“Kömək edin. Diktator məni öldürəcək…”

Hüseyn Abdullayev Almaniya hökumətindən kömək istədi

6 il həbs cəzası kəsilmiş keçmiş deputat Hüseyn Abdullayev və onunla birlikdə mühakimə olunub cərimə cəzası almış anası Zeynəb Abdullayeva bu hökmdən şikayət veriblər.

Onların şikayətinə Bakı Apellyasiya Məhkəməsində Faiq Qasımovun sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Yanvarın 7-də hakimlər 70 yaşlı Zeynəb Abdullayevaya çıxış etmək imkanı yaratsalar da, o, imtina edib. Deyib ki, çıxışa hazır deyil, vaxt istəyir.

Amma oğlu Hüseyn Abdullayev çıxış etmək istəyib. Ona icazə verilməyib. Deyilib ki, bundan əvvəlki məhkəmə iclaslarında ətraflı danışıb, sözünü deyib.

Hakim məhkəmənin yanvarın 14-nə təxirə salındığını elan edəndə Hüseyn Abdullayev saxlandığı şüşə kabinədən ağlaya-ağlaya qışqıraraq, Almaniya hökumətindən kömək istəyib:

“Mənim hüquqlarım pozulur. Xahiş edirəm, mənə kömək edin. Həyatım təhlükədədir. Diktator məni öldürəcək…” (azadliq.org).

Xatırladaq ki, H.Abdullayev Almaniyadan siyasi sığınacaq almışdı, amma 2018-ci ildə Türkiyəyə səfər edərkən orada saxlanılmış, daha sonra Azərbaycana təhvil verilmişdi.