“Zakir Qaralov qanunu bilərəkdən təhrif edir”

«Bir nəfərin cürəti çatıb prezidentə deməz ki, müstəqil komissiya prokurorluğun nəzdində ola bilməz»

Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevin vəkili Adil Ismayılov bugünlərdə qəzetimizə verdiyi müsahibədə maraqlı bir məqama toxunmuşdu. O, E.Abdullayevin qardaşı Mahir Abdullayevin itkin düşməsilə bağlı yaradılan Müstəqil  Istintaq Komissiyasının ünvanına ittiham və iradlar səsləndirmişdi. A.Ismayılov bildirmişdi ki, E.Abdullayev prezidentə müraciət edərək qardaşının işilə bağlı müstəqil komissiyanın yaradılmasını istəyib. Bir müddət sonra komissiya yaradılıb.
Amma onun tərkibi nə E.Abdullayevi qane edib, nə də A.Ismayılovu: “Hesab edirdim ki, o komissiyada Elşad Abdullayevi təmsil edən şəxslər, konkret olaraq mən, qardaşı və ya hüquq-mühafizə orqanlarında çalışan digər yaxını da ola bilər. Təsəvvür edirdik ki, belə bir komissiya ya prezidentin sərəncamı, ya da parlamentin qərarıyla yaradılacaq. Oktyabrın əvvəlində məni Respublika Prokurorluğuna çağırdılar və Müstəqil Istintaq-Əməliyyat Komissiyası yaradıldığını elan etdilər. Əvvəla, qanunvericilikdə ”müstəqil istintaq-əməliyyat komissiyası? anlayışı yoxdur. Ikincisi, yaradılan komissiyanın tərkibi Daxili Işlər, Milli Təhlükəsizlik nazirlikləri və prokurorluq əməkdaşlarından ibarətdirsə, bunun nəyi müstəqil oldu? Soruşdum ki, bu komissiyaya kim nəzarət edəcək? Dedilər ki, baş prokuror özü. Əgər Elşad Abdullayev həm də prokurorluğun işindən narazıdırsa, bu nə dərəcədə doğrudur? Bu qərarı oxuyandan sonra məndə belə bir qənaət yarandı ki, çox güman, prezident müstəqil komissiya yaradılması haqda göstəriş verib və bunun necə formalaşdırılacağı barədə ona heç nə deyilməyib. Deməyiblər ki, müstəqildirsə, ona baş prokuror nəzarət eləyə bilməz. Beləcə, həm prezidentin göstərişinə əməl olunub, həm də guya, özü-özlüyündə vəziyyətdən çıxış yolu tapıblar”.
A.Ismayılovun iradları ilə bağlı Baş Prokurorluğun da  mövqeyini öyrənmək üçün qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovla əlaqə saxladıq. Bir neçə dəfə zəng etməyimizə baxmayaraq, E.Sultanov telefona cavab vermədi.

Vəkil Aslan Ismayılovsa həmkarının iradlarının tamamilə haqlı sayır: “Adını Müstəqil Istintaq Komissiyası qoyurlar, amma istintaqçılar da, rəhbər də prokurorluq işçiləridir. Adil müəllim düz deyir, Cinayət Prossesual Məcəllədə həqiqətən də belə anlayış yoxdur. Bu, ictimaiyyəti aldatmağa hesablanmış addımdır. Orada bir nəfərin cürəti çatıb prezidentə deməz ki, müstəqil komissiya prokurorluğun nəzdində ola bilməz. Müstəqil istintaq komissiyası onu yaradanlardan başqa heç kimə tabe olmur. Müstəqil Istintaq Komissiyası adlandırılan həmin qurumun tərkibində Baş prokurora tabe olan müstəntiqlər, daxili işlər və milli təhlükəsizlik nazirliklərinə tabe olan əməliyyatçılar təmsil olunur. Onlar da heç vaxt müstəqil ola bilməzlər. Rəhbərlərinin bu günə qədər yol verdiyi qanunsuzluqları təkrarlayacaqlar. Müstəqil istintaq komissiyası yaratmaq istəyirlərsə, bunun iki yolu var. Ya prezident öz sərəncamı ilə bunu yaradar və orada yalnız prezidentə tabe olan və ona hesabat verən şəxslər təmsil olunur. Yaxud prezidentin təklifi ilə bunu Milli Məclis yaradır. Hesabat da ancaq parlamentə verilir. Zakir Qaralovun yaratdığı və özünün ad qoyduğu komissiya onun qanunlara münasibətinin göstəricisicir. Ya qanuna hörmət etmir, ya da onu bilərəkdən təhrif edir”.