İlin “ən nonsens” xəbəri nominasiyası

Adam bilmir ağlasın ya da gülsün

İki gün əvvəl absurd bir ittihamla həbs olunan aprel döyüşçüsü Qadir Vəlişov bu gün azadlığa buraxılıb. Bildiyiniz kimi, yaxınları onun torpaq mübahisəsi zəminində həbs olunduğunu və həbsin sifarişli iş olduğunu söyləmişdilər. Onların dediklərinə görə, polkovnik Vəlişov yaşadığı Beyləqan rayonunda 13 hektar torpaq sahəsi və ferma üstündə yaranmış mübahisəyə görə saxlanılıb. Ona CM-nin xuliqanlıq (221.3) maddəsi ilə ittiham irəli sürülüb. Yaxınları həbsin müəmmalı olmasına inanmaqda haqlı deyildilərmi? Hansı ölkədə yaşayırıq ki, sifariş olmadan torpaq mübahisəsinə görə bir polkovnikə cinayət işi açıldığına inanaq? Belə olsaydı, ölkənin boş torpaqlarını illərdir nəsil-nəcabətinin adına özəlləşdirən Kərəm Həsənova cinayət məcəlləsinin ən ağır maddəsi ilə iş açardılar. Amma bu işə görə onu mükafatlandırıb düz PA-na gətirdilər. Deyilənə görə, özəlləşdirmə fırıldaqlarını əla bacardığına görə, xanım Əliyeva özü onu mükafatlandırıb. Torpaqların hektar-hektar necə alınıb-satıldığını, kimin adına özəlləşdirildiyini hər kəs yaxşı bilir. Şübhəsiz ki, bir döyüşçünün torpağa verdiyi dəyərlə onların verdiyi dəyər tamamilə fərqli şeylərdir. Elə döyüşçü Vəlişovun torpaq mübahisəsi zəminində həbs olunması da buna görə ironiya doğurur. Acınacaqlı olsa da, “Lələtəpə əməliyyatı”nda düşmənin əsir ala bilmədiyi polkovniki o gün özümüzünkülər əsir götürüb. Torpaq uğrunda dəfələrlə qanını axıdan döyüşçünü torpaq mübahisəsinə görə həbs ediblər, ağlamalı deyilmi?

Azərbaycan hakimiyyətinin Qarabağ qazilərinə münasibəti bəllidir. Onların hansı sıxıntılar içində yaşadığını, haqlarının necə ayaqlandığını hər kəs bilir. Yaşadığı ağır problemlərə dözməyərək, şəhərin mərkəzində özünü yandıran qazilərimizi də unutmadıq. İndi polkovnik Qadir Vəlişova göstərilən münasibət də onlardan fərqlənmir. Vəlişovun sıradan biri olmadığı belə onları qayğılandırmır. Bildiyiniz kimi, polkovnik Lələtəpənin işğaldan azad olunması əməliyyatına rəhbərlik edib. Azərbaycan bayrağını Lələtəpəyə sancan hərbçi kimi tanınıb, bu əməliyyat zamanı ağır yaralanıb. 1986-cı ildə hərbi məktəbi bitirən Vəlişov Əfqanıstan müharibəsində döyüş yolu keçib. Qarabağ müharibəsi başlayan ilk gündən Silahlı Qüvvələrin tərkibində xidmət keçib. O, 1994-cü ildə Füzuli istiqamətində ağır yaralanıb, 1 il müalicə alandan sonra yenidən xidmətə qayıdıb. 15 ilə yaxın hərbi hissə komandiri işləyən polkovnik 2016-cı il aprel döyüşlərində də Talış istiqamətində snayper atəşi və minomyot partlayışından ağır yaralanıb. 8 aydan sonra yenidən xidmətə qayıdaraq, N saylı korpusda Döyüş hazırlığı şöbəsinin rəisi olub. Vəlişov daha sonra Naxçıvanski adına Hərbi litseyə rəis müavini təyin edilib. 6 ay əvvəl Silahlı Qüvvələrdən tərxis olunub.
Dünən yazdığımız kimi, onun həbsi sosial şəbəkələrdə böyük səs-küyə səbəb olmuşdu. Yüzlərlə insan polkovnikin həbsinin təfərrüatlarına aydınlıq gətirilməsini və onun azadlığa buraxılmasını tələb etmişdi. Bu gün ailəsinin verdiyi xəbərə görə, o artıq azadlıqdadır. Yaxşı ki, gec də olsa, verilən qərarın yanlış olduğunu anladılar. Torpağın dəyərini isə heç vaxt anlayan deyillər.