«Wikilaeks»də K.Heydərovu ətrafının onu prezident kimi qəbul etdiyi yazılırdı
Asəf Quliyev: «Bu görüşlərdə 2013-cü ildə hakimiyyətin namizədinin kim olacağı və proseslərin necə cərəyan edəcəyi ilə bağlı fikir mübadiləsinin aparıldığı istisna deyil»
Bir qayda olaraq xarici ölkələrin səfirləri ilə dövlət və hökumət başçıları, parlament sədirləri görüşərək, müzakirələr apırırlar. Amma Azərbaycanda bəzən beynəlxalq normanın bu qızıl qanunu kobud şəkildə pozulur. Belə ki, bəzən səfirlərin görüşdüyü şəxslər hökumətdə siyasi rəhbərliyə və xarici siyasətlə əlaqəli şəxslər olmurlar. Məsələn, bu yaxınlarda fövqəladə hallar naziri Kəmaləddin Heydərov Bolqarıstanın Azərbaycanda yeni təyin olunmuş səfiri Maya Xristova ilə görüşüb. Bundan əvvəl isə K.Heydərovun Fransa və ABŞ səfirləri ilə görüşdüyü barədə mətbuatda informasiya getmişdi.
K.Heydərov hakimiyyətdəki iri qruplaşmalardan birinin rəhbərliyinə daxil olan şəxsdir. Bundan başqa, K.Heydərovun prezidentliyə iddialı şəxs olduğu dəfələrlə mətbuatda qeyd olunub. Ona görə fövqəlnazirin bu tip görüşlər keçirməsi maraq doğurmaya bilməz. Bundan başqa, “Wikilaeks”dəki materiallarda K.Heydərovun adı çəkilərkən birmənalı şəkildə vurğulanıb ki, fövqəlnazirin ətrafı onu gələcək prezident kimi qəbul edir.
AXCP sədrinin müavini Asəf Quliyev K.Heydərovun səfirlərlə görüşməsini təsadüfi saymır. Hakimiyyət daxilində son zamanlar ciddi ziddiyyətlərin yarandığını deyən A.Quliyev vurğuladı ki, bu qarşıdurma artıq gizlin yox, aşkar fazaya keçib. Gülər Əhmədova ilə bağlı qalmaqallı videonun hakimiyyət daxilindəki münasibətlərdə ciddi gərginlik yaratdığını düşünən A.Quliyev qeyd etdi ki, Paşayevlərlə Naxçıvan klanının qarşıdurması son həddə qədəm qoymaqdadır: “Naxçıvan klanında isə əsas iki fiqur diqqət mərkəzindədir. Onlardan biri Ramiz Mehdiyev digəri isə Kəmaləddin Heydərovdur. Kəmaləddin Heydərov Naxçıvan klanında daha nüfuzlu və sanballıdır. Sözsüz ki, bu haqda xarici səfirliklər və beynəlxalq təşkilatların da məlumatları vardır. Ona görə fikrimcə, səfirlərin Kəmaləddin Heydərovla görüşməsi, bu cür danışıqlar bunun nəticəsidir. Kəmaləddin Heydərovun hakimiyyətdə çəkisinə görə böyük güc göstəricisi olduğunu gözəl bilirlər”.
Bu baxımdan səfirlərlə görüşdə müəyyən siyasi çalarların olduğunu deyən A.Quliyev vurğuladı ki, görüşlərdə 2013-cü ildə hakimiyyətin namizədinin kim olacağı və proseslərin necə cərəyan edəcəyi ilə bağlı fikir mübadiləsinin aparıldığı istisna deyil.
Hikmət


