“Artıq bir qrup nüfuzunu itirmiş hüquq müdafiəçisinə inam qalmayıb. Monitorinq üçün bizə mandat verməlidir”
“Siyasi məhbuslarsız Azərbaycan” İctimai Alyansının üzvləri müsavatçı məhbus Nigar Yaqublu ilə görüşmək istəyirlər. Məlumatı “Media forum” saytına keçmiş vicdan məhbusu Elşən Həsənov verib.
Elşən Həsənov bildirib ki, alyans görüşə icazə üçün ədliyyə naziri Fikrət Məmmədova və Penitensiar Xidmətin rəisi Mədət Quliyevə müraciət edəcək: “Məktub hazırlanır, yaxın günlərdə göndərəcəyik. Güman edirik ki, müraciətimizə müsbət cavab veriləcək. Artıq Azərbaycanda bir qrup nüfuzunu itirmiş hüquq müdafiəçisinə inam qalmayıb. Bu hüquq müdafiəçilərinin həyata keçirdiyi monitorinqlərin nəticələri cəmiyyətdə inamla qarşılanmır. Əgər Ədliyyə Nazirliyi, nazirliyin Penitensiar Xidməti ictimaiyyətlə şəffaf münasibət qurmaq istəyirsə, müvəqqəti saxlanma təcridxanalarındakı, həbsxanalardakı vəziyyət haqda cəmiyyətdə formalaşmış rəyi dəyişmək istəyirsə, keçmiş vicdan məhbuslarının yaratdığı “Siyasi məhbuslarsız Azərbaycan” İctimai Alyansının üzvlərinə monitorinq aparmaq üçün xüsusi mandat verməlidir”.
“Siyasi məhbuslarsız Azərbaycan” İctimai Alyansını sabiq vicdan məhbusları Arif Hacılı, Sahib Kərimov, Oqtay Gülalıyev, Tural Abbaslı, Zülfüqar Eyvazlı, Elşən Həsənov, Əhəd Məmmədli, Rüfət Hacıbəyli, Məhəmməd Məcidli, Elnur Məcidli, Babək Həsənov və başqaları yaradıb.
Nigar Yaqublu Müsavat Gənclər Təşkilatının sədr müavini, partiya Məclisinin üzvüdür. O, sentyabrın 11-də tutulub. Həbs müsavatçı Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzasının istintaqı ilə bağlıdır. Qəza avqustun 25-də Bakıda baş verib. Aydın Acalovun maşını Ağcabədi rayon sakini Sadiq Xəlilovun idarə etdiyi “KAMAZ” markalı avtomaşınla toqquşub. İstintaq iddia edir ki, Aydın Acalovun avtomobilini Nigar Yaqublu idarə edib və qəza onun təqsiri üzündən baş verib.