Böyük sənətkar Füzulinin bu beytlərini az qala hamımız eşitmişik. Deyirdi:
“Nə qüssədə idim, nə qəmdə
Bilməzlik ilə xoş idi halım”

Söhbətimi başlamadan bir dənə də sitat verim müqəddimə bitsin. “Kim daha çox insandırsa, daha çox dərdli olar”-bunu da dəyərli bəy Əli Şəriəti deyib.
Hər iki ziyalının sözlərini tutuşduranda bizi təəccübləndirən vəziyyət yaranır. Onlar bilgiliyi, insanlaşmanı (adamlığın üst mərtəbəsini) dərd, qəm, qüssə qaynağı sayır.
Bu nə deməkdir? Belə çıxır ki, keçi kimi şən-xürrəm olmaq üçün bilgilənməyə, insanlaşmağa ehtiyac yoxdur? Səthi baxanda elədir.
Lakin, biz qüssəni, dərd çəkməyi şablondan kənar şərq müdriklərinin gözü ilə nəzərdən keçirsən vəziyyət dəyişəcək, dünya gözümüzdə başqa şəkil alacaq. Siz qədim mətnlərə-konkret halda müqəddəs sayılan kitablara baxsanız orda da gülməyə yaxşı baxılmır. Bu barədə məşhur “Qızıl gülün adı” adında roman və filmdən də xəbərdarsınız. “Quran”da da gülüş sözü özü bir əlin barmağı qədər keçir. Hətta belə bir ayə var (təxminən yazıram): “bilsəydiniz, daha çox ağlayardınız, nəinki gülərdiniz”.
Mən bu həngaməni belə qanıram ki, şənlik, gülmək təbiətin harmonik gedişinə çomaq soxmaqdır. Sadə desək, qanan adamın gülməsi, özünü indi çoxluğun başa düşdüyü formada xoşbəxtlik axtarışı üçün girinc-giriftar etməsi yersiz, mümkünsüz, özünü aldatmadı. Təsadüfü deyil ki, adını utuduğum bir rus ziyalısı keçən əsrdə yazmışdı: “gülüşdə bir inqlabilik var”.
Bəli, gülüş inqlabdır, amma böyük mənada daim məğlub olan inqilab. Bizim instruksiyamızda indi başa düşülən mənada xoşbəxtliyə, sevinməyə yer yoxdur. Bunu isə fərd ancaq insan olanda, dərinliyə varanda, bilgiləndə idrak edir. O halda isə gülməyə yer qalmır, oturub halına ağlayırsan.
İnsan əzab çəkməyə məhkumdur, amma buna lənət kimi baxmaq yox, təbii, hətta xoşbəxtliyin qaynağı kimi qəbul etməlidir (manyaklık kimi görünsə də). Onda bu gün hamını yoran stress və depressiya da silinib gedəcək, həya öz rəvan gedişi ilə yükü çəkməkdə sənə yardım edəcək. Bax, o qədim şərq müdriklərini də, insanlarını da o qədər möhnətin içində intihardan, başqa bu kimi nevrotik psixozlardan qoruyan da belə yanaşma idi.
Bütün bu uzunçuluğu niyə etdim, deyim. Ötən gün təsadüfən bilmişəm ki, “müəllim” sözünün ərəbcədə bir mənası elm öyrəndəndirsə, o birisi ələm, dərd verəndir. Müəllim nədir? Bilik öyrədən. Bizi öyrədib dərdləndirən, insanlaşdıran.
“Kim daha çox insandırsa, daha çox dərdli olar”
Dərdlərinizə düşmən kəsilməyin.
PS. Əlbəttə dərddən dərdə də fərq var. Bir var ayfon 11 ala bilməyib onun qüssəsinə batasan, bir də var ayfon 11 almaq üçün bütün şəxsiyyətini alçaltmağa hazır olanların necə mənasız işə getdiyini görüb.