İlham Əliyev doğrudanmı hamıdan çox işləyir? 

Biz İlham Əliyevi niyə çox tənqid edirik? Ən çox bacarıqsız prezident (diktator) olduğuna görə. O da dərhal bizdən “küsür” və sübüt etmək istəyir ki, bizim tənqidimiz əsassızdır. Məsələn, keçən həftə biz yazmışıq ki, İlham Əliyevin işləməklə arası yoxdur. Diktator isə dərhal intervyu verərək dedi ki, ”məndən çox işləyən yoxdur”… Biz onu tənqid edirik ki, on altı ildə adamın çalışıb ortaya qoyduğu ürəkaçan bir işi yox. Özünüz düşünün, son 10 ildə neftdən gələn milyardlar qonşu Gürcüstanda olsaydı, nələr etməzdilər? Ölkə əhalisi, neftsiz-qazsız belə bizdən yaxşı yaşayır. Ölkədəki azadlıqlar, qanunçuluq, sahibkarlıq üçün geniş imkanlar, demokratiyaya açılan qapılar da bir başqa üstünlük. Nağılbaz Əliyev də bu illər ərzində neftdən gələn 150 milyardı göyə sovurub, ölkəni quru yurdda qoyub. Hələ tənqiddən nəticə çıxarmaq əvəzinə,  gərgin iş qrafiki olduğundan şikayətlənir: “ Onu da bildirməliyəm ki, mənim iş qrafikim çox gərgindir. Demək olar ki, iş qrafikimdə fasilə yoxdur. Hətta bazar günündə ki, mən işə çıxmıram, yenə də mən daim əlaqədəyəm. Bəlkə də Azərbaycanda yeganə adamam ki, mənim istirahət günlərim yoxdur. Çünki hər gün mənim üçün iş günüdür. Çünki hər gün məsələləri həll etmək lazımdır.” Prezidentin məsələləri necə həll etdiyi göz önündə. Onun prezidentlik müddətində Azərbaycan dünyanın repressiv  və qeyri-azad ölkələrindən birinə çevrilib. Korrupsiya, inhisarçılıq, bahalıq ölkəni cənginə alıb. Təbəqələşmə, yoxsullarla zənginlər arasındakı nisbət görünməmiş səviyyəyə çatıb. Amma prezident özündənrazı halda deyir ki, ölkədə istirahətsiz işləyən yeganə adamdır. Adamın ya ölkədən xəbəri yoxdur, ya da yalanı uydurub “bəlkə tutdu” prinsipi ilə havaya uçurub gedir.

“İstirahətsiz” Əliyevin xalqdan xəbərsiz neçə dəfə yoxa çıxdığını xatırlayırsınız? Biz bir neçəsini xatırlada bilərik. Yəqin ki, yadınızdadır, yaxın aylarda bütün ölkə səfərbər olub, nigarançılıqla onun yerini axtarırdı. Adam bir ay yoxa çıxıb, sonra səssiz-səmirsiz qayıdıb gəldi. Harda olduğu, nə işlə məşğul olduğu haqqında da kimsəyə izahat verməyə ehtiyac duymadı. Biz onun İsveçrə xizək səfərini, Antalya istirahətini, Şahdağ turunu da unutmuş deyilik. Elə indinin özündə işgüzar adam hardadır, sizcə? Bilirsiniz, ailəsi ilə bərabər Şahdağda bayram istirahətində. Hələ ordan çeşidli şəkillər də paylaşıb, özü öz yalanına sübut vermiş olur. Əlbəttə, kimsə prezident və ya prezident ailəsinin istirahət haqqı olmadığı düşüncəsində deyil. Sadəcə, adam yalan danışır və yalanının üstü də 5-10 gün uzağa getmədən açılır. Yalanın ən qırmızı tərəfi də odur ki, guya bu, ölkədə istirahətsiz işləyən yeganə adamdır. Doğrudanmı, İlham Əliyev ölkədə təkcə gündəlik ehtiyaclarını ödəmək üçün illərlə dizini qatlamadan çalışan yüz minlərlə insanın olduğunu bilmir? Bilmirsə, o necə ölkə başçısıdır? Ümumiyyətlə, Əliyev bir ölkə başçısının hansı xüsusiyyətlərə malik olduğunu anlayırmı? Qətiyyən anlamır. Anlasaydı, bir prezidentin ölkə ilə bağlı hər şeyə cavabdeh olduğunu düşünüb, xalqa “mən hamınızdan çox işləyirəm” minnəti vurmazdı.

Ölkənin gəlir səviyyəsini iqtisadi baxımdan dəyərləndirsək, Azərbaycan insan əməyinin ən çox istismar olunduğu ölkələrdəndir, bəlkə də.  Ölkədə 12-14 saatlıq iş rejimində çalışan insanlar gülməli maaş alırlar. Pambıq tarlalarında zəhər udan gənc qadınlar qəpik-quruşa işləyir, “qul bazarı”nda dayanan insanlar qul qiymətinə işləyir, on illərlə oxuyub bəlli bir mərtəbəyə çatmış alimlər aldıqları cüzi maaşla həyat mücadiləsi verir. Bu şərtlərdə ortaya belə bir sual da çıxır axı. Minimum əməkhaqqı 250 manat olan ölkədə insanlar hansı pulla və necə istirahət edə bilər ki? Əliyev “ölkədə ən çox qazanan mənəm”  desəydi, daha səmimi qəbul olunmazdımı? Axı indi ölkədə hamı hər şeyi yaxşı görür. Hamı görür ki, əhalinin 95%-nin həyat səviyyəsi quyunun dibinə endikcə, Əliyevlər ailəsi və onun yaxın çevrəsi necə varlanıb üzüyuxarı qalxır. Hamı görür ki, ölkəni şəxsi mülkiyyəti kimi idarə edən ailə hakimiyyəti son 16 ildə necə görünməmiş sərvət sahibi olub. Prezident kimi aldadır? Yəni onun komik “aforizmləri”ni xalqın necə məsxərəyə qoyub güldüyünündəmi fərqində deyil? Əliyev, həqiqətən, çox işləyən prezident olsaydı, ölkə bu duruma düşməzdi. O, həqiqətən, işləyirmi? Bəlkə də, öz ailəsi və uşaqları üçün yaxşı işləyir. Amma onun işindən indiyədək bu ölkə insanı heç bir fayda görməyib. Ağıllarına gələn hər ideyanın arxasından da mütləq xalqı soymaq planı çıxır.  Əslində, ölkəni də onlar talayır, pulu da onlar qazanır, istirahəti də onlar edir. Bu ölkənin cəfasını çəkən xalq, səfasını sürən onlar.