Ramal İsrafilov: «Aləm gözəl» mahnısını yazıb Anar Məmmədova hədiyyə etmişəm
Bir neçə gündür mətbuatda əsas müzakirəyə səbəb olan “Aləm gözəl” mahnısı ətrafında son nöqtəni nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov qoyub. “Qafqazinfo”nun məlumatına görə, Anar Məmmədov “Facebook” səhifəsində sözügedən mahnı ilə bağlı fikirlərini bölüşüb: “Son zamanlar mətbuatda ”Aləm gözəl” mahnısı ətrafında yaranmış müzakirələr ilə əlaqədar olaraq mövqeyimi açıqlamaq istəyirəm. Qeyd olunan mahnının müəllifi mənəm və mahnını öz “facebook” səhifəmdə bölüşürəm”.
Maraqlıdır ki, bəzi müğənnilər mahnının bəstəkarının müğənni Ramal Israfilov olduğunu iddia edirlər.ÿ”Kaspi” qəzeti R.Israfilovla əlaqə saxlayaraq ondan məsələyə aydınlıq gətirməsini istəyib. R.Israfilov isə hələlik bu barədə danışmaq istəmədiyini deyib: “Bir-iki problem var. Yalnız onlar həll olunandan sonra efirə çıxıb rahat danışacam. 60-a yaxın mahnım var. Müğənnilər illərdən bəridir oxuyurlar. Hələ də yazıram. Indi mən o qədər ucuz oldum ki, bir mahnıya görə söhbətdən qaçam? Məni sevən, mənə pərəstiş edən, mahnılarımı əzbərdən bilən insanlar məsələnin nə yerdə olduğunu yaxşı bilirlər. Amma hələ susuram”.ÿ
Müğənni-bəstəkar “Aləm gözəl” mahnısının sözlərinin də, musiqisinin də ona məxsus olduğunu deyib: “Mahnının mətnində Leyla Əmirli bir-iki sözdə dəyişiklik edib. Ancaq bu o demək deyil ki, mahnının sözlərini Leyla yazıb. Iş ondadır ki, indi mahnının sözlərini də danırlar, öz adlarına çıxırlar”.ÿ
R.Israfilovun dediyinə görə, sözügedən mahnı 2010-cu ildə Anar Məmmədova həsr olunub: “Anar mənim dostumdur. Bu mahnını ilk dəfə onun nişanında oxudum. Sonra Anarla mənim arama girdilər, dostluğumuza bir az mane oldular. Bununla da bu mahnıya qarşı münasibət dəyişməyə başladı. Əslində isə mən bu mahnını yazıb Anar Məmmədova hədiyyə etmişəm”.ÿ
R.Israfilovun sözlərinə görə, “Aləm gözəl”in ilk ifaçısı da özü olub: “Məndən sonra mahnını Könül Kərimova oxuyub. Onun oxumasını da özüm istəmişəm. Könüldən sonra isə Abbas Bağırov məndən mahnını icazəsini istədi. O aralar mən Abbasla küsülü idim. Qrupdan çıxdığım üçün aramız soyuq idi. O mahnını məndən icazəsiz oxudu, mənə zərbə vurmaq üçün ifa etdi. Amma bu, mənə zərbə deyildi. Əslində mən Abbasın mahnını oxumasına sevinirəm. Amma mahnının müəllifinin kimliyini danırlar. Gah onun üstünə, gah bunun üstünə atırlar. Amma mən susuram. Çünki göydə Allah var, haqqı yemək olmaz. Yazıq mahnını o günə saldılar ki. Ana övladını dünyaya gətirdikdən sonra bəzən onu kiməsə verir. Uşaq böyüyəndən sonra yenə anasını tapır. Inanıram ki, bu mahnı da belə olacaq. Mən ürəyimdə bilirəm ki, bu mahnı mənimdir. Anarın da musiqi haqqında anlayışı var. Tar çalmağı bacarır. Musiqi təhsili yoxdur, amma anası Konservatoriyada musiqidən dərs deyib. Anar Məmmədov da tar sinfində oxuyub”.
Müğənni Abbas Bağırov isə “Aləm gözəl”inmahnının xeyir-duasını Anar Məmmədovdan aldığını deyir: “Müəllif mahnının mənim ifamda səslənməsini istəyib. Mənim Anar Məmmədova böyük hörmətim var. Müəllif gələcəkdə mahnını başqalarının da oxumasını istəsə, onlar da oxuyacaq”. A.Bağırovun “Aləm gözəl” klipində də mahnının müəllifi A.Məmmədov göstərilib. Müğənni K.Kərimovanın ifasında səslənən versiyada isə bəstənin R.Israfilova, mətnin L.Əmirliyə məxsus olduğu göstərilib.
A.Məmmədovun vəkili Ruslan Məmmədov mətbuata açıqlamasında məsələ ilə bağlı yaxın günlərdə, dəlil-sübutlarla çıxış edəcəklərini bildirib. Vəkilin sözlərinə görə, mahnının sözləri də, musiqisi də Anar Məmmədova məxsusdur: “Əgər kiminsə sübutu varsa ki, Anar müəllimdən öncə bunu yazıb, sübutu gətirsin ortaya. Biz bundan qorxmuruq”.