Rusiyadan dünyaya Suriya şantajı

“Əsəd hakimiyyətdən getsə daha çox qan axacaq”

Suriyada vəziyyət gərgin olaraq qalır. Hökumət qüvvələri ilə üsyançılar arasında döyüşlər ötən gün də davam edib. Suriyanın Türkiyə ilə sərhəddinə yaxınlıqda yerləşən Sarakib qəsəbəsində gedən döyüşlərdə Bəşər Əsədin əsgərləri və üsyançılar arasında qarşıdurma olub. 28 əsgərin və 5 üsyançının öldüyü bildirilir. Ölən müxaliflər arasında “Azad Suriya Ordusu”nun komandirlərindən biri Abi əl Fadanın da olduğu deyilir. Məlumat müxtəlif mənbələr tərəfindən yayılsa da, rəsmən təsdiqlənməyib.

Müxaliflər İran hakimiyyətinin Bəşər Əsəd rejiminə hərbi dəstək verdiyinə dair növbəti məlumat yayıb. Üsyançı zabitlərdən biri Əbu Həmman bildirib ki, İrandan gətirilən muzdlu əsgərlər müxaliflərə qarşı vuruşur və onlar arasında mahir atıcılar var. Həmman Tehran rejiminin Bəşər Əsəd verdiyi dəstəyi dayandırması üçün Suriya müxalifətinin İran hakimiyyətinə məktub ünvanladığını da deyib.

Bəşər Əsəd rejiminə dəstək verən ölkələrdən digəri Rusiya ənənəsinə sadiq qalaraq Suriyada hakimiyyətin dəyişdirilməsinə qarşı çıxan bəyanat verib. Xarici işlər naziri Sergey Lavrovun sözlərinə görə, Suriyadakı rejim devrilsə, bu ölkədə daha çox qan axacaq. Nazir növbəti dəfə bəyan edib ki, Bəşər Əsədin hakimiyyətdən getməsi Suriyadakı problemlərin həllinə müsbət təsir göstərməyəcək. Lavrov açıqlamasında Qərb ölkələrinə söz atmağı da unutmayıb:“Qərb dövlətlərinin Bəşər Əsədin devrilməsi ilə bağlı tələbləri xəyaldır”.