AZADLIQ olacaq, mütləq olacaq!

3 ildir qapadılan qəzetimizin 30 yaşı tamam oldu

Bu gün «Azadlıq» qəzetinin 30 illiyi tamam oldu. «Azadlıq»ın nə demək olduğunu onun 1-ci sayından, həmin günlərin azad qəzet təşnəsi olan oxucularının simasındakı çılğın məmnuniyyətdən və bir də «Azadlıq»ın qəzet olaraq oxucuların əlində, evində, masasının üstündə, qoltuq cibində… olmadığı son üç ildən anlaya bilərsiz. Birinci epizod yaşanmış tarixdir. İkinci epizod isə yaşana bilməyən tarixdir. Başqalarının tarixidir və azərbaycanlılar üçün rəva görülməyən tarixdir. «O günlər mənim ömrümə yazılmasın » deyə bir məsəl var. «Azadlıq»ın olmadığı tarix parçası haqqında azərbaycanlılar üçün deyiləcək duadır.
«Azadlıq» ideal qəzet idimi? Qətiyyən yox. Əyər- əskikləri həmişə olub. Lap birinci redaktor Nəcəf bəy Nəcəfovun zamanından, lap birinci sayından başlayaraq qüsurları olub. Amma bu qəzet bir cəmiyyətin uğur hekayəti kimi var idi. Onu dayandırdılar. 3 ildir ki, nə o qüsurlar var, nə də o uğur hekayətləri var.
«Azadlıq» yalnız mətbuat hadisəsi, mətbuat faktoru deyil. İctimai prosesdir. Mayakdır. «Azadlıq» qəzeti nəşr edilmirsə, Azərbaycanda mətbuat azadlığı yoxdur. Yalnız «Azadlıq» ölkənin yeganə azad qəzeti dərc olunan zamanlarda isə mətbuat azadlığı ümid olaraq var idi, mayak kimi var idi. Bu, «Azadlıq»ı ideyaya çevirirdi. İndi bunlar da yoxdur. Azad mətbuat yoxdursa, xalqın azadlıq tarixinin yazılması üçün yox, yaradılması üçün işləmək lazımdır.
24 dekabr Azərbaycan tarxinin yalnız bir fenomeni ilə yadda qalan təqvim günüdür: «Azadlıq» qəzetinin yarandığı tarix kimi. Bu zamana qədərki Azərbaycan tarixinin heş bir təqvim günü bu qədər əlamətdar deyil, hələlik başqa bir fenomen yoxdur.
«Azadlıq» yalnız o kollektivdə işləyənlərin qəzeti olmayıb. İnad və israrla deyə bilərsiz ki, bu qəzet bütün ictimai ümidlərin- arzuların qəzeti idi. Amma hələ də keçmiş zaman deyil. Daha doğrusu, o qədər də keçmiş zaman deyil. Dəfələrlə qapadılıb, açılıb, qapanıb- açılıb, bu dəfə bir qədər uzun çəkir, amma yenə də açılacaq.
«Azadlıq»ın oxucularını, bütün zamanlarda bu qəzetdə çalışan fədakar jurnalistləri, bütün zamanların kollektivlərini təbrik edirik.
Nəcəf bəyin ruhunu sayğıyla anırıq. «Azadlıq»ın vəfat etmiş bütün əməkdaşlarını sayğıyla xatırlayırıq.
Azadlıq olacaq, mütləq olacaq!