Rusiya Azərbaycanın yardımın niyə qəbul etmədi?

Vəfa Quluzadə: «Sərhəddəki olay Rusiyanın Azərbaycana siyasi mesajıdır»

Azərbaycandan Dərbəndə göndərilən humanitar yükün Rusiyanın gömrük orqanları tərəfindən saxlanıldığı barədə bir neçə gün əvvəl məlumat vermişdik. Qəzetimizə verilən məlumata görə, humanitar yardım Dərbənddə baş verən təbii fəlakətdən 2 gün sonra, yəni oktyabrın 19-da göndərilsə də, elə həmin gündən də yükün gömrükdə saxlanıldığını bildirmişdik.
Onu da qeyd etmişdik ki, humanitar yardıma daxil olan qızdırıcı və soyuducular geri qaytarılıb. Buna səbəb Rusiyanın gömrük orqanlarının sözügedən məişət cihazlarının standartlara uyğun olmadığını bildirməsi ilə bağlı olub.
Dünən Azərbaycandan Dağıstana göndərilən yardımın sərhəddən buraxılmadığı təsdiqlənib. “Yeni Müsavat”ın yazdığına görə, bu addım nəticəsində 120 tonluq yükün qalan hissəsi iki həftədən çoxdur gömrükdə saxlanılıb və nəticədə dərman yüklü maşın mal xarab olmasın deyə geri qayıdıb.
Bəs Rusiyanın bu cür addım atmasının səbəbi nədir?
Politoloq Vəfa Quluzadə hesab edir ki, Rusiyanın Azərbaycana qarşı bu cür davranış sərgiləməsi təsadüfi deyil, daha çox gözlənilən idi. Çünki son zamanlar Azərbaycanın Rusiyanın istəklərinə birmənalı cavab vermədiyini deyən V.Quluzadə bu cür siyasətin Kremli qane etməməsi bu cür addımlarda özünü göstərir: “Sərhəddə baş verən bu insident Azərbaycan tərəfinə bir xəbərdarlıq, bir mesajdır. Azərbaycan Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsinə, Avrasiya Ittifaqına qoşulmaqla bağlı təkidli təkliflərini qəbul etmir. Hətta Rusiya bəzən daha irəli gedərək vahid gömrük sisteminə daxil olmağı təklif edir. Bütün bunlara ”yox” cavabının verilməsi Rusiyanı qəzəbləndirir və Rusiya sərhəddəki insidentlə Azərbaycana nümayiş etdirir ki, Kreml bizi bütövlükdə istəyir”.
V.Quluzadə eyni zamanda Qəbələ RLS-lə bağlı iki ölkə arasında baş verənləri də xatırlatdı. V.Quluzadənin fikrincə, Qəbələ RLS-in Rusiyaya icarəyə verilməməsinin narazılığı özünü bu cür siyasi jest formasında göstərə bilər.

Xəyal