Bölünmüş Azərbaycan işğalçı rejim buxovunda III

Iş elə gətirmişdi, 19-cu yüzildə, Rusiyanın çox güclü çağlarında, Azərbaycanla uzaq Ingiltərənin maraqları üst-üstə düşmüşdü. Rusiya onda I Pyotrun planlarına uyğun olaraq, Kəngər körfəzinə (indiki Fars körfəzi) çıxmağa, Ingiltərə Hindistana quru yolunu açmağa çalışırdı. Rusiya o çağlar dünyada başlıca gücə çevrildiyindən Ingiltərənin planları baş tutamazdı – bunu ingilis hökumətinin özü də bilməmiş deyildi. Buna görə Ingiltərə Rusiyanı ən azı Araz üzərində durdurmağa, Arazı aşmasına yol verməməyə çalışırdı. 
Indi göründüyünə görə, Rusiyanın planlarının baş tutması – Kəngər körfəzinə çıxış qazanması – bir sıra nədənlərlə bağlı bizim üçün daha əlverişli olar, ən başlıcası, Azərbaycan parçalanmazdı. Ancaq bir yandan Abbas Mirzənin – güclü, üstün yurdsevərin ortaya çıxması, o biri yandan Ingiltərə, Fransa kimi güclü Avropa dövlətlərinin Iranı tutmaq planları, bu planların doğurduğu toqquşmalar Rusiyanı yarı yolda qoydu. Bəlli olduğu kimi, Rusiya Napoleon Fransasını çox tezliklə vurub sıradan çıxarsa da, Ingiltərə ilə bacarmadı. Bacarsaydı, Rusiya ən azı 19-cu yüzildə dünyanın təkbaşına yiyəsi olacaqdı. Görünür, Göylərin balanslaşdırma siyasəti buna yol vermədi. Beləliklə, Ingiltərə ilə Azərbaycanın 19-cu yüzildə üst-üstə düşən maraqları Rusiyanın genişlənmə siyasətini Araz çayında batırdı.
1918-ci ildə, çar Rusiyasının dağılmasından sonra, Azərbaycanın birləşməyi üçün əlverişli olanaq yarandı. Bu olanağın qarşısını o çağlar Azərbaycanla maraqları üst-üstə düşməyən Ingiltərə aldı. Ingilis kəşfiyatı 1918-ci il oktyabrın 26-da Ingiltərə hökumətinə belə gizli bilgi çatdırdı: “Sultan Türkiyəsi ilə Qacarlar dövləti Azərbaycanın Dağıstan qarışıq birləşdirilməsi yönündə uzlaşmaya gəlib. Bu plan baş tutarsa, Türkiyə Əfqanıstanla Orta Asiyanı içinə alan böyük bir bölgədə söz yiyəsinə çevrilər. Planın baş tutmaması üçün Azərbaycanın yenidən Rusiyaya qatılması gərəkir. Almaniya hökuməti də bunun belə olmasını istəyir”. Yeri gəlmişkən, o çağlar Ingiltərə ilə Almaniya ayrı-ayrı hərbi-siyasi bloklara qatılmış düşmən dövlətlər olsalar da, Azərbaycanla, daha doğrusu, Azərbaycanın bütövləşməyinə yol verməməklə bağlı baxışları uzlaşırdı.
Azərbaycanın bütövləşməyinin qarşısı alındı. Görünür, Ingiltərə hökuməti Azərbaycanın parçalanmasına dönməz xarakter vermək üçün aradan az keçmiş Iranda türksoylu Qacarlar ağalığını devirib, yerində Rza şah başçılığında fars ağalığı qurmaqla türklərin Irandakı min illik ağalığına son qoydu. Ikinci dünya savaşı dönəmində yenə də Azərbaycan bütövləşə bilərdi. Ancaq Stalin başda olmaqla Sovet hökuməti ilə anqlosaks hökumətləri bunu istəmədiyindən bütövləşmə baş tutmadı.
Indi, yeni dünya düzəni ilə bağlı bir sürəc içində, anqlosaks birliyinin maraqları ilə Azərbaycanın maraqları az da olsa üst-üstə düşür. Buna görə bölünmüş Azərbaycanın bütövləşmək hüququ superdövlətin parlamentində gündəmə gətirilir. Ilham Əliyevin geniş korrupsiya yolu ilə formalaşdırdığı “parlament” ABŞ-dan gələn bütövləşmə çağırışına “provakasiya” damğası vurur, bunu “Iran-Azərbaycan münasibətlərini pozmaq” kimi dəyərləndirir. Bizim bağımsızlığımızı yalnız sözdə tanıyan, yüz ildən bəri qanımızı tökən, torpaqlarımızı qanlı qırğın yoluyla tutan erməniliyə qardaş deyən, onu olduğundan daha artıq gücləndirməyə çalışmaqla Azərbaycanın yenilməsinə yol açan bir dövlətlə hansı “münasibətdən” danışmaq olar?!
Bizlər Qarabağ uğrunda, Azərbaycanın bağımsızlığı yolunda ölüm-dirim savaşı aparırkən I.Əliyev Moskvada kiçik biznes kefi çəkirdi. Indi böyük biznes obyektinə çevirdiyi 80 min kv. kilometrlik bollu bağımsızlığın kefini çəkir – onun idealı bu! Bizim idealımız Böyük, Bütöv, Özgür, Demokratik Azərbaycandır!