Cinayətə bərabər səhvi təkrarlamayın!

Aslan İsmayılov

Sosial şəbəkədə təsadüfən Zaur Qurbanlı ilə Bəxtiyar Hacıyevin polemikalarına nəzər saldım. Tanışlığım təsadüfi olsa da, gənclərin bir-birini ittiham etməsini təsadüfi saymıram. Bu artıq Azərbaycan reallığıdır. Məhz bu cür qarşılıqlı ittihamlar Azərbaycanı bu günə salıb.
Dəfələrlə səsləndirdiyim bir neçə suala cavab tapa bilmirəm. Bu ölkədə Vətənə, millətə məhəbbət nümunəsi olub, satqın, qorxaq, xəyanətkar və s. damğası vurulmayan birisi varmı? Azərbaycandakı qədər Vətən xaini olan başqa diyar olarmı? Niyə bizlər bir-birimizə qarşı bu cür amansızıq? Bəlkə elə bu sualların cavabıdır düşdüyümüz vəziyyət? Bəlkə elə budur Qarabağ məğlubiyyətinin səbəbləri?
Gördüyüm bir şey var – biz bir-birimizə damğa vurmaqla məşğuluq, hakimiyyət isə bizləri alçatmaqla və aralarında mal-mülkə görə ölüm-dirim mübarizəsi aparmaqla. Bəlkə bəsdir?! Bəlkə müxalifət, vətəndaş cəmiyyətinin fəalları elə müxalifət qəzetlərində bir-birinə qarşı yönəltdiyi mübarizəni ölkədə olan biabırçılığa, ən azı, çoxlarının davamını seriallar kimi gözlədiyi, Azərbaycan adlı Dövlətin süqut yolunu təsdiqləyən, Elşad Abdullayevin videotekasına yönəldə?!
Bugünkü qarşılıqlı ittihamlar ancaq ölkəni talayanlara sərf edir. Necə deyərlər dərə xəlvət, tülkü bəy. Bir anlıq bu mənzərəyə nəzər yetirəndə, boz kardinalların sevincini təsəvvür edirəm. 1988-ci il Xalq Hərəkatında olan liderlərin bir-birinə nifrətini yəqin ki, gənc fəallar tam bilmirlər. Sağ qalanlarda o nifrət bu gün də davam edir. Hakimiyyət təmsilçiləri barədə heç demirəm, çünki onların öz aralarında olan gizli qırğının sonda hara aparacağını özləri hələlik dərk etmirlər.
Ayaz Mütəllibovun “Bizim yol” qəzetinə verdiyi müsahibəni oxuduqca bizlərin bir-birimizə və sonda Vətənə olan pislikləri daim gözümdə canlanır. Bir anlıq özümə vurulan damğalar yadıma düşdü. 1989-cu ildə Azərbaycana gəldiyim ilk günlərdən Respublika Prokurorluğunda məni mitinqlərə getdiyimə görə heç vaxt qərargahında olmadığım “cəbhəçi” adlandırıb, gözümçıxdıya saldılar. 1993-cü il Gəncə qiyamında Milli Məclisdə qiyamçıların əleyhinə çıxdığıma görə “heydərçi” adlandırdılar. Daim əleyhinə çıxış etdiyim, 1999-cu ildə ABŞ-da qərib azərbaycanlı kimi Rəsul Quliyevlə görüşdükdən sonra “rəsulçu” oldum. 2003-2005-ci illərdə Kəmaləddin Heydərovu tənqid etdikdə, “Fərhad Əliyev pul verib”, Fərhad Əliyevi tənqid etdikdə “Kəmaləddin Heydərov pul verib”, Əli Insanovu tənqid etdikdə “Ramiz Mehdiyev pul verib” dedilər. 2005-ci ildə Ilham Əliyevlə görüşdən sonra parlament seçkilərində “Azadlıq” blokundan olanlar “artıq mandat cibindədir”, – deyə düşündülər.
Məqsədim diqqəti özümə çəkmək deyil, sadəcə mənim vəziyyətimdə çoxlarının olduğunu və bu tendensiyanın bu gün artıq gənc nəslə keçdiyini vurğulamaqdır.
Yaşlı nəsil bu yolla həm özünü, həm də Vətəni məhv etdi. Siz gənclər, bu yolla getməyin, bu, cinayətə bərabər səhvi təkrarlamayın. Paxıllıq, qısqanclıq, bəzən isə hakimiyyətə hərislik bu günə qədər heç kimi xoşbəxt etməyib, əksinə, hamını bədbəxt edib. Bəli, bədbəxt edib, çünki, bu hisslərlə yaşayanlar heç vaxt xoşbəxt ola bilməzlər. Bu barədə ən azı, Azərbaycanda olan bolluca materialdan istifadə edərək, həqiqətən alim olmaq zənnimcə çətin olmaz.
Mənim üçün Emin Milli, Adnan Hacızadə, Bəxtiyar Hacıyev, Zaur Qurbanlı, Nigar Yaqublu və adını çəkmədiyim çoxlu sayda gənclər qürur mənbəyidir. Bir-birinizi sevin, bir-birinizin uğurunuza sevinin, bir-birinizi qoruyun! Yalnız bu yolla hər biriniz uğurlu şəxs ola və Vətəninizin inkişafında nailiyyət qazana bilərsiniz!