən ciddi şəkildə şübhə altına aldı.