Agıllı oktopus

Əliyevlər cütlüyünün kadr islahatları zamanı ortaya acınacaqlı bir fakt çıxdı. Hakimiyyət sözün həqiqi mənasında kadr qıtlığı yaşayır. Belə olmasaydı, fağır və savadlı Mikayıl Cabbarovun qolundan tutub nazirlik, nazirlik gəzdirməzdilər. Adam yüksək qərb təhsili görəndə onu profilinə uyğun olmayan bütün postlara təyin etmək olarmı? Gənc kadrınıza niyə bu qədər əziyyət verirsiniz, cənablar? İnsafən, gənc kadr da çox üzüyola biridir, hansı nazirliyə göndərirlər, etiraz etmir və işi gözəl bacarır. Son 10 ildə Cabbarovun keçdiyi karyera yoluna baxın: İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi(2009), Təhsil naziri(2013), Vergilər naziri (2017), İqtisadiyyat naziri(2019).
Cabbarovun beynəlxalq hüquq fakültəsini bitirdiyini, ABŞ-da hüquq üzrə magistr dərəcəsi aldığını, Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsi aldığını bilirik.
Əliyevlərin kadr təyinatı keçmişdə Məzahir Pənahovun seçki onbaşılarının libas dəyişib dairə-dairə dolaşmasına bənzəyib. Elə bu “karusel” siyasətinin nəticəsi idi ki, adamlar yaşlanıb 85 yaşa çatanda da kreslonu buraxıb getmək istəmirdi. Lakin indi siyasət dəyişib və Cabbarov kimi savadlı kadrlar gətirilir. Problem budur ki, yaxşı kadrlar Əliyevlərə işləmək istəmir.
Sizcə, bu qədər böyük potensialı olan ölkədə hakimiyyət niyə kadr qıtlığı yaşasın ki? Axı araşdırsanız, kənardan yüzlərlə təhsilli, yüksək dünyagörüşlü, layiqli kadr tapmaq olar. Yox, onlar bu hakimiyyətin siyasətinə uyğun gəlmir axı. Bunlara dövlət işində oğurluğu, korrupsiyanı, saxtakarlığı həyat norması kimi qəbul edən adamlar lazım. Ona görə də, zəhmət çəkib çox uzağa getməyi düşünmürlər. Özlərinə yaxın olan kadrların qohum-əqrəbasını tapıb yeni vəzifələrə təyin edirlər, məsələ bitib gedir. Yeri gəlmişkən, Prezident Administrasiyasına yeni rəhbər təyin edilmiş Samir Nuriyev də Mikayıl Cabbarovla yaxındırlar.
Hamı bilir k, Cabbarov vitse-prezident xanımın kadrıdır. Bizim də onun yüksək təhsil dərəcəsinə, zəkasına, iş bacarığına şübhəmiz yox. Cabbarovu çoxları Moskvada təşkil edilmiş “Nə? Harada? Nə zaman?” oyununda iştirak edən ilk azərbaycanlı olaraq tanıyıb. O, 2002-ci ildə də “Breyn rinq” üzrə dünya və “Nə? Harada? Nə zaman?” oyunu üzrə Azərbaycan çempionu olub. Doğrudan da, maraq və fəaliyyət istiqamətləri çoxşaxəlidir. Dövlət vəzifələrindən başqa, Azərbaycan Badminton Federasiyasının prezidenti, Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti seçilib. Amma problem ondadır ki, belə bir adamı kökləri tamamilə çürüyüb tökülməkdə olan bir sistem üçün işləməyə vadar edirlər. Ağıl və təhsil öz yerində, ancaq insan da bioloji varlıqdır axı. Lap on başı, qırx ayağı olsa belə, çürümüş sistemin içində edə biləcəyi bir şey yox. Ancaq düşüncələri orta əsrin feodal qaydalarında ilişib qalmış Əliyevlər cütlüyü bu qərb diplomu almış adamlarla istismar müddəti çoxdan bitmiş rejimin ölü hüceyrələrini diriltmək istəyir. Guya Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Agentliyini İqtisadiyyat Nazirliyinə birləşdirib, başına Mikayıl Cabbarovu nazir gətirməklə nə dəyişəcək? Yoxsa bunlar 43 yaşlı Cabbarovu səkkizayaqlı osminoq hesab edirlər və onun Yeni Zelandiyadakı Rambo osminoqu kimi möcüzələr yaradacağını gözləyirlər? Ola bilər, amma kimsə onlara xatırlatsın ki, işıq sürəti ilə dəyişən iyirminci birinci əsrdə totalitar sistemlərin inkişafla bağlı planları heç bir möcüzə yarada bilməz. Min qərb diplomlu kadr gəlsə belə, o sistem dəyişmədən yaxşılığa doğru heç nə dəyişməyəcək.
P.S. Xatırlatma üçün bildiririk ki, adını qeyd etdiyimiz Yeni Zelandiyadakı “Sea Life” adlı akvariumda yaşayan osminoq Rambonun hər kəsi çaşdıran bacarığa sahib olduğu deyilir. Ağıllı Ramboya akvariuma baxmağa gələn qonaqların fotoşəkillərini çəkməyi belə öyrədiblər. Onuna bağlı “Osminoq fotoqrafçı” adı verilən layihəyə on minlərlə fotoşəkil çəkdirmək istəyən seyrçi qoşulub.