İlham Əliyevin Moskvada emiqrasiya illəri haqda

Bilirsiniz, İlham Əliyevi Moskvaya təsadüfi tellər bağlamır. Şübhəsiz ki, burda iki totalitar sistemin yaxınlığı önəmli rol oynayır. Prezidentlik kürsüsünü varislik yolu ilə ələ keçirmiş Əliyevə Rusiya kimi bir arxa lazımdır. O, göydəndüşmə hakimiyyəti xoşluqla əldən vermək istəmir və bu məsələdə ona yardımçı ola biləcək tək dövlət Rusiyadır. O, müsahibələrində Moskva illərindən böyük həvəslə danışır və özünü tərifləməkdən də çəkinmir. “Tələbəlik illəri yaşayış yerimi dəyişərək Bakıdan Moskvaya köçməklə müşayiət olunub. Deməliyəm ki, valideynlərim məni məktəbə tez, hələ 6 yaşım tamam olmamış göndəriblər. Açıq deyəcəyəm, mənim heç pasportum da yox idi. Buna görə də mən Moskvaya ali məktəbə qəbul olunmağa arayışla gəlmişdim. Həmin illər unudulmazdır. Deməliyəm ki, institutu bitirdikdən sonra mən ölkələrdən birində SSRİ səfirliyində işə təyinat alsam da, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda qalmağa üstünlük verdim. Aspiranturaya daxil oldum, dissertasiya müdafiə etdim, bundan sonra xeyli illər orada işlədim. Yəni, mənim 15 ilim institutla əlaqədar olub… Mən institutdan getdikdən sonra, müəyyən mənada, peşəmə uyğun olmayan işlə məşğul olurdum. Amma İnstitutda qazandığım biliklər, vərdişlər, o cümlədən xarici dilləri bilməyim artıq Prezident kimi mənə çox gərəkli oldu.” İlham Əliyev 1977-ci ildə həmin instituta daxil olub və təhsilini bitirdikdən sonra özünü elmə həsr etdiyini deyir. Amma onun özünü elmə həsr etdiyini başqa təsdiqləyən bir adam yox. Keçənlərdə tələbə yoldaşı Qırğızıstanın ölkəmizdəki müvəqqəti işlər vəkili Aycigit Buranov belə, institut illərindən bəhs edərkən, Əliyevlə bağlı qeyri-adi bir fikir səsləndirməmişdi. İlham Əliyevin gəncliyi atasının Moskvadakı intriqalarla dolu siyasi fəaliyyət dövrünə təsadüf edib və o özü də bu mühitin tərbiyəsini alıb. Onun Moskva illəri ilə bağlı ortaya çıxan dosyesini kənara qoyun. O illərdə Moskva ilə əlaqələri olan hər kəs bilir ki, İlham Əliyev orda kefcil həyat sürüb. Həyatının bu paytaxt şəhərlə bağlı hissəsini əyləncəyə, qumara və alışıq olduğu bənzər oyunlara həsr edib. Özü də ifrat dərəcədə içki düşkünü olub, bu üzdən adı dəfələrlə qalmaqallı hadisələrə qarışıb.

Görünür, tarixin təkrarlanması haqqında deyilənlər doğrudur. 80-ci illərin intriqalı siyasi Moskva mühitində böyüyən Əliyev illər sonra tarixi təkrarlayanlar sırasında yer alıb. Onun yetişdiyi ailə ortamı, KQB generalı olan atasının siyasi çevrəsi, əlaqələri və dostları onun yaddaşında dərin izlər buraxmamış deyil. İlham Əliyev böyük bir şər imperiyasının generalından yalnız qaranlıq şeylər öyrənə bilərdi. Çünki ata Əliyev elə bir təhlükəsizlik sisteminin yetirməsi idi ki, orda “siyasi əxlaq” anlayışı, ümumiyyətlə, yox idi. Oğul Əliyev belə bir siyasi sistemdən başqa nə öyrənəcəkdi ki? Onu tərbiyələndirən qalmaqallı, kefcil həyat şərtləri də formalaşmasında əhəmiyyətli rol oynayıb, şübhəsiz. Və ironik olsa da, həmin sistemin yetirməsi İlham Əliyev Azərbaycanı bənzər qaydalarla yönətməkdə davam edir. Onu 16 ildir qəsb etdiyi prezidentlik postunda atası qədər zalım və intriqant hesab etmək olar. Amma gəncliyindən vərdiş etdiyi kefcil həyat şərtləri onu general atasından kəskin fərqləndirir. Onun həyatında vaxtı ilə atasının yaxın dostu olan Suriya prezidenti Hafiz Əsədin oğlu Bəşər Əsədlə paralellər var. O həmin Hafiz Əsəd idi ki, xalq etirazlarını yatırmaq üçün minlərlə insanı tankların altında əzib, hakimiyyəti oğlu Bəşərə ötürmüşdü. Şər sistemlərinin yetişdirdiyi iki qəddar siyasətçinin iki kefcil, oyunbaz oğlu. Hər ikisi şeytan yuvası Moskvanın xidmətində. Hər ikisi əbədi hakimiyyət üçün xalqın qanını içəcək qədər amansız. Bəli, İlham Əliyevi Moskvaya təsadüfi tellər bağlamır. O, haqq etmədiyi prezidentlik postunu əldə saxlamaq üçün tələb olunan bütün pislikləri orda öyrənib. Bu gün yerində möhkəm dayanmaq üçün də Moskvanın və Rusiyada yaşayan iş adamların dəstəyinə ehtiyacı var.