Tarixi 19 oktyabr etirazlarının iki ayı tamam olan bir gündə “ilin qəhrəmanı” nominasiyasının qaliblərini də elan edirik. Heç şübhəsiz, ilin qəhrəmanları o aksiyanın əsas iştirakçılarıdır. Başda aksiyanın əsas təşkilatçıları Əli Kərimli, Tofiq Yaqublu, İbrahim İbrahimli olmaqla hər kəs. Ən ağır şərtlər altında aksiyanı təşkil edən, təbliğatını aparan, insanların səfərbər olunması üçün bütün imkanları bir araya gətirən cəbhəçilər. 19 oktyabr günü meydana gəlib çatmaq üçün günlərlə gizli fəaliyyətə keçib min cür əzab-əziyyət çəkənlər. Mitinqdən əvvəl və mitinq günü saxlanılaraq inzibati həbsə göndərilən fədakarlar. Həmin gün meydanda polis zorakılığına məruz qalaraq vəhşicəsinə döyülənlər, avtobuslara doldurularaq Qobustan çölünə aparılanlar. Aksiyada qəddarlıq edən polislərə ən ağı sözləri deməkdən çəkinməyən cəsur xanımlar. Böyük polis kardonunun qarşısına bayraq kimi keçib, “azadlıq” qışqıran gənclər. O gün haqsızlığa üsyan edib, ölkənin gələcəyi naminə küçələrə çıxanlar. Fəal etirazçı insanlara dəstəyini ifadə edərək, siqnal səsləri ilə paytaxtı diksindirən sürücülər. Bir sözlə, 19 oktyabr günü ölkədə zor hakimiyyətinə “dur” demək üçün meydana axışan hər kəs tarixin qəhrəmanıdır. O gün diktatorun xalqdan necə qorxduğunu hamınız gördünüz. Müxalifətin lideri Əli Kərimlinin necə azğınlıqla həbs olunub aparıldığını gördünüz. Ona və ona yaxın insanların saxlanılaraq erməni əsirliyində olduğundan betər işgəncələrə məruz qaldığını gördünüz. Bu, başında dayandığı azğın rejimin ömrünü bir az da uzatmağa çalışan diktatorun qorxaqlığının açıq etirafı idi.
19 oktyabr həqiqətən parlaq tarixdir. O gün hakimiyyət bütün güc resurslarından istifadə edərək insanları əzsə də, meydanda qalib olan xalq idi. O gün xalq Əliyev rejiminə açıq şəkildə üsyan edərək “yetər, sizi istəmirik” dedi. Onun yalanlarına, oyunlarına, güc rejiminə, antimilli komandasına “yox” dedi o gün xalq. Hərbi texnikanın və polisin arxasında gizlənmiş diktatora meydan oxudu o gün minlərlə insan. O gün bütün qadağalara baxmadan müxalifət liderlərinin çağırışı ilə meydana çıxan xalq sübut etdi ki, ilk fürsətdəcə bu antimilli rejimi tarixin zibilliyinə göndərməyə hazırdır. Minlərlə insan mesaj verdi ki, onlar illərdir öz ideallarına, xalqına, prinsiplərinə sədaqətli qalan müxalifət lideri Əli Kərimlinin tərəfindədir. Xalqın əzmi o gün bir daha təsdiqlədi ki, heç bir güc onun azadlıq arzularının qarşısını kəsə bilməz. Ən əsası, ogünkü mübarizə insanlarda ölkəni dəyişməyə bir inam yaratdı. İnsanlar ürəkdən inandılar ki, uzun illərin azadlıq, demokratiya davasını sona kimi apara biləcək bir lider, bir təşkilat, bir güc var ölkədə. Bu davada xalqın qalib gələcəyi də gün kimi aydındır. Çünki ən ağır şərtlərdə belə, xalqın səfərbər olub bir araya gəlməsini zəruri edən səbəblər var. Yüz minlərin bir olduğu o gün mütləq gələcək, həm də yaxın zamanda gələcək. Zülmdən bezib azadlıq uğrunda ayağa qalxan və hər cür fədakarlığa hazır olan qəhrəmanları kimsə durdura bilməz.