Frensis Rikkardione:“Onlar hamıdan çox kürdlərin həyatını məhv edirlər”
ABŞ-ın Ankarakı səfiri Frensis Rikkardione PKK terror təşkilatının Türkiyədəki kürd vətəndaşlarının bərabərlik və qürurunu qorumaq adına hər hansı iş görmədiyini, əksinə onlara ciddi zərbələr vurduğunu deyib. “Hurriyət” qəzetinə açıqlama verən diplomat bildirib ki, ABŞ PKK terrorunun bitməsinin lazım olduğunu düşünür. Bu məqsədlə Türkiyə hökumətiylə diplomatik, hüquqi və kəşfiyyat sahəsində yaxın əməkdaşlıq edir. Rikkardione ABŞ-ın PKK-nı dəstəklədiyinə dair iddiaları da əsassız adlandırıb.
Səfir deyib ki, rəsmi Vaşinqton ABŞ qanunvericiliyinə uyğun olaraq PKK-nı terror təşkilatı kimi tanıyır. Kürdlər də daxil olmaqla, Türkiyənin bütün vətəndaşlarının insan hüquqlarını dəstəkləyir. Frensis Rikkardione əlavə edib ki, məqsəd nə olursa olsun ABŞ terroru və zorakılığa qarşıdır:“PKK-nın Türkiyədəki kürd vətəndaşların bərabərlik və qürurunu qorumaq üçün hansısa iş gördüyünün şahidi deyilik. Əksinə PKK hər kəsdən çox kürlərin həyatını məhv edir, onları öldürür”.
Diplomat açıqlamasında ABŞ-Türkiyə münasibətlərinə də toxunub. Onun sözlərinə görə, iki ölkə arasında sıx əməkdaşlıq ənənələri mövcuddur:“Türkiyə bizim dostumuz və müttəfiqimizdir. Türkiyə dünyada demokratiyanı gücləndirmək üçün çalışdığı müddətdə biz də onlara PKK ilə mübarizədə dəstək olmağa davam edəcəyik”