«Əli Əhmədov Ilham Əliyevi fakt qarşısında qoyur»
Son aylarda neçənci dəfədir ki, YAP icra katibi Əli Əhmədov hakim partiyanın namizədinin Ilham Əliyev olacağını deyir. Ə.Əhmədov son dəfə bu açıqlama ilə rəsmi qəzetlərdən birinin dünənki sayında çıxış edib. Maraqlıdır, YAP qurultay belə keçirmədən, hələ Ilham Əliyev özü də bu barədə qəti qərar vermədən Ə.Əhmədov bu məsələni niyə bu qədər çox gündəmə gətirir?

AXCP sədrinin müavini Fuad Qəhrəmanlının sözlərinə görə, bugünə qədər gedən müzakirələrdə YAP-ın namizədinin kimliyi ilə bağlı rəsmi mövqe ifadə olunmayıb: “YAP-ın ayrı-ayrı funksionerləri tərəfindən yalnız Ilham Əliyevin namizədliyinin irəli sürüləcəyi bildirilib. Bu fikirlər o zaman səsləndirilir ki, hakimiyyətin namizədinin kimliyi ilə bağlı cəmiyyətdə fərqli fikirlər, suallar yaranır. Belə fikir formalaşmağa başlayıb ki, iqtidar komandası seçkidə hansı namizədlə iştirak edəcəyini hələ müəyyənləşdirə bilməyib. Hakimiyyətdəki köhnə komanda – şərti olaraq mühafizəkarlar adlanan qrup da Ilham Əliyevin namizəd olmasında maraqlıdır. Əli Əhmədov da bu qrupun təmsilçilərindən biri kimi vaxtaşırı belə açıqlamalar verməklə Ilham Əliyevi fakt qarşısında qoymağa çalışır. Ilham Əliyevin növbəti dəfə namizədliyini verməsi həm yerli, həm beynəlxalq ictimaiyyətdə birmənalı qarşılanmayacaq”.


