Fuad Qəhrəmanlı: «Hazırda Qərbdə də etiraf edirlər ki…»
Tunisdə baş verən hakimiyyət dəyişikliyinə, Misirdə və Yəməndəki demokratikləşmə prosesinə Qərbdən gələn dəstək Azərbaycan hakimiyyətinin əsas arqumentini alt-üst edir. Çünki hakimiyyət ideoloqları bir qayda olaraq, Gürcüstan və Ukraynada baş verən məxməri inqilabların Azərbaycanda təkrarlanmasını istisna edirdilər. Səbəb kimi isə Qərbin müsəlman ölkələrinə ikili standartlarla yanaşması vurğulanırdı. Amma Yaxın Şərqdə baş verən son olaylar bu fikrin reallığa uyğun olmadığını göstərdi.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı da deyir ki, beynəlxalq səviyyədə demokratik dəyərlərə münasibətdə iki cür yanaşma mövcuddur. Birinci yanaşmaya görə, bu prinsip ümumbəşəri dəyərdir və hər bir xalq dinindən, iqtisadi formasiyasından asılı olmayaraq, ona sahib ola bilər. Bu, eyni zamanda, ikinci yanaşmanın da tam əksidir. Ikinci yanaşmada demokratiyanın yalnız Qərb sivilizasiyasına aid məhfum olduğu düşünülür.
“Belə düşünülür ki, Şərq toplumları etnik mənşəyinə görə demokratik idarəetməyə uyğun deyil. Amma hazırda Yaxın Şərqdə baş verən proseslər əksini sübut edir. Bu, bir daha göstərir ki, Şərq xalqları da demokratik dəyərlərlə idarə oluna bilər. Yəni, Şərq xalqlarının kütləvi şəkildə demokratik prosesə qoşulması təsadüfi deyil”, – deyə Fuad Qəhrəmanlı vurğulayıb.
AXCP yetkilisinin sözlərinə görə, hazırda Qərbdə də etiraf edirlər ki, onların Şərq ölkələrindəki idarəetmə sistemlərinə yanaşmaları yanlış olub. Çünki Şərqdə avtoritar idarəetmələrin mövcudluğuna göz yummaqla burada korrupsiyanın, rüşvətin, terrorizmin inkişafına zəmin yaratmış olurlar. Bu isə nəticə etibarı ilə Şərqlə Qərbin qarşıdurmasına, uyuşmamasına gətirib çıxarır: “Müsəlman ölkələri də demokratik idarəetməyə hazırdır. Yetər ki, Şərq ölkələrində avtoritar idarəetmələr qalmasın. Əslində, hazırda Yaxın Şərqdə baş verən proseslərin Cənubi Qafqazda yerləşən Azərbaycan üçün də mühüm əhəmiyyəti var. Azərbaycan xalqı demokratik dəyərləri anlayır və ona hazırdır. Sadəcə, bu mübarizədə ciddi dəstəyə ehtiyacı var”.
Xəyal