Dünyanın ən antimilli cütlüyü 

150 milyard  dollar vəsait hara  getdi?


Bəlkə də, Azərbaycan tarixində ölkəyə Əliyev ailəsi qədər  ziyan vuran olmayıb. Heç bir hakimiyyət xəzinənin 150 milyard  dollar vəsaitini talayıb geriyə belə yoxsul və bərbad ölkə buraxa bilməzdi ki, onlar bunu etdilər. Ən bacarıqsız hökumətin əlində belə o pulları 3-4 dəfə artırmaq, davamlı gəlir gətirən sahələrə yatırmaqla uzun illər faydalanmaq olardı. Amma hakimiyyəti qəsb etmiş Əliyevlər ailəsi ölkənin sərvətləri ilə də qəsbkar kimi davrandılar. Acgözlüklə, tamahkarlıqla, insaf, vicdan bilmədən xalqa çatmalı olan milyardları şəxsi vəsaitləri kimi taladılar. Hələ talamaq da bəs etmədi, ölkəni həbsxanaya çevirib, insanların həyatını cəhənnəmə çevirdilər. Yüzlərlə günahsız insanı həbsxanalara doldurub, ölkədə despotik rejim yaratdılar. Polisi, məhkəməni, məktəbi oyuncağa çevirib, öz çirkli oyunlarına alət etdilər. Hər il ölkəni  nə qədər insan tərk edir, bilirsiniz? Sayı-hesabı belə yoxdur. Son aylar xarici ölkələrdən deportasiya olunan, olunmaq qərarına qarşı intihar edən həmvətənlərimiz haqqında xəbərləri oxuyursunuz. Niyə bu ölkədən qaçır insanlar? Niyə uzaq ölkələrdə intihar etməyi bu ölkəyə qayıtmaqdan üstün tutur? Çünki bu ölkədə yaşamağa imkan vermir Əliyev rejimi. Boğulur insanlar bu ölkədə və hər şeyi buraxıb getməyi yeganə çıxış yolu görürlər, nə yazıq ki. 

Onların yüz milyonluq mülk sahibi olan uşaqları

İlham Əliyevin müxalifət haqqında tez-tez işlətdiyi “antimilliünsürlər” ifadəsi onun ailəsinə necə də yaraşır! Adamlar öz ana dillərində doğru-dürüst danışmağı belə bacarmırlar. Hələ nəvəHeydərin adına 9-10 yaşlarında Rusiyanın məşhur “Mayendof bağları” bölgəsində alınmış 35 milyon dollarlıq qəsrini, Dubayda ümumi dəyəri təxminən 75 milyon dollar təşkil edən 9 mülkünü, eyni yerdə Leyla və Arzunun adına olan bahalı mülkləri, Londonda hər üçünün adına olan 60 milyon dollarlıq malikanələri bir tərəfə qoyuruq. Amma xalqın balalarına uşaqpulu verməyə pul tapmırlar. Bunlar xalqın düşməni deyillər, bəs nədilər? Mediada Əliyevlər ailəsinin qarmaqarışıq kökləri ilə bağlı vaxtaşırı yazılar gedir. Bununla işimiz yox. Amma inanın ki, iyirmi altı ildə bu ailənin Azərbaycana etdiyi pislikləri heç bir düşmən edə bilməzdi. İlham Əliyevin 16 il əvvəlki qanlı seçkisindən sonra isə ölkədə rəsmən gestapo rejimi qurulub. Adam ölkədəki bütün demokratik institutları sıradan çıxarıb, azad medianı əzib, azad qələm sahiblərini qandallayıb zindana göndərib, azad sahibkarları şərləyib tutdurub, əllərindəkiləri alıb. Təkcə son 6-7 ildə “Azadlıq” qəzetinin həbs təhlükəsi qarşısında ölkəni tək edən əməkdaşlarının sayı 5 nəfər olub. Ər-arvad Əliyevlərin sərhəd tanımayan tamahı üzündən ölkə dünyada rüsvay olub. Dünyanın ən biabırçı qalmaqallarından bunların adı çıxır. “Panama sənədləri”, “kürü diplomatiyası”, “laundromat” biabırçılığı, Malta qalmaqalı…Hansı birini deyəsən, hər çirkli işin içindən bunlarına adı çıxır. 

Prezidentliyə iddialı acgöz xanım

Bu ailə Azərbaycan xalqının başına gəlmiş ən böyük bəladır ki, on illərdir zəli kimi yapışıb heç yerə getmək istəmir. Hələ qayınata və oğuldan sonra sıraya modabaz, kosmetik əməliyyatlar düşkünü, intriqant gəlin də girib. O, Əliyev ailəsi arasında, bəlkə də, ən acgözü və tamahkarıdır. Görməmişliyi və pul hərisliyi hüdud tanımır. İndiyə qədər ölkənin xəzinəsindən və vurulan oliqarxların əlindən alınan pullar hesabına “PAŞA holdinqin” səvətini 4 milyard dollara çatdırıb. Bu hələ ortada leqal olanıdır, qanunsuz şəkildə topladıqları, xərclədikləri, şirkətlərə, mülklərə, banklara yatırdıqları neçə milyarddır, kimsə bilmir. Prezidentliyi ərindən təhvil almaq onun çoxdankı planıdır. Bunun üçün illərdir ölkənin milyonlarını xərcləyib iş aparır. Uzaq ölkələrdə “mərhəməti satın alaraq” özünü reklam etdir, orden-medallara, titullara ətək-ətək pul xərcləyir. Ölkəni saldıqları bu acınacaqlı durumda belə, hikkəsindən əl götürməyib. Avropadan xeyir-dua ala bilmədiyinə görə, Putinlə dostlaşıb prezidentlik məsələsini həll etmək istəyir. Xalqın nə istədiyi isə onların vecinə deyil. Hələ uzun illər hakimiyyətdə qalmaq planları cızırlar. Amma bu oğru, korrupsioner, harın və antimilli cütlükdən bezmiş xalq onlardan qurtulmağın bir yolunu tapacaq. Mütləq tapacaq.