Bölünmüş Azərbaycan işğalçı rejim buxovunda II

Azərbaycanda ölkəmizi ruslarla farsların bölməsi ilə bağlı yanlış baxış geniş yayılıb. Bu yanlış baxışın başqa yanlışlar doğurmaması üçün ölkəmizin bölünməsi ilə bağlı gerçəyi bilməyimiz yalnız keçmişimizi bilmək baxımından deyil, eləcə də bugünkü, gələcək MILLI STRATEGIYA baxımından olduqca önəmlidir. “Rus-fars” yanlış baxışı bizdə daha çox B.Vahabzadənin “Gülüstan” poemasından sonra geniş yayılıb. Bəlli bir çağda bu poema bütövlük düşüncəsinin geniş yayılması baxımından çox böyük iş görüb. Ancaq indi biz başqa çağlarda yaşayırıq. Başqa bir yandan, bədii əsər gərəkləri ilə siyasi gərəklər bir deyil. Bədii əsər daha çox emosionallıq-obrazlılıq kimi gərəklərlə üstünlük qazanırsa, siyasətdə üstünlük daha çox faktlara bağlılıqla, faktlardan yararlanmaq bacarığı ilə qazanılır. 
Şair ölkəmizin bölünməsi acısını daha da gücləndirməklə yurddaşlarda bölənlərə antipatiyanı artırmaq üçün belə priyoma əl atır: “Biri ”baran” dedi, biri “xər” dedi”. Bu, çox effektli tapıntıdır, ancaq bədii əsər üçün keçərli olsa da, siyasi baxımdan keçərli deyil – fakt olmadığı üçün.
Min ildən bəri Iranın başında türklər durduğundan, o çağlar üçün “xər” sözündən danışmağa dəyməzdi. Rusların bizə “baran” deməyinə gəlincə, bu da çox-çox sönranın sözü idi. O çağlar Iranın başında Fətəli şah Qacar dururdu. Ayrıca olaraq Azərbaycana başçılığı o, oğlanlarının ən bacarıqlısı, çağına görə üstün intellekti ilə seçilən, üstəlik, vəliəhd olaraq tanınan Abbas Mirzəyə tapşırmışdı. Rusiyadakı, Avropadakı reformist gəlişmələri izləyən, öyrənən Abbas Mirzə Azərbaycanda reformalara başlamış, başlıca olaraq komandanı olduğu Azərbaycan ordusunda Fransadan, Ingiltərədən gətirdiyi uzmanların yardımı ilə yeni ordu quruculuğuna girişmişdi (Bütünlüklə girişdiyi, tezliklə başa çatdırmağa çalışdığı ordu-dövlət reformaları yolunda Abbas Mirzə iki böyük əngəllə üzləşmişdi: gerilikçi, hər cür yeniliyə yağı ağalıq adamlarının, din xadimlərinin fitnə-fəsadları ilə).
Sonralar Qafqazın yiyəsi sayılan general A.P.Yermolovun çar I Aleksandra uyarısı Azərbaycanın Abbas Mirzə komandanlığındakı durumuna ən gözəl, bugünümzə belə, örnək olacaq tutarqadır: “Padşahın ikinci oğlu Abbas Mirzə Ingiltərinin yardımı ilə uğurlu reformalar gerçəkləşdirməkdədir. Yüksək orqanizasionlu birliklər oluşdurub. Böyük tezliklə gəlişən üstün topxanası var. Təbrizdə bir dəmirəritmə özəyi yaradıb. Ayrıca bir yaraq ürətim özəyi də çalışmaqdadır. Savaş qalaları Avropa modelinə uyğun qurulmaqdadır… Reformalar sürməkdədir. Belə getsə, yaxın gələcəkdə Qacar dövləti Avropa ordularına bənzər ordu yaradacaq”. Yermolov reformalar sonucu olaraq Qacarlar dövlətinin güclənəcəyindən qorxuya düşərək, çarı tezliklə bu dövlətə qarşı yürüşə başlamağa çağırır. Beləliklə, Rusiya ilə Azərbaycan arasında çoxillik böyük savaş başlamışdı.
Rusiya ilə Azərbaycan arasında! Bu, faktdır. Vuruşan Abbas Mirzənin yaratdığı Azərbaycan ordusu, bu orduya arxa duran, yardımçı olan yalnız Azərbaycan xalqı idi. Rusiya ilə çoxillik savaşlarda minlərlə Azərbaycan oğlu Azərbaycan uğrunda igidliklə, dönməzcəsinə vuruşub canından keçdi. Bu ordunun Abbas Mirzə kimi öndə gedən, başda duran, dönə-dönə savaş meydanından yaralı çıxarılan yenilməz komandanı vardı! Ancaq bir güc o birindən qat-qat üstün idi. I Pyotr reformalarının sonucu olaraq Rusiya Avropanın ən güclü dövlətinə, Rusiya ordusu dünyanın ən güclü ordusuna çevrilmişdi. Bu ordu 600 minlik Napoleon ordusunu darmadağın etmişdi. Fakta baxın: on ildən artıq Qafqazda savaş aparan rus ordusu yalnız Napoleon ordularını yenəndən sonra (oktyabr, 1812-ci il) Azərbaycan ordusuna üstün gələ bilmişdi (oktyabr, 1813-cü il). Ingiltərə ilə Azərbaycanın maraqlarının üst-üstə düşməyi bizə uğur qazandıran faktorlardan idi…