“Milli Şuranın sədri Cəmil Həsənliyə!

Hörmətli Cəmil müəllim, bir çoxlarından fərqli olaraq Sizi dünya miqyaslı tarixçi alim, Vətəninin xoş gələcəyini arzulayan bir Şəxs kimi tanıyıram. Əgər yanılmıramsa, bu ölkədə mənim kimliyimi, nə istədiyimi, cəmiyyətə açıqladığım fikirlərimdə nə qədər səmimi olduğumu, Azərbaycanda gəldiyim 30 ili hansısa oyunlarda iştirak edib, etməməyimi Siz əksəriyyət insanlardan yaxşı bilirsiniz. Ona görə də Sizə açıq məktubla müraciət etmək qərarına gəldim.
Cəmil müəllim, Siz çoxlarından fərqli olaraq dünyada gedən prosesləri, Ermənistanda keçirilən son seçkilərdən sonra Rusiya ilə münasibətlərinin pisləşməsinin Qarabağ probleminin həllində rolunu, bu durumun bizim üçün Qarabağ probleminin həllində son şansımız olduğunu, Ermənistanın Qərbə inteqrasiyasından sonra Qarabağ probleminin həllinin mümkünsüzlüyünü, inanıram ki, bilirsiniz. Onu da hamıdan yaxşı bilirsiniz ki, daim hakimiyyətlər olmur, elə də bu günkü hakimiyyət də geci-tezi dəyişəcək, ancaq bir daha bizim Qarabağ problemini həll etmək şansımız olmayacaq. Bu gün mənim üçün əsas problem budur.
Ən azından son 16 ildə Azərbaycanın hakimiyyət idarəçiliyində Ramiz Mehdiyev fenomeninin olduğunu, onun başçılıq etdiyi komandanın bu günkü cəmiyyətin formalaşmasında müstəsna rolunu da çoxlarından yaxşı bilirsiniz və Siz özünüz də məhz o komandanın qurbanı olmusunuz. Məhz R.Mehdiyevin 2010-cu ildə 18 saylı Nizami-Nərimanov seçki dairəsindən Milli Məclis seçkilərində çoxlarının tanımadığı, tanıyanların da heç vaxt səs verməyəcəkləri Rasim Musabəyovun Sizin üzərinizdə qələbəsini təmin etməyini də çoxları bilir. Məhz bu komanda Azərbaycanın gələcəyini düşünən beyinlərini məhv etdi, bu günkü idarəçiliyi, iyrənc seçki sistemini qurdu. Artıq R.Mehdiyev, Əli Həsənov və onların komandası hakimiyyət idarəçiliyindən kənarlaşdırılmaqdadırlar. Bu isə 9 fevral 2020-ci ildə keçiriləcək Parlament seçkilərində hansısa yeniliklərin olacağına ümid yaradır.
Cəmil müəllim, Siz tarixçi alim kimi çox gözəl bilirsiniz ki, istənilən hakimiyyət öz xalqının məhsuludur. Məhz Azərbaycan xalqının öz taleyinə biganəliyi bu günkü hakimiyyətin formalaşmasına səbəb olub. Çoxları kimi Siz də etiraz edə bilərsiniz ki, 2003-cü il Prezident seçkilərində xalqa divan tutulduğundan xalq artıq qorxur. Birincisi, 2003-cü ildə müxalifət düşərgəsinin başında dayananların oyunu olmasa heç vaxt o hadisələr baş verməyəcəkdi. Hakimiyyətin razılıq verdiyi mitinqə 1-2 gün qalmış insanları qanunsuz olaraq Azadlıq Meydanına səsləməyin, namizədin özünün isə evində gizlənməsinin nə olduğunu da bilməmiş olmazsınız.
