“İlin bazarlığı”- Zamirə Hacıyevanın şoppinqi

İlham Əliyevin Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevi nədən “vurduğu” kimsəyə sirr deyil. Onun keçmiş MTN şefi Eldar Mahmudovla quda olması işin siyasi tərəfidir. Əslində isə, bir vaxtlar çox yaxın dostluq münasibətləri olan iki qeyri-qanuni milyoneri qarşı-qarşıya gətirən səbəb, əlbəttə ki, oğurluq pullar idi. Lap mafiya filmlərində olduğu kimi. Əliyev prezident postunda kimsənin onun ailəsindən artıq pul toplamasına izin verməzdi və toqquşmanın əsas səbəbləri buradan qaynaqlanırdı. Şübhəsiz, bankir Hacıyevin dövlətin cibindən oğurladıqları Əliyevin oğurladıqları ilə müqayisə oluna bilməz. Amma Əliyev yaxın dostunun belə, ondan gizli böyük milyonlar toplamasını, xarici ölkələrdə bahalı mülklərə sahib olmasını, günlük alış-verişə 4-5 min dollar xərcləməsini həzm edən biri deyil. O öz ailəsini ölkə sərvətinin şəriksiz sahibi hesab edir və düşünür ki, kimsə özünü onlarla bir tərəziyə qoymaq xəyalına düşə bilməz. Və bank sədrinin həbsindən sonra inanılmaz şeylər ortaya çıxdı. Böyük Britaniyada korrupsiyaya qarşı mübarizə qanununun ilk hədəfi  Hacıyevin arvadı Zamirə Hacıyeva  oldu. Təbii, sifariş də Azərbaycan hökumətindən gəlmişdi. Məhkəmə Zamirə Hacıyevanın Londondakı 15,13 milyon dollarlıq evinin əlindən alınması üçün proses başlatdı. Elə çox şey də bu məhkəmədə üzə çıxdı. Məlum oldu ki, keçmiş dövlət bankiri Hacıyevin arvadı on il ərzində Londonun məşhur dükanı “Harrods”da 16 milyon funt sterlinq xərcləyib. Bu, gündə 4000 funtdan çox alış-veriş deməkdir. O həmin mağazanın yanında – Londonun ən bahalı ərazilərindən birində ev alıb. “Berkshire” qraflığında qolf klubunu almaq üçün 13.15 milyon dollar xərcləyib. Bundan başqa, rəsmi araşdırmalar cütlüyün “Harrods”ın avtomobil parkında iki xüsusi yerə sahib olduqlarını və Hacıyevanın 42 milyon funta (55.24 milyon dollar) Gulfstream G550 jet təyyarəsi aldığını ortaya çıxardı. Ər-arvad Əliyevlər cütlüyü də Hacıyevlər cütlüyünə, bax, bu üzdən çox qəzəblidirlər.   

Zamirə Hacıyevanın gündəlik alış-verişə 4000 funt xərcləməsi harınlıq və görməmişlikdən başqa bir şey deyil. O bir dəfə tamahının qurbanı olub, qanqster Hacı Məmmədovun zirzəmisinə düşmüşdü. Görünür yaxşı dərs çıxarmayıb. Amma elə o günlər hakimiyyət mətbəxindən müxalif mətbuata xəbər ötürüldü. Mehriban Əliyeva və qızlarının London mağazalarında gündəlik xərclədikləri pulu araşdıran olsa, başınıza hava gələr. Onların gündəlik qarderob xərcləri Hacıyevanın xərclərindən ən azı 3 dəfə çoxdur. Həmin alış verişlərdə ana və qızlarının 3 nəfər olduğunu nəzərə alsaq, bu da olur bankir xanımının xərclədiyi vəsaitin 9 misli. Yəni modabaz üçlüyün hər London səfərindəki gündəlik “şoppinqi” Azərbaycanın büdcəsinə 36000 funta başa gəlir.  Ötən yazılarımızda qeyd etmişdik, Mehriban və Leyla Əliyevaların tədbirlərdə götürdükləri “Hermes Blue Dimond Croc” çanta modelinin qiyməti nə az, nə çox, 160,000 dollardır. Bunu biz uydurmuruq, internetdə axtarış verib özünüz oxuya bilərsiniz. Gözəlçələrin qarderobuna daxil olan brend geyimlərin qiymətlərini də özünüz bilirsiniz.  

Kimsə Hacıyevlərin düşdüyü duruma acıyacaq deyil, amma ortada başqa acı bir gerçək də var axı. Üç il əvvəl Korrupsiyaya və Mütəşəkkil Cinayətkarlığa qarşı Jurnalistika Layihəsi Əliyevin qızları Leyla və Arzunun Londonda 3 böyük malikanəsi olduğunu ortaya çıxarmadımı? Özü də Londonun ən bahalı məhəllələrində. Aparılan araşdırmalardan aydın oldu ki, həmin mülklərin üçünün birlikdə dəyəri 60 milyon dollardır. Ailə izi azdırmaq üçün bahalı mülkləri adıçəkilən adalarda qeydiyyatdan keçən ofşor şirkətləri vasitəsilə alıb. Həmin malikanələrdən biri İlham Əliyevin SOCAR-da vitse-prezident olduğu zaman 25 milyon dollara alınıb. Bundan başqa onlar “Hyde Park”da yerləşən bir binanın 4-cü və 5-ci mərtəbələrini də tam şəkildə alıblar. Azərbaycan hökumətinin sorğusunu həmən nəzərə alıb Haciyevanın mülkünə həbs qoyan Böyük Britaniya məhkəməsi, Jurnalistika layihəsinin ortaya qoyduğu faktları niyə gözardı edir bəs? Ölkədə yeni qəbul olunan Korrupsiya qanunu xaricdən gələn çirkli pulları hədəf alırsa, başda Əliyevlərin adları gəlməli deyildimi? Heç olmasa, əlifba sırasına əməl edib onların adlarını siyahının başında yazmalıydılar axı.