Məhbus ailələri hüquq müdafiəçilərini ittiham etdi

“Səid Dadaşbəylinin dəstəsi”nin Müdafiə Komitəsi bəyanat yaydı

Bir gün əvvəl Avropa Şurasının (AŞ) Bakıdakı nümayəndəliyində Hüquq Müdafiəçilərinin Monitorinq Qrupunun üzvləri Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlının AŞ baş katibinin müavini Qabriela Battaini-Draqonini və AŞ-nin siyasi məsələlər üzrə direktoru Aleksandr Qussellə görüşdə səsləndirdikləri fikirlər bir sıra məhbus ailələri tərəfindən narazılıqla qarşılanıb. Bu narazılıq “Səid Dadaşbəylinin dəstəsi”nin Müdafiə Komitəsinin yaydığı bəyanatda öz əksini tapıb.
Müdafiə Komitəsi bəyan edib ki, “Səid Dadaşbəyli və onun dəstəsi” adlanan 10 siyasi məhbus 10 dekabr 2007-ci il tarixində Bakı ağır cinayətlər üzrə məhkəməsə tərəfindən Cinayət Məcəlləsinin  218.1,  278, 274 və s. maddələri ilə ittiham edərək 7 ildən 14 ilə qədər azadlıqdan məhrum ediblər. Ancaq hökmdə konkret ittiham maddələri üzrə CM və CPM-nın qanununa müvafiq olaraq nəzərdə tutulmuş cinayətin konkret halları və əməlləri əks olunmur. Beləliklə, məhkəmənin bu cür yanaşması qanuna müvafiq olaraq hüquqi xüsusiyyət daşımır. Məhkəmənin hökmü BMT-nin 16.12.1996-cı il tarixli vətəndaş və ya siyasi hüquqları haqqında maddəsinə də ziddir: “Təəssüf ki, Azərbaycanın insan hüquqlarını müdafiə edən bir sıra təşkilatları gənclərin istintaq və məhkəmələrdə üzləşdiyi özbaşınalıqlara gec reaksiya verdilər. Hətta Hüquq Müdafiəçilərinin Monitorinq Qrupunu təmsil edən xanım hüquq müdafiəçiləri mətbuatın 5 ildən çox işıqlandırdığı qanunsuzluqlara verdiyi reaksiya baş verənlərə adekvat deyildi. Konkret olaraq, hüquq müdafiəçisi Səidə Qocamanlı yerli mətbuatda və beynəlxalq təşkilatların üzvləri ilə görüşdə “Səid Dadaşbəyli və onun dəstəsi” adı altında həbs olunanları siyasi məhbus kimi qəbul etmədiklərini gizlətmirdi. Novella Cəfəroğlunun mövqeyi isə qeyri-müəyyəndir, o, bizlərlə görüşdə övladlarımızın günahsız olduğu üçün azad edilməsini, hətta onlara vicdan  məhbusu statusunun verilməsinin vacibliyini söyləsə də, həmkarı Səidə Qocamanlının fikirlərinə heç bir reaksiya vermirdi. Biz hələ də Səidə Qocamanlının bu mövqeyinin hansı məqsədə xidmət etdiyini və kimin siyasi sifarişini yerinə yetirdiyini bilmirik. O cümlədən Novella Cəfəroğlunun bu məsələ ilə bağlı qeyri-müəyyən münasibəti anlaşılmazdır. Təsəvvür edin ki, N.Cəfəroğlunun AŞ baş katibinin müavini Qabriela Battaini-Draqonini və AŞ-nin siyasi məsələlər üzrə direktoru Aleksandr Qussellə görüşdə söylədikləri ilə “Bizim Yol” qəzetinə açıqlaması arasında fərq ortalıqdadır. Bu baxımdan adlarını xatırlatdığımız hüquq müdafiəçilərinin hansı məqsəd güddükləri və kimin siyasi sifariş yerinə yetirdikləri şübhəli sualları meydana çıxır. Ona görə ki, AŞ PA-nin Azərbaycan üzrə həm məruzəçisi Kristofer Ştrasser 5 ildir həbsdə olan 10-dan çox gənci siyasi məhbus kimi tanıdıqlarını bildirib və onların adını tərtib etdiyi siyahıya daxil etsə də, azərbaycanlı hüquq müdafiəçilərinin mövqeyi anlaşılmazdır”.
Komitənin bəyanatında daha sonra bildirilir ki, Səidə Qocamanlını tanıdıqları son 4 ildə bu insan Səid Dadaşbəylinin işinə kömək etmək əvəzinə, ildə 3-4 dəfə yalançı uydurma çıxışları ilə zərbə vurmaqdan başqa bir iş görməyib: “Ondan ötən 4 ildə “yenidən məhkəmə keçirilməlidir” açıqlamasından başqa heç nə eşitmədik. Artıq bu cinayət işi ilə bağlı şikayət Avropa Məhkəməsinə göndərilibsə, Səidə Qocamanlının israrla söylədiyi hansı yerli məhkəmədən söhbət gedə bilər? Biz Səid Dadaşbəylinin müdafiə komitəsi bir-iki ay bundan əvvəl Novella Cəfəroğlu ilə görüşdük. Onların Səid Dadaşbəyli ilə əlaqədar olan  yazılarına qarşı öz narazılığımızı bildirdik. Novella xanım dedi ki, siz nə istəyirsiniz? İstəyirsinizsə siyasi məhbus siyahısında qalsınlar, mən narazı deyiləm, məsələ ondadır ki, siyasi məhbus siyahısında olan insanlar uzun müddət məhbus olurlar.  Onda biz bildirdik ki, bu gənclər qatil, terrorist deyil, heç bir partiyanın üzvü də olmayıb, bunlara nə ad vermək olar? Novella xanım gənclərin vicdan məhbusu olduğunu və aldıqları ittihamın bu statusa cavab verdiyini dedi. Beləliklə, Novella xanım və digər 10-15 nəfər hüquq müdafiəçilərin imzası ilə vicdan məhbusu statusu alınması üçün məktub hazırlandı və Beynəlxalq Amnistiya Təşkilatına göndərildi. Biz bir daha Monitorinq Qrupunun  hər bir nümayəndəsinə müraciət edirik ki, bizim övladlarımızın taleyi ilə oynamasınlar, Allahdan qorxsunlar”.