Britaniya qəzeti Azərbaycan rəhbərini sərt epitetlərlə tənqid etdi
«The Independent»: «Qəddar rəhbərin olduğu Azərbaycana şahzadənin maraq göstərməsi qəbuledilməzdir»
Böyük Britaniya şahzadəsi, York hersoqu Endryunun ölkəsinin Azərbaycandakı səfiri Piter Beytmanı Bukkinqem sarayında qəbul etməsi və onunla müzakirələr aparması yerli medianın əsas xəbərlərindən birinə çevrilib. Britaniyanın müxtəlif qəzet və media quruluşları şahzadəni “insan haqları və söz azadlığının pozulmasına görə tənqid olunan Ilham Əliyevlə” yaxın münasibətlərini davam etdirməsi səbəbilə sərt tənqid edib. Qeyd olunur ki, şahzadə ilə səfirin görüşünün detalları açıqlanmasa da, “qəddar rəhbərin olduğu Azərbaycana” şəxsi maraq göstərmək qəbuledilməzdir.
Britaniyanın aparıcı qəzetlərindən biri olan “The Independent” də şahzadə Endryunun səfir Piter Beytmanla Bukkinqem sarayında görüşməsi xəbərinə yer ayırıb və dolaşan iddiaları şərh edib. Qəzet yazır ki, şəxsi təyyarəsilə etdiyi səfərlərə xərclənən pullara, mənfi obrazlı liderlərlə münasibətlərinə görə tənqid hədəfinə çevrilən şahzadə, York hersoqu Endryu Britaniyanın Ticarət və Investisiya nümayəndəsi vəzifəsindən getməyə məcbur olub. Şahzadə Britaniya hökuməti üçün də ciddi problemə çevrilmişdi. Bütün bunlara baxmayaraq, baş verənlərdən 1 ildən çox müddət keçəndən sonra hersoq dünyanın ən qəddar və korrupsiyalaşmış idarəçilərindən biri, yaxın dostluq etdiyi Ilham Əliyevin rəhbəri olduğu Azərbaycanla maraqlanmağa başlayıb. Ehtimal olunur ki, o, səfirdən Azərbaycanda baş verənlər barədə məlumat alıb və bundan sonra da ölkədə yaşananlarla bağlı məlumatlandırılmasını istəyib.
Qəzet daha sonra yazır ki, şahzadə ilə diplomatın söhbətinin detalları ictimaiyyətə açıqlanmayacaq. Bukkinqem sarayının sözçüsü də açıqlama verərək, hersoqun Britaniyanın biznes rəsmisi vəzifəsini daşımadığını, elmi-texniki yeniliklərlə maraqlandığını deyib.
Azərbaycandakı rejimi tənqid edənlər şahzadə ilə səfirin görüşü zamanı biznes söhbətlərinin də getdiyini ehtimal edirlər. “The Independent” qəzetinə açıqlama verən “Amnesty International”ın Azərbaycan üzrə eksperti Nataliya Nozadzenin sözlərinə görə, təşkilat ümid edir ki, şahzadə Endryu ticarət üzrə rəsmi vəzifəsindən getdiyi üçün səfirdən Azərbaycanda insan haqlarının ciddi şəkildə pozulması hallarına diqqət ayırmasını istəyə bilərdi. O, əlavə edib ki, Azərbaycanda polislərin xüsusi qəddarlığı ilə kütləvi etiraz aksiyalarının qarşısı alınır, bloqçu və jurnalistlərə qarşı senzuradan istifadə olunur, hökuməti tənqid edən jurnalistlər döyülür və həbsə atılır.
Britaniya mediasının öndə gedən qəzetlərindən biri kimi tanınan “The Independent” məqalənin sonunda xatırladır ki, Şahzadə Endryu ötən 5 il ərzində Əliyevlə 8 dəfə görüşüb: “Bu səfərlərin altısı rəsmi olub. Iki səfər isə şəxsi görüş kimi baş tutub. Şahzadə Endryu Liviyanın öldürülmüş diktatoru Müəmmər Qəzzafi ilə yaxın münasibətlərdə olub, Tunisin keçmiş rəhbəri Zeynal Abidin Bin Əlini Bukkinqem sarayında qəbul edib və bu görüşlər də tənqid olunub. Onun şəxsi təyyarəsilə Azərbaycana bir səfəri vergi ödəyicilərinə 60 min funta başa gəlib. Xəbərlərə görə, hersoqun Azərbaycanda sahibkar dostları var. Lakin Bukkinqem sarayı bu iddiaları rədd edir”.
Məlum məqalədən başqa “The Independent” qəzeti şahzadənin səfiri kral sarayında qəbul etməsi və Azərbaycanla maraqlanmasıyla bağlı özünün redaksiya qeydini yayıb. Qeyddə bildirilir ki, Azərbaycanın olduqca pis imicli prezidenti Ilham Əliyevin neft iqtisadiyyatını təcəssüm etdirməsi bəlkə də başadüşüləndir. Ölkənin təbii ehtiyatlardan gələn külli miqdarda pullarını rejim özünün gələcəyi üçün xərcləməyi qarşısına məqsəd qoyub. Beynəlxalq biznes strukturlarına, Qərbin PR şirkətlərinə insan haqlarının pozulmasına, repressiyalara görə formalaşmış mənfi imicin dəyişdirilməsi üçün pullar xərclənir. Şahzadə Endryunun bu işlərdə iştirak və kömək etmək istəyi başadüşülən deyil, hətta bağışlanmazdır.
Informasiya şöbəsi