İkincisi, xalqı inandırmaq, onu mübarizəyə səsləmək, etiraza qaldırmaq birbaşa müxalifətin borcudur. Əminəm ki, 2013-cü ildə də müxalifət xalqın əksəriyyətinin seçkilərə gəlməsini təmin edə bilsə həmin saxtakarlıqlar baş verməzdi. Bundan başqa, həmin saxtakarlığı, Sizin təmsil etdiyiniz Milli Şuranın hər dəfə təkrarladığı kimi, bu hakimiyyət təkbaşına həyata keçirməyib. Bunu bilavasitə həyata keçirən, səsləri sayan, protokolları imzalayan 125 dairənin hər birindən 9 üzv (1125 insan), 5426 seçki məntəqəsinin hər birindən 6 üzv (32.556 insan), ümumilikdə isə 33.681 insan olubdur. Bura həmin məntəqələrdən olan vəkillərin, müşahidəçilərin sayını da əlavə etsək onda təxminən 100 min nəfər alınır. Mən hələ karusellərdə, bu və ya digər formada seçki saxtakarlıqlarında iştirak edənləri demirəm. Bunları da əlavə etsəniz milyona yaxın insan edir. Bu da artıq xalqın seçib-seçilmək qabiliyyətindən xəbər verir. Bəli, mən Sizinlə razıyam ki, hakimiyyət bu sahədə heç bir iş görmür. Əlavə olaraq bildirirəm ki, görməyəcək də, çünki bu ona lazım deyil. Əksinə, onu qane edən, saxtakarlığa mane olmamaları üçün seçkilərə az insanın gəlməsidir. Demək bunu, indiki hakimiyyətin yerinə gəlmək istəyən müxalifət etməlidir. Bu 26 ildə demək olar ki, eyni şəxslər müxalifətin rəhbərliyində olublar. Əgər həqiqətən müxalifət hakimiyyətə sivil yolla, yəni seçkilər nəticəsində gəlmək istəsəydi bu 26 ildə onlarla Prezident, Milli Məclis, Bələdiyyə seçkiləri zamanı insanları maarifləndirə, özünə inandıra bilərdi. Bu gün belə bu səhnə yoxdur. Bundan isə çıxan nəticə budur. Birincisi, müxalifət seçkilər yolu ilə yox, çevriliş nəticəsində hakimiyyətə gəlmək istəyir. Bunu rəngli inqilablar dövrü müxalifətin canlanması göstərdi. Bunun isə faciə olduğunu görməmək mümkün deyil. İkincisi, müxalifət insanları maarifləndirib seçkilərin vacibliyinə inandırıb, onların seçkilərə kütləvi gəlmələrini, sonra isə səslərini qorumağı təmin edə bilməyib. Demək onda xalq bu müxalifətə inanmır və ona görə də cürbəcür bəhanələrlə seçkilərdən imtina edilir. İkinci halın mümkünlüyünü elə yaxın zamanda İstanbul bələdiyyəsinə seçkilər göstərdi. Səsvermənin nəticələrinə etiraz olaraq yüz minlər küçələrə axışdı, səslərin yenidən sayılmasını tələb etdi və istəyinə nail oldu. Təkrar seçkilərdə isə müxalifət insanları ezamiyyətlərindən, cürbəcür şəxsi işlərindən imtina edib seçkilərə gəlmələrinə inandırdı və bununla da qələbələrini təmin etdi.
Cəmil müəllim, hesab edirəm ki, Siz başqalarından fərqli olaraq tək müxalifətin gücü ilə bu günkü hakimiyyəti kənarlaşdırmağın mümkünsüz olduğunu bilirsiniz. Təsəvvür edək ki, hanısa xarici güclərin köməyi ilə bu hakimiyyəti kənarlaşdırdınız, bəs ondan sonra nə olacaq sualına necə cavab verərsiniz? Ölkədə yarana biləcək xaosu kim idarə edəcək? Milli Şura təkbaşına bütün ölkəni idarə etməyə qadirdirmi? Milli Şura hakimiyyət idarəçiliyində, təmsil olduğunuz qrupun bəzi üzvlərinin satqın damğası vurduğu, hansı müxalif qüvvə ilə əməkdaşlığa gedəcək? Yox, əgər nə vaxtsa hakimiyyətdə təmsil olunmuş Əli İnsanov kimi nüfuzlu şəxsləri də əməkdaşlığa cəlb edəcəksinizsə onlar kim olacaq? Ramiz Mehdiyev, Əli Həsənov, Eldar Mahmudov, Fazil Məmmədov və onlar kimi daha hansı şəxslər? Bundan başqa, doğrudanmı hesab edirsiniz ki, bu gün milyardları olan, həbs edəcəyinizə söz verdiyiniz hakimiyyət təmsilçiləri sakit oturub Sizin qandallarınız gözləyəcək? Bu sualları artırmaq da olar. Əminəm ki, onları Siz məndən də yaxşı bilirsiniz.
