19 il əvvəl xalqı «xilas» etməyə gələnlərin xilaskarı

Dünən “Gülər parlamenti” aksiyalarda iştiraka görə cərimələri 30 dəfə artırıb. Əslində, biz bunu “cərimələrin süni bahalaşması” da adlandıra bilərik. Necə ki, ölkədə hansısa oliqarxın kefi qalxır, ətin, yumurtanın, unun, çörəyin qiymətini qaldırır, indi eyni şeyi biz aksiyalarla bağlı müşahidə edirik.
Əslində aksiyalar, sərbəst toplaşmaq çörəkdən heç də az müqəddəs, həyati əhəmiyyətli deyil, onun olmadığı bir ölkədə demokratiyanın “d”sindən də danışmaq olmaz.
Bəli, “Gülər parlamenti” ölkədə sərbəst toplaşmaq azadlığının olan-qalan rüşeymlərini də məhv etmək üçün ilk addımı atdı. Bu, Əliyevçi rejimin növbəti mürtəce addımlarından biridir, amma onu gözləyən acı aqibətdən əlbəttə ki, xilas etməyəcək. Indi adını xatırlamadığım Avropa fikir adamlarından birinin maraqlı bir sözü var, deyir ki, “axmaq rejimlər öz sonlarının yaxınlaşdığını hiss etdikcə çoxlu axmaq qanunlar qəbul edirlər”. Biz də son vaxtlar yaptokratiyada bunu müşahidə etməkdəyik: gah ailə biznesinin gizlinliyini qorumaq üçün informasiya haqqında qanuna barmaq eləyirlər, gah da insanların illərdən bəridir bu oğru, talançı sistemə qarşı yığılan etirazının, öfkəsinin qarşısını almaq üçün sərbəst toplaşmaq haqqında qanunu barmaqlayırlar. Hamısı gözlənilən sonun işarətləridir. Boğulanın yapışdığı saman çöpləridir. Əcəb gülməlidir: guya 19 il əvvəl xalqı xilas etməyə gəlmişdilər, amma indi saman çöplərindən mədət umurlar, ona xilaskar kimi baxırlar.
Dəyişikliyi isə ən mürtəce qanunlar qəbul etməklə də ləngitmək mümkün deyil, çünki artıq ən mürtəce qanunların hökm sürdüyü ölkələr dəyişir.
Mənə ən gülməli görünən isə “Gülər parlamenti”nin (yeri gəlmişkən, Gülər Əhmədovanın şərəfinə ona “Güllü Məclis” də deyə bilərik) bəzi üzvlərinin dünənki iclasda deputatxananın tənqid olunmasının qarşısını almaq barədə çıxışları, təklifləri oldu. Naşükürlüyün bu qədəri indiyədək nə görülüb, nə də indən sonra görüləcəkdir. Siz allahınıza şükür edin ki, sizi tənqid edirlər, əslində, seçkili orqandan təyinatlı orqana çevrilmiş bir parlament heç buna da layiq deyil. Insanlar onların iradəsindən kənarda, Gülərin təbirincə desək, “bir nəfər seçici”nin xeyir-duası ilə gedib orada oturanlara niyə hörmətlə, sayğı ilə yanaşmalıdır? Minnətiniz olsun, hələ tənqidə şükür eləyin, susun.
Bu arada, Güllü Məclisin dünənki iclasında həftələrdir bir neçə köşə yazarını hədəfə alıb sağdan-soldan saldıran bir deputat yenə qaramızca deyinib, sən demə, adam ABŞ səfirliyinə müraciət edibmiş ki, “yetişdirdiyiniz uşaqlara tərbiyə verin”.
Öz adıma deyə bilərəm ki, məni Amerika yetişdirsəydi, mən buna görə sadəcə sevinərdim. Əsas odu ki, adamı Ərəbistan yetişdirməsin. Bu – bir.
Ikincisi: 15 ildir ABŞ-a sığınmış Fətullah Gülənin təriqətinə iman gətirmiş adamın ağzından belə bir müraciət eşitmək gülüş doğurur. Adam əvvəl öz qapısının ağzını təmizlər, sonra danışar.
“Gülər parlamenti” ilə bu qədər. Bir neçə kəlmə də Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun Moskva səfərindən qayıtdıqdan sonrakı açıqlaması haqda. Bəzi qəzetlər bu səfərin rejimin kürkünə əməlli-başlı birə salmış “milyarderlər ittifaqı” ilə bağlılığı versiyasını irəli sürüblər, Həsənovdan da bu barədə soruşublar, cavab verib ki, heç bir məlumat verə bilmərəm.
Buyurun, adamın vəzifəsi mətbuatla işləməkdir, amma mətbuata məlumat verə bilmir. Sonra da başlayırlar ki, ay qəzetlər elə gəldi, qeyri-peşəkarlıq belə getdi.
Düzü, mənə qalsa, yaptokratlardan nəsə soruşmağın da tərəfdarı deyiləm. Bunların nəfəsi də yalandı, qalmışdı verəcəkləri cavab, məlumat ola.