Cəmil müəllim, Milli Şura üzvlərinə başqaları kimi düşmən gözü ilə baxmıram. Onların əksəriyyətinin fədakar insanlar olduqlarını, insan hüquq və azadlıqlarının qorunmasında müsbət işlərini bilirəm. Onu da bilirəm ki, bir çoxları ədalətli cəmiyyət, qanun tələb etdiklərinə görə məhz bu hakimiyyət tərəfindən çoxlu məhrumiyyətlərə düçar olub, təqib və təzyiqlərə məruz qalıblar, bir çoxları isə həbsxana həyatı yaşayıblar. Yenə də başqaları kimi Milli Şuranı bir qrupun dərnəyi saymıram, onu da dəstəkləyən çoxsaylı insanların olduğunu bilirəm. Onu da bilirəm ki, Azərbaycana düşmən olan qüvvələr öz maraqları naminə hər dəqiqə Milli Şuranın potensialından istifadə etmək məqamını gözləyirlər. Bu gün özlərini Milli Şuraya və Azərbaycana dost kimi göstərən qüvvələrin də əksəriyyətini əsasən məhz öz mənfəətləri maraqlandırır. Özlərini Milli Şuranın, müxalifətin dəstəkçiləri kimi göstərən çoxlu “dostlar”ın məhz indiki hakimiyyətdən rüşvət almalarını elə Siz də dəfələrlə deyibsiniz. Bu gün Sizin, kökündən səhv saydığım, BOYKOT qərarı qəbul etməyinizə onların da təsiri olmalarına şübhəm yoxdur və əminəm ki, yenə istədiklərini aldıqdan sonra Sizi yarı yolda qoyacaqlar.
Cəmil müəllim, Sizdən üzr istəyirəm, çoxbilmişlik kimi qəbul etməyin, axı Siz məndən yüz dəfə yaxşı bilirsiniz ki, bu gün dünyada söz sahibi olan Böyük Britaniya, Fransa, ABŞ-a bu günkü vəziyyətə gəlmək üçün yüz illər lazım olub. Bu gün hakimiyyət islahat aparacağını deyir və bu yolda az da olsa müəyyən addımlar atılıb. Mənim üçün tək 25 ildir ki, idarəçiliyin əsas memarı olan R.Mehdiyev komandasının hakimiyyətdən uzaqlaşdırılması elə institusional islahatlara doğru atılmış addımdır. Bu gün mən də əminliklə arzuladığım bütün islahatların baş verəcəyinə inanmıram. Ancaq dəyişikliklərin olacağına əminəm. Təxminən son bir ili fəaliyyətim də hakimiyyəti islahatlara təhrik etmək, bu yolda atacaqları addımlara dəstək olmaqdır. Bu fəaliyyətimə görə hakimiyyətdən aldığım mükafat 3 dəfə məhkumluq statusu, müxalifətdən isə satqın damğası olubdur. Ancaq heç nəyə baxmayaraq tutduğum yolu davam etmək fikrindəyəm, ona görə ki, bu gün tək demokratiyanın, insan hüquq və azadlıqlarının yox, Dövlətimizin müstəqilliyinin təhlükədə olduğunu görürəm. Əminəm ki, Siz öz təcrübənizlə məndən də çoxunu görürsünüz. Bu gün ən böyük ehtiyacımız cəmiyyətdə barışın yaradılmasıdır. Bilirəm ki, çox çətindir, ancaq başqa yolumuz yoxdur.
Cəmil müəllim, Milli Şura üzvlərinin bəzilərinin “biz seçkiyə getməyin demirik, biz seçki prosesini boykot edirik” demələrinin səmimi olduğuna inanmıram. Həm də ona inanmıram ki, Milli Şura seçki ilə bağlı haqlı olaraq tələb etdikləri qanun, seçki komissiyası tərkiblərinin dəyişdirilməsi baş verəcək. Əminəm ki, buna Siz də inanmırsınız. Seçkilərdə iştirak etməyiniz üçün irəli sürdüyünüz şərtlərlə, “hakimiyyəti biz təhvil verin” fikri arasında heç bir fərq yoxdur. Ona görə də bu gün Sizə bir daha müraciət edib boykot qərarının dəyişdirilməsini, seçkilərdə aktiv iştirak edib hakimiyyəti real islahatlara getməsinə nail olmağa çağırıram. Onsuz da Milli Şuradan başqa bütün potensial müxalifət qüvvələri seçkilərə gedirlər və ona görə də bu seçkilər dünya ictimaiyyəti tərəfindən tanınacaq. Tərəddüd edənlər isə öz paylarını aldıqdan sonra həmişəki kimi susacaqlar, yaxud bu günə qədər olduğu kimi bir iki quru bəyanatla kifayətlənəcəklər. Ancaq Milli Şuranın bu gün tutduğu yol ölkədə qarşıdurmanı gücləndirəcək və bundan düşmən qüvvələr hökmən istifadə edəcəklər. Yəqin ki, 20-25 il kresloda oturub milyardlar qazananların vəzifələrindən uzaqlaşdırıldıqdan sonra sakit duracaqlarını, ölkədə qarışıqlıq olması üçün əllərindən gələcəklərini etməyəcəklərini fikirləşmirsiniz.
Ona görə də Dövlətimizin və Xalqımızın gələcəyi üçün seçkilərə getməyinizi, hər hansı qarşıdurmanın baş verməsinə yol verməməyinizi xahiş edirəm.
Cəmil müəllim, əgər mənə cavab verməyi uyğun hesab edəcəksinizsə, Sizdən xahiş edirəm “bu hakimiyyət ölkədən yüz milyardlar oğurlayıb”, “yüzlərlə insanı qanunsuz həbsdə saxlayıb”, “Landromatlar”, “Maltalar” barədə yazmayın. Bunlarını hamısını çox yaxşı bilirəm. Mən sadəcə çıxış yolu axtarıram və onu da yazdıqlarımda görürəm. Fikrimin QURAN ayəsi olduğunu da düşünmürəm. Mən də səhv edə bilərəm. Ancaq bir şeyə əmin olun, bütün fikirlərimdə səmimi və müstəqiləm. Onu da bildirim ki, bu gün Azərbaycanda müstəqil olan, yazdıqlarımla razılaşan, ancaq bəzi qaraguruhçuların qınağından qorxaraq fikirlərini açıq bildirməkdən çəkinən çoxlu sayda cəmiyyətdə aktiv olan insanlar var. Əgər seçkiyə getməməyinizin ağlabatan səbəblərini göstərsəniz, səhvimi etiraf edib, Sizdən səhv fikirlərimi cəmiyyətə bildirdiyimə görə üzr istəməyə hazıram.
Sonda onu da bildirirəm ki, Sizin cavabınızdan sonra başqalarına da müraciətim olacaq.
Hörmətlə,
Aslan İsmayılov”

Cəmil Həsənlinin FB statusu:
“Tanınmış vəkil Aslan İsmayılov fevral ayının 9-da növbədənkənar parlament seçkilərinə qatılmaq və Milli Şuranın boykot qərarından imtina etməsi çağırışı ilə mənə müraciət ünvanlayıb. Buna görə ona təşəkkür edir və çağrışın səmimi olduğuna inanıram. Aslan bəyin müraciətində irəli sürülən bəzi məsələlərə öz fikir və mülahizələrimi bildirirəm.
Hörmətli Aslan bəy! Milli Şura və haqqımızda dediyiniz xoş sözlərə görə təşəkkür edirəm. Yazdığınız kimi, bir çoxlarından fərqli olaraq Sizi də yaxşı tanıyıram və elə yaxşı tanıdığım üçün də qaldırdığınız məsələlərə münasibət bildirməyə çalışacağam.
İlk növbədə Sizin üçün “əsas problem” hesab etdiyiniz Qarabağ problemindən başlayaq. Bu məsələ ilə bağlı Sizin narahatçılığınızı başa düşürəm. Amma məsələ Sizin dediyiniz qədər də sadə deyil. Son 30 ildə “son şans”la bağlı təəssüflər olsun ki, dəfələrlə cəmiyyət aldadılıb, “qələbənin” Lələtəpənin arxasında olması barədə yanlış illüziyalar yaradılıb. Bu məsələ ilə bağlı cavabım çox qısadır. Böyük həyat və peşə təcrübəsi olan bir adam kimi özünüzü belə illüziyalara inanmağa məcbur etməyin. Bu gün Qarabağ məsələsində Ermənistanın gücü Rusiya və Qərblə hansı münasibətlərin olmasından daha çox ölkədə erməni xalqının iradəsinə dayanan bir hakimiyyətin formalaşmasındadır. Bir tərəfdə xalqın iradəsinə dayanan bir hakmiyyət, o biri dərəfdə fəaliyyətdə olan avtoritar rejim başçısının öz sərəncamı ilə öz həyat yoldaşını ölkənin birinci vitse-prezidenti təyin edən ailə hakimiyyəti. Sizcə narazı olduğumuz Qərb bunun hansına üstünlük verməlidir? Son il yarımda Qərbdə Ermənistana istiləşən münasibətdə, o cümlədən Qarabağın taleyinə təsir edə biləcək münasibətdə də bizi narahat edən məqam məhz budur. Ancaq Qarabağa münasibətdə faciə tək bu deyil, faciə həm də ondan ibarətdir ki, İlham Əliyev rejimi Qarabağın azad edilməsinə münasibətdə tək siyasi mövqeləri, güc meyarlarını, hüquqi üstünlükləri deyil, milli və mənəvi imkanları da itirib. Ölkənin müdafiə xərclərin oğurlayıb əyri, natəmiz yollarla ofşor hesablara daşımağın, Rusiya ilə silah alverindən “otqat” almağın, işğal altında olan torpaqlar hesabına varlanmağın bir adı var: Vətənə xəyanət! Əgər təcrübəli bir hüquqşünas kimi Siz buna ayrı bir ad tapsanız mən onunla razılaşaram. Və inanın ki, Rusiya və Qərbin münasibətinin necə olmasından asılı olmayaraq, ərazisi işğal altında olan bir ölkənin müdafiə xərclərin ofşor ailə hesablara daşıyan bir hakimiyyət torpaq azad etmək şansın da oğurlanan müdafiə xərclərinin arxasına əlavə edib London ofşorlarına göndərib.
Keçək ayrı dəlillərinizə. Baxışlarımızdakı mühüm fərq ondan ibarədir ki, Siz ölkəmizin bəlaların “Ramiz Mehdiyev fenomenində”, Əli Həsənov kimi təsadüfü bir adamda görür və onlar vəzifədən uzaqlaşdırılandan sonra ölkənin yaxşılığa doğru dəyişəcəyinə inanır və təbliğ edirsiniz. Mən isə belə hesab edirəm ki, bizim ölkənin hazırkı acınacalı duruma düşməsinin ən böyük səbəbi yararsız siyasi sistem və bu sistemin də başında dayanan ən təsadüfü adam İlham Əliyevin özüdür. 2020-ci ilin 9 fevralında keçiriləcək Parlament seçkilərində hansısa “yeniliklərin” olacağını da istisna etmirəm. Ola bilsin müxalifət adına bir neçə nəfərə də mandat verilsin. Lakin onu deyə bilərəm ki, yeniliklər sistem dəyişkliklərinə deyil, seçkili orqanların cəmiyyətin idarəçiliyində rolunun artırılmasına deyil, hakimiyyətin regional klan idarəçiliyindən, regional dayaqlardan monarxist ailə idarəçiliyi, ailə dayaqları üzərinə keçirilməsinə xidmət edəcəkdir. Yəni Azərbaycan cəmiyyəti yaxşı ilə pis arasında seçim etmək deyil, iki pis idarəçilikdən birinə biət etmək məcburiyyəti qarşısında qoyulur.
Aslan müəllim, mənim tarixçiliyimə etibar edib deyirsizniz ki, istənilən hakimiyyət öz xalqının məhsuludur. Əlbəttə, tarixdə buna aid bəzi nümaunələr var. Amma bu düstur öz səsi və iradəsi ilə hakimiyyətlərin formalaşdıran xalqlara aiddir. Xalq seçkidə yanıla bilər, popuist vədlər verib ölkəni uçuruma aparanlara taleyini tapşıra bilər. Bu halda həmin “hakimiyyət öz xalqının məhsulu” kimi dəyərləndirilə bilər. Öz hakimiyyətinin formalaşdırılmasından uzaqlaşdırılmış, hakimiyyətin mənbəyi olmaq hüququndan kənarlaşdırılmış, hakimiyyət yaratmaq haqqı mənimsənilmiş cəmiyyətlərdə bu düstür keçərli sayıla bilməz. İlham Əliyev hakimiyyətinin xalqa heç bir aidiyyəti yoxdur və o olsa-olsa hakmiyyətin mənimsənilməsi prosesində fəal iştirak edən Məzahir Pənahov və Əfruz xalanın məhsuldur.
İkincisi, deyirsiniz ki, “xalqı inandırmaq, onu mübarizəyə səsləmək, etiraza qaldırmaq birbaşa müxalifətin borcudur.” Və əminlik ifadə edirsiniz ki, “2013-cü ildə də müxalifət xalqın əksəriyyətinin seçkilərə gəlməsini təmin edə bilsə həmin saxtakarlıqlar baş verməzdi.” İlk öncə onu qeyd edim ki, xalqı inandırmaq, onu mübarizəyə səsləmək, etiraza qaldırmaq yalnız müxalifətin birbaş borcu deyil, eyni dərəcədə xalqın ziyalısının, vətədaş cəmiyyətinin, vətən və millət qarşısında öz məsuliyyətin dərk edən hər kəsin borcudur. Müxalifətin xalq qarşısında məsuliyyəti var, lakin “mən siyasətə qarışmıram deyib” yaxasını kənara çəkmək, hər şeydə “müxalifət hara baxır” ritorikasına aludə olmaq da insafdan deyil. “2013-cü ildə də müxalifət xalqın əksəriyyətinin seçkilərə gəlməsini təmin edə bilsə həmin saxtakarlıqlar baş verməzdi” fikrniz cəlbedici səslənsə də, rellıqdan çox uzaqdır. İnciməyin, ya ölkədə yaranmış vəziyyəti yaxşı bilmirsiniz, ya da baş verənlərdən yalnış nəticələr çıxarırsınız. 2013-ün problemləri çoxdur. Bir hüquqşünas kimi yaxşı bilirsiniz ki, qanunun geriyə qüvvəsi yoxdur və İlham Əliyev üçüncü dəfə seçkiyə qatıla bilməzdi. O, hətta mənim məhkəməyə müraciət etməyimə baxmayaraq özünün və himayəsində olan ailə üzvlərinin gəlirəri, əmlakı, pul vəsaitləri haqqında sənədləri MSK vasitəsi ilə xalqa açıqlamaqdan imtina etdi. Bunları qoyaq bir yana. Əliyevlər onlara sərf etməyən kvorumu ləğv etməklə seçkilərin xalqın iradəsinə dayanması faktını aradan qaldırıblar. Bu baxımdan 2013-cü ilin seçki aktivliyi son illərin ən yüksək aktivliyi oldu ki, bu da təxminən 20-22 faiz arasında idi. Birinci əgər seçkinin nəticəsi seçkidən bir gün əvvəl yayılırsa və CNN kimi informasiya nəhngi bunu məzhəkə proqramında Həzrəti İsanın zühurundan da böyük möcüzə adlanırırsa və adamlar öz əməlindən utanıb-qızarmırsa buna seçicinin az və ya çox gəlməsinin nə əhəmiyyəti var. İkincisi, Azərbaycan hökumətinin özünün dəvət etdiyi Avropa məkanında seçki müşahidəsinə yeganə mandatı olan ATƏT DTİHB-in seçkilərin 58 faiz saxtalaşdırıldığın bəyan etdikdən sonra gizlin inaqurasiya keçirib prezident kabinitini tərk etməməyin adı nədir?Sizin səsləri sayan, protokolları imzalayan, müşahidəçilik edənlərin həndəsi silsilə ilə sayını 100 minə qaldırdığınız və seçki prosesinə xalq məzmunu vermək istədiyiniz proses isə kök altında İlham Əliyevdən ibarət birə bərabərdir. Azərbaycanda seçicinin səsverməyə gəlməməsi seçki maaridçiliyinin aşağı olması ilə deyil, Əliyev rejiminin seçki institutunu məhv etməsi, vətəndaşın seçkiyə olan inamını dəfn etməsi ilə bağlıdır. Ona görə də “demək onda xalq bu müxalifətə inanmır və ona görə də cürbəcür bəhanələrlə seçkilərdən imtina edilir” fikriniz də yanlışdır, əslində xalq müxalifətə yox, seçkiyə inanmır. Bax, bu inamı öldürüb cənab Əliyev. 2005-ci ilin seçkilərindən sonra 60-a yaxın dairədə qələbə çalmış müxalifət namizədlərindən 40-a yaxını öz qələbələrin Avropa İnsan Haqları Məhkəməsinin qərarları ilə sübuta yetirdilər.
İncimə, İstanbul bələdiyə seçkilərindən nümunə gətirib onu Azərbaycan seçkiləri müqayisə etmək,qüsurludur, özü də çox qüsurludur. Mən namizəd olanda çıxışlarımı bəyənən gənclərin cibinə narkotika atıb həbs etmişdilr. Son illər Türkiyə demokratiya sahəsində bir sıra mühüm dəyərləri itirsə də, demokratiyanın təməl prinsipi olan seçki demokratiyası qalmaqdadır və seçkidə iştirak edən edən siyasi qüvvələrin az əvvəl sadaladın mərkəzi, dairə, məntəqə komissiyalarına etimadı var. Avtoritar və qeyri avtoritar olmasından asılı olmayaraq Türkiyədə hakimiyyət xalq tərəfindən formalaşır, xalqın iradəsinə dayanır. Nümunə kimi göstərdiyin o, vətəndaş ona görə ezamiyyətin yarımçıq qoyub səsverməyə gəlir ki, bilir onun səsinin dəyəri var. Onun əvəzinə heç kim o səsdən istifadə edə bilməz, onun səsin saxtalaşdıra bilməz.
Aslan bəy deyirsiniz ki, mən başqalarından fərqli olaraq tək müxalifətin gücü ilə bu günkü hakimiyyəti kənarlaşdırmağın mümkünsüz olduğunu bilirəm. Və sual edirsiniz ki, “han(s)ısa xarici güclərin köməyi ilə bu hakimiyyəti kənarlaşdırdınız, bəs ondan sonra nə olacaq sualına necə cavab verərsiniz?” Bax, burada yanılırsınız. Məni az-çox tanıyan birisi kimi belə bir fikirdə olmağından təəssüf edirəm. Əgər İlham Əliyev ölkənin maraqların qurban vermək və digər natəmiz üsullarla öz hakimiyyətinin ömrünü uzadırsa bu o demək deyildir ki, onun hakimiyyətdən uzaqlaşdırılması hansısa xarici dövlətin koməkliyi ilə olmalıdır. El arasında belə bir söz var: uzaq yerin halvasın hoza ilə döyərlər. Dəfələrlə demişik və bir daha təkrar edirik ki, biz xalqımızın gözün xarici “köməkdən”, xarici “yardımdan” çəkməliyik. “Azərbaycana düşmən olan qüvvələr öz maraqları naminə hər dəqiqə Milli Şuranın potensialından istifadə etmək məqamını gözləyirlər” kimi ibarələr fəaliyyətimizə, məqsəd və məramımıza ziddir. O potensialın hədəfi Azərbaycan xalqıdır, sərgilədiyimiz siyasətin hədəfi millətimizin haqqı və hüququdur. Kiminsə hakimiyyətə gəlməsi və kiminsə hakimiyyətdən kənarlaşdırılması Azərbaycan xalqının müstəsna hüququdur. Bu hüququ xalq seçki vasitəsi ilə də həyata keçirə bilər (azad və qismən azad ölkələrdə olduğu kimi), konstitusiyanın və ölkənin qoşulduğu beynəlxalq konvensiya və öhdəlikləri yerinə yetirməklə, kütləvi ümumxalq etirazları ilə də (avtoritar, totolitar və kleptokratik ölkələrdə olduğu kimi). Yeri gəlmişkən hadisələr bir daha göstərdi ki, xalqın azad iradəsinə, səsinə, doğru dürüst seçkisinə dayanmayan avtoritar rejimlər belə dəyişikliklərdən sığortalanmayıblar. Hər iki halda siyasi dəyişikliklər müxalifətin gücü ilə deyil, xalqın əzmi və iradəsi ilə həyata keçirilir. Öz-özlüyündə müxalifətin gücü belə siyasi dəyişikliklər üçün yalnız Azərbaycanda yox, heç yerdə yetərli olmur, onu yetərli edən xalqın iradəsinin ortada olması edir.
Bizim boykot qərarına gəldikdə isə Aslan müəllim Sizi və sizin kimi düşünənləri tam əmin edirəm ki, bizim boykot qərarı qəbul etməmizdə, heç bir xarici qüvvənin zərrə qədər belə rolu və təsiri yoxdur və biz hər hansı xarici qüvvənin təsiri ilə yola çıxmırıq ki, kimlərsə bizi yarıyolda qoysun.
Aslan bəy seçkilərdə iştirak etməyimiz üçün irəli sürdüyünüz şərtlərlə, “hakimiyyəti biz təhvil verin” fikri arasında heç bir fərq olmadığına gəldikdə, inanın ki, biz bu fikirdən uzağıq. Biz hakimiyyətin heç kəsdən qəsb edilməsinin tərəfdarı deyilik, biz qəsb edilmiş hakimiyyətin xalqa qaytarılmasının tərəfdarıyıq. Xalq öz idarəçiliyin kimə etibar edəcək, bu onun müstəsna hüququdur. Təkliflərimizin məna və mahiyyəti də bunu özündə ehtiva edir. Yəni, biz Milli Şura olaraq odu öz qabağımıza çəkmək və əllərimizi həmin odda isindirmək düşüncəsindən kifayət qədər uzaq adamlarıq.
Aslan müəllim mən də bilirəm ki, bu gün dünyada söz sahibi olan Böyük Britaniya, Fransa, ABŞ-a bu günkü vəziyyətə gəlmək üçün yüz illər lazım olub. Amma ictimai inkişaf qızılca xəstəliyi deyil ki, hamı ona tutulmağa məhkum olsun. Qeyd etdiyiniz ölkələrlə aramızdakı fərqin böyük bir hissəsin babalarımız adladılr. Çağdaş bir cümhuriyyət qurdular. Canların ona görə fəda etmədilər ki, 100 sonra İlham Əliyev onların qurduğu dövlətdə öz həyat yoldaşını ölkənin birinci-vitse prezidenti təyin etməklə cümhuriyyət dəyərlərin ələ salıb ailə idarəçiliyi yaratsın, onların ruhun təhqir etsin. Bəşəriyyətin nailiyyətlərindən istifadə etməliyik, dünya ilə ayaqlaşmalıyıq. Böyük Britaniya, Fransa, ABŞ-a bu günkü vəziyyətə gəlmək üçün yüz illər lazım olubsa, bu o demək deyil ki, hələ yüz ildə Əliyevlər Azərbaycan xalqına zülm etməli, onu inkişafdan saxlamalı, öz fedol düşüncəsinin əsirinə çevirməlidir.
Seçkidə iştirak hər bir siyasi qurum üçün vacibdir. Amma hansı seçkidə? Nəticəsi başlanğıcda bəlli olan olan seçkidə iştirak özünü aldatmaqdır. Nə 2013-cü ilin, nə də ondan əvvəlki illərin seçki mühiti, seçki şəraiti, seçki qanunvericiliyi, nə parlamentin əvvəlki məhdud hüquqları, nə deputatın əvvəlki müti hüquqları belə mövcud deyildir. Mən 2015-ci ilin parlament seçkisindən 22 gün əvvəl seçiləcək 125 deputatın siyahısını mətbuatda dərc etmişdim. 121 nəfəri təsdiqini tapdı. Budur seçki? 2010-cu ilin sentyabr ayında Bayraq meydanı açılanda parlamentin fəaliyyətdə olan deputatları deyil, 40 gün sonra seçiləcək deputatlar tədbirə dəvət edilmişdi.
Aslan bəy barış yüksək bir mənəvi keyfiyyətdir. Eyni zamanda ikitərəfli prosesdir. Bir tərəfin başqa tərəfi alçaltması hesabına əldə edilən “barış”, barış yox müstəbidlikdir. Digər tərəfdən isə ölkənin müdafiə xərclərin oğurlayanlar, büdcə talançıları, silah müamiləsindən “otqat” alanlar, öz xalqı ilə əsir kimi davrananlar, seçki adına səs oğurlayanlar, öz vətəndaşını saxta ittihamla həbs edib xaricilərlə alver predmetinə çevirinlərlə barışmaq Roma hüququndan bəri zalimin zülmünə şərik olmaq kimi qiymətləndirilir.
Keçmiş seçkilərə münasibətdə mən o fikirdə deyiləm ki, biz hər şeyi düz etmişik, səhvlərimiz olmayıb, amma səhvlərimizdən nəticə çıxarmaq haqqımız da var və həmişə səhv etməyə məhkum deylik. Eyni zamanda bizim iştirak etməmək qərarımız hansısa ölkənin bu parlament seçkilərini legitim hesab etib etməməsi ilə qətiyyən bağlı deyil. Həmin legitimliyin siyasi tərəfi ilə ilə yanaşı bir mənəvi tərəfi də var ki, xalqı həmişə aldatmaq olmaz. İlham Əliyev də daxil olmaqla bax, diktatorlar bunu anlamaq istəmirlər